Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-644/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə Ləğv prosesindəki “xxxxxxxxx” ASC-nin ləğvedicisi olan X1 Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin (bank) ləğvedicisi X2 Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik 25 % (iyirmi beş) faiz hesablanmaqla 3500 manat məbləğində kredit verildiyini, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq Cavabdeh1 zamin durduğunu, ötən müddət ərzində cavabdehlərin öhdəliklərini lazımınca yerinə yetirmədiklərini və nəticədə banka xx xxxx 2019-cu il tarixinə 2504 manat əsas, 1043,95 manat faiz, 1559,88 manat cərimə borcunun yarandığını, borcun ödənilməsi barədə dəfələrlə cavabdehlərə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını irəli sürmüş, buna görə də cavabdehlərdən müştərək qaydada həmin borc məbləğlərinin, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 486,88 manat faiz borcunun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətində mülki qanunvericiliyin öhdəlik hüququ ilə bağlı bir sıra müddəlarına istinad etməklə, birinci instansiya məhkəməsinin əsassız olaraq iddia müddətinin ötürülmüş olması nəticəsinə gəldiyini, Cavabdeh2 tərəfindən banka sonuncu dəfə xx.xx.2016-cı il tarixdə ödəniş edildiyini və beləliklə də iddia müddətinin axımının həmin tarixdən hesablanmalı olduğunu nəzərə almadığını irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış apellyator nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən Cavabdeh1 isə şikayətin əsassız olduğunu və bankın iddia müddətini ötürdüyünü bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, “xxxxxxxxx” ASC-nin “Şərq” filialı (bank) ilə Cavabdeh2 (borcalan) arasında xx xxxxxxx 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana 18 ay müddətinə illik 25 faiz ödəməsi şərtilə 3500 manat məbləğində kredit verilmiş, eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları işin müəyyən olunmuş halları hesab etsə də, iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülmüş olması qənaəti ilə iddia tələbinin təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddia müddətinin ötürülmüş olması barədə gəlinən qənaət əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir, 371.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 380-ci maddəsinə görə isə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi qanunverici, iddia müddətlərini iddia tələbinin əsasında dayanan hüquq münasibətinin xarakterinə görə fərqləndirmiş, müqavilə tələbləri üzrə iddia müddəti üç il nəzərdə tutulmuş, həmçinin iddia müddətinin axımının hansı hallarda kəsildiyi müəyyən edilmişdir. Bu baxımdan, bankın iddia tələbinə iddia müddətinin və məhz hansı müddətin tətbiq edilib-edilməməsi məsələsinə onunla cavabdehlər arasında yaranmış münasibətin qanunvericilikdə nəzərdə tutulmuş qanuni əsası kontekstində qiymət verilməli, eləcə də müddətin axımının kəsilməsinə əsas verən halların mövcud olub-olmadığı təsbit olunmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin yuxarıda qeyd olunan müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı bankla cavabdehlər arasında müqavilə(lər)dən irəli gələn hüquq münasibətləri yaranmışdır və iddia tələblərinə müddətin tətbiqi də məhz bu münasibətlər kontekstində nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz”. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinə üç illik iddia müddətinin tətbiq edilməsi qənaətində haqlı olsa da, onun iddia müddətini ötürmüş olması barədə nəticəyə işin hallarına düzgün qiymət verməməsi səbəbindən gəlmiş, beləliklə də maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından xx.xx.2013-cü il tarixindən etibarən həmin kredit müqaviləsi üzrə yaranmış borc hesabına müxtəlif tarixlərdə (2013-2016-cı illər ərzində) ödənişlər həyata keçirildiyi, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 100 manat ödəniş olunduğu aydın olur; bu isə o deməkdir ki, iddiaçı bank xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə əsas borcluya – yəni Cavabdeh2 münasibətdə iddia müddətini ötürməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Bununla belə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Cavabdeh2 yalnız kredit müqaviləsinin qüvvədə olma müddəti üçün hesablanmış müqavilə faizi tutula bilər. İddia tələblərinin əsaslandırıldığı hallardan aydın olur ki,cavabdehdən tələb olunan borc məbləğləri xx xxxx 2019-cu il tarixədək olan dövr üçün hesablanmışdır; halbuki, işə apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertizanın rəyi əsasında müəyyən olunmuşdur ki, xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilə müddətinin başa çatdığı xx.xx.2015-ci il tarixinə 2506,26 manat əsas, 146,98 manat faiz borcu olmuş, müqavilə müddətinin başa çatmasından sonrakı dövrdə isə o cəmi 750 manat ödəniş həyata keçirmişdir. Buna görə də (xüsusilə, qətnamənin icrası zamanı yarana biləcək anlaşmazlığın qarşısını almaq məqsədilə) kollegiya hesab edir ki, xx.xx.2015-ci il tarixinə hesablanmış 146,98 manat faiz borcu Cavabdeh2 sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni faiz borcu xx.xx.2015-ci il tarixindən sonra ödənilən 750 manatın müvafiq hissəsi hesabına ödənilmiş hesab olunmalı) və buna uyğun olaraq faiz borcu sıfırlanmalı (750 – 146,98), 750 manatın qalan hissəsi isə əsas borcdan çıxılaraq cavabdehdən 1903,24 manat əsas kredit borcu tutulmalıdır (2506,26 – 603,02 = 1903,24). Kollegiya iddia tələbinin “cavabdehdən 1559,88 manat cərimə borcunun tutulması” hissəsini də qismən əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 tutulmalı dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiya iddiaçının, “kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 486,88 manat faiz borcunun tutulması” tələbini də əsaslı hesab edir; belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cu il tarixli qərarında qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur....Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Yuxarıda təsvir olunan mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor, bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə bilərdi. Bununla belə, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının müvafiq tələbi ağlabatan mühakimə əsasında qəbulediləndir; çünkü iddiaçı bankın həmin pul vəsaitlərini yenidən kredit verməklə, illik ən azı uçot dərəcəsi ilə gəlir (fayda) əldə etmək imkanı olmuşdur. Bununla yanaşı kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməkdə haqlı olmuş, lakin ona qarşı yönəlmiş tələbə də iddia müddətini tətbiq etməklə əsaslandırmada səhvə yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Bu konteksdə kollegiya iddia tələbini Cavabdeh1 münasibətdə aşağıda göstərilənlərə görə əsassız hesab edir: Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin 4.2-ci bəndində göstərilmişdir ki, həmin müqavilə borcalanın öhdəlikləri tam yetirilənədək qüvvədədir. Kollegiya hesab edir ki, zaminlik müqaviləsinin 4.2-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. “Zaminlik müqaviləsi borclu tərəfindən bütün öhdəliklər yerinə yetirilənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1la bağlanılmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsində tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti 18 ay müddətində, yəni xx.xx.2015-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, bank zamin Cavabdeh1 qarşı 22.04ş2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddia tələbləri Cavabdeh1na münasibətdə təmin oluna bilməz. Kollegiya həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin olunmuş hissəsinə mütənasib şəkildə bölüşdürülməli, iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat Cavabdeh2 alınıb banka verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesindəki “xxxxxxxxx” ASC-nin ləğvedicisi olan X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4473/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 1903,24 (min doqquz yüz üç manat 24 qəpik) manat əsas kredit borcu, 100 (yüz) manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 486,88 (dörd yüz səksən altı manat 88 qəpik) manat faiz borcu, iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun və bank xidməti xərcinin əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat olmaqla cəmi 2535,92 (iki min beş yüz otuz beş manat 92 qəpik) manat Ləğv prosesindəki “xxxxxxxxx” ASC-ninxeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-644/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-644/2020
20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver