Məhkəmə qərarları › İş №2(103)-6435/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6435/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6435/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması və əlavə xərc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair 2(007)- 1588/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh 23 avqust 2014-cü il tarixində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 30 dekabr 2015-ci il təvəllüdlü X9 doğulmuşdur.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında 23 avqust 2014-cü il tarixində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 30 dekabr 2015-ci il təvəllüdlü X6 anası X3 yanında saxlanılması, Cavabdeh X6 yetkinlik yaşına yatanadək saxlanılması üçün 19 fevral 2018-ci il tarixindən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir.

3. X9 22 fevral 2017-ci il tarixindən Milli Hemotologiya və X1 bölməsində “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatındadır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 manat məbləğində müəyyən edilməsini, habelə uşağın müalicəsi üçün əlavə xərclərdə iştirak qaydasında 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir .

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün yetərli deyil. Bundan əlavə, X9 “Alfa talassemiya” xəstəliyindən əziyyət çəkdiyindən, onun müalicəsi üçün çəkilən xərclərdə cavabdehin də iştirakı zəruridir.

6. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, aliment təyin olunması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra ötən müddət ərzində onun ailə və maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik baş verməmiş, əksinə xərcləri artmışdır. Bundan əlavə, uşağın talassemiya xəstəliyindən əziyyət çəkməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh 30 dekabr 2015-ci il tarixdə doğulmuş X7 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Qumru Əliyeva)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 01 yanvar 2022ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edildiyindən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Bundan əlavə, uşaq talassemiya xəstəsi olduğundan, cavabdeh uşağın saxlanılması üçün əlavə xərclərə cəlb edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 81.2, 81.3, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehin apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verdiyi yazılı etirazın məzmununa uyğundur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə.

Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddia tələbinin rədd olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur. 18.Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X10 xx.xx.2020-ci il tarixli tibbi arayışından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 2017-ci il tarixdən Talessemiya Mərkəzində “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatdadır, mütəmadi müayinə və müalicə olunur. xx.xx.2022-ci ildə Talesemiya Mərkəzində müayinədə olmuşdur. Apellyasiya icraatı zamanı Respublika Talasimiya Mərkəzinə edilən sorğunun cavab məktubundan da görünür ki, X9 xx.xx.2017-ci il tarixdən Talessemiya Mərkəzində “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatdadır, mütəmadi müayinə və müalicə olunur. xx.xx.2022-ci ildə Talesemiya Mərkəzində laborator müayinələrdən keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını 193 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, uşağın saxlanılması üçün 2018-ci ildə hər ay 154 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 4 ildən çox müddət keçmiş, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. İddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkdiyindən, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə təmin etmişdir. Bundan əlavə azyaşlı X2 Mərkəzində “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatdadır, tibb müəssisələrində müayinə və müalicə olunmuş, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödədiyinə, cavabdeh isə buna görə iddiaçıya maddi kömək göstərmədiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin əlavə xərcə dair hissəsini də qismən təmin etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. (193- 154=39x12=468, 60x12=720, 468+720=1188 manat) Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2022 saylı mülki iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar