Məhkəmə qərarları › İş №2(103)-6438/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6438/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6438/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh" Ticarət Mərkəzınə qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Zeymurovıç və İddiaçı2 cavabdeh "Cavabdeh" Ticarət Mərkəzınə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 2009-cu ildən 2019-cu ilin noyabr ayına kimi hər ay icarə haqqı ödəməklə istifadələrində olan dükanlarının yenidən istifadələrinə qaytarılmasını və ya əldən çıxmış dükanlarına görə onlara ümumilikdə dəymiş 53000 manat ziyan, vəkil xərci olaraq ödədikləri 220 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 53250 manat pulun iş üzrə cavabdeh "Cavabdeh" Ticarət Mərkəzindən alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, 2009-cu ildən 2019-cu ilin noyabr ayına kimi hər ay icarə haqqı ödəməklə istifadədə olan dükanın yenidən istifadəyə qaytarılmasını və ya əldən çıxmış dükanına görə onlara ümumilikdə dəymiş 53000 (əlli üç min manat) ziyan, vəkil xərci olaraq ödədiyi 220 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 53250 manat pulun iş üzrə Cavabdeh ticarət mərkəzindən alınaraq iş üzrə iddiaçılara, yəni - İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinadən qeyd edilmişdir ki, onlar, yəni yuxarıda adı gedən iddiaçılar 2008-ci ildə Cavabdeh Ticarət Mərkəzinin müdiriyyəti kimi tanıdığı Araz adlı şəxslə danışaraq ondan Cavabdeh ticarət mərkəzində icarə müqaviləsi əsasında işlətmək üçün obyekt istədilər. O, da bizdən 8000 (səkkiz min manat) pul istədi. Əvəzində isə Cavabdeh ticarət mərkəzindən kənarda, yəni küçədə yer göstərərək orada öz hesablarına dükan tikib sonrada icarə müqaviləsi ilə işləyə biləcəklərini bildirdi. Onlar işsiz olduqları üçün deyilən şərtlə razılaşdılar. Müdiriyyətə 8000 manat pul verdilər. O da onlara Cavabdeh ticarət mərkəzinin yaxınlığında bir yerdə 20 kv/m ərazidə dükan tikməyə icazə verdi. Həmin vaxt onlar müdiriyyətin onlara verdiyi 20 kv/m yerdə öz vəsaiti hesabına dükan tikdilər. Ümumilikdə dükanın tikintisinə, təmirinə və reklamına 20000 (iyirmi min) manat pul xərclədilər. Bir müddət sonra müdiriyyət dükanın Cavabdeh ticarət mərkəzinin görüntüsünü korladığını bildirərək onlara “dükanı daha səliqəli şəkildə inşa etməyi təklif etdi”. Məcburiyyət qarşısında yenidən tikintiyə o şərtlə razılaşdılar ki, müdiriyyət onlara əlavə olaraq da 20 kv/m yer versin. O da razılaşdı. Müdiriyyətlə qarşılıqlı razılaşma əsasında 40 kv/m ərazidə dükan tikdilər. Bu dəfə də dükanın tikintisinə 25000 min manat pul xərclədilər. Nəhayət obyekti gül dükanı kimi işlətməyə başladılar. 2009-cii ilin yanvar ayından başlayaraq 2011-ci ilin dekabr ayına kimi hər ay 1000 manat icarə haqqı ödəməklə dükanı işlətmişlər. 2012-ci ilin yanvarından 2016-ci ilin dekabr ayına kimi isə hər ay 800 manat icarə haqqı ilə dükanı işlətmişlər. 2017-ci ilin yanvar ayından yenidən müdiriyyətlə danışıq apararaq bildirdilər ki, alver olduqca zəifdir. Müdiriyyətlə qarşılıqlı razılaşma əsasında 2017-ci ildən icarə haqqını hər ay üçün 500 manata endirdilər. 2017-ci ildən 2019-cu ilin noyabr ayına kimi dükanı 500 manat icarə haqqı ilə işlətmişlər. Yeni müdiriyyət təxminən oktyabr, noyabr aylarında gəlib. Nəhayət 2019-ci ilin noyabr ayından özünü Cavabdeh ticarət mərkəzinin müdiriyyəti kimi qələmə verən şəxs onlara bildirdi ki, dükan söküləcək. Əvəzinə isə yerində yeniləri və daha müasir formalı obyektlər tikiləcək və obyektin yerində onlara yeni obyekt veriləcəkdir. Onlar ilk başlarda bununla razılaşmaq istəməsə də müdiriyyətin fikrinə hörmətlə yanaşmalı oldular. Hal-hazırda dükanlar tikilib, lakin müdiriyyət onu onlara vermək istəmir. Verdiyi halda isə onlardan hər aya 8000 min manat icarə haqqı tələb edəcəyini bildirmişdir. Bu da onlar üçün olduqca çətindir. Göründüyü kimi əvvəlki müdiriyyətə ilkin olaraq 8000 min manat pul verərək Cavabdeh Ticarət mərkəzinin kənarında dükan tikib icarə haqqı ilə işlətmişlər. 20 kv/m olmuş ilkin dükanın tikintisinə 20000 manat, ikinci dəfə isə 40 kv/m dükanın tikintisinə 25000 manat pul xərcləmişlər. 2009-cu ildən 2019-cu ilin noyabr ayına kimi hər ay icarə haqqından əlavə dükanın bütün xərclərini qarşılamışlar. Eyni zamanda sözügedən dükanda işləməklə ailəyə çörək pulu qazanmışlar. Onlar dükanı tikəndə də çörək pulu əldə etmək məqsədi ilə etmişlər. Bu onların ailəsinin ömürlük çörək pulu yeri olacaqdır. Məhz bu səbəbdən bu qədər xərc çəkmişdik. İndi isə dükanın əllərindən alınması onları həm maddi, həm də mənəvi ziyana salmışdır. Ona görə də yeni müdiriyyətdən dükanı yenidən istifadəsinə qaytarmasını və ya əldən çıxmış dükanına görə bu günə kimi onlara dəymiş 53000 manat ziyanın onlara ödənilməsi tələbi iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etdilər. Bakı şəhər Nizami Rayon məhkəməsində iddia ərizəsi əsasız hesab olunaraq təmin olunmadı. Onlar sözügedən müəssisədə 2009-cu ilin yanvar ayından 2019-cu ilin noyabr ayına kimi (yeni müdriyyət gələnə kimi) icarə hüququ əsasında işləmişdir. Sözügedən müəssisədə işləyən bütün şəxslər icarə haqqını həmişə nağd şəkildə hər ayın sonunda həmin müəssisədə icarə haqqını yığan şəxsə verirdilər. O da onlardan icarə haqqı kimi qəbul etdiyi pula görə onlara heç vaxt qəbz vermirdi. İddiaçılardan biri olan o, yəni - İddiaçı1 iş üzrə cavabdeh olan idarədə fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Fiziki şəxs kimi qeydiyyatda olduğu barədə VÖEN-i hakimə təqdim etmişdir. Üstəlik də onların, yəni, iş üzrə iddiaçıların iş üzrə cavabdeh idarədə işlədikləri həmin müəssisədə işləyən adamlar da təsdiq edirlər. Üstəlik də işlətdikləri dükanın şəkli bu gün də onlardadır. Digər tərəfdən də onların dükanı Cavabdeh ticarət mərkəzinə bitişik tikilmişdi. Yəni, birinci mərtəbədə yerləşirdi. İndi isə onlara zirzəmi qatından yer təklif olunur. Gül dükanı həmişə ön hissədə olur, nəinki zirzəmidə. Kim fikirləşər ki, gül ticarət mərkəzinin zirzəmisində satıla bilər. Axı əvvəldən onlara dükanın yerində dükan verilməsi vəd olunmuşdu. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı2 və cavabdeh "Cavabdeh" Ticarət Mərkəzinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası MM-in 21, 324, 385-388, 700, 1091, 1092; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya əsassız olduğundan ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Qeyd edilməlidir ki, "Cavabdeh" Ticarət Mərkəzi adlı hüquqi şəxsin (qurumun) hüquqi cəhətdən mövcudluğu və qeyd edilən (və ya digər şəxslərlə) iddiaçıların aidiyyəti müqavilə münasibətlərinə dair sübutlar müəyyən edilməmişdir. İzah edilməlidir ki, iddiaçıların qeyd etdiklərinin sübuta malik olduğu təqdirdə adı çəkilən şəxslərin əməllərində cinayət tərkibinin tədqiq edilməsi üçün cinayət təqibi orqanına müraciət etmək hüquqları mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar