Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6445/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh istifadə və sahibliyindədir.
2. Cavabdeh ilə İddiaçı İB arasında təbii qazdan istifadə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə AKX-01732xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.
3. Həmin müqavilədə istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur: 4 gözlü qaz plitəsi (PQ-4) və Samovar.
4. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0003 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır.
5. İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 569 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 159,80 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 275,20 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 146,60 manat; xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 1530 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 436,32 manat məbləğində, yəni cəmi 4196,92 manat məbləğində dəyimiş zərər hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) X1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 3991,60 manat məbləğində zərərin və 59,92 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4008,76 manat pulun tutulub İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixində AKX-01732xx/xx-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehin evinə İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0003 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X4 6.5-ci bəndinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 569 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 159,80 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 275,20 manat; xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 146,60 manat; xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 1530 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat; xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 436,32 manat, cəmi 4196,92 manat maddi zərərin dəyimiş olduğu müəyyən edilmişdir. Cavabdeh 569 manat zərərdən 205,32 manat ödəniş etmişdir və beləliklə onun İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 3991,60 manat təşkil etməkdədir.
8. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
9. Birinci instansiya məhkəməsinin 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş aktlar üzrə yaranmış 637,28 manat məbləğində zərərin və 59,92 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
10.1. Cavabdeh məhkəmənin üç çağırışına gəlmədiyinə, iddiaya etiraz etmədiyinə, iddia tələbinin təkzib edilməsinə dair sübutlar təqdim etmədiyinə görə, məhkəmə kənar xəttin olduğu qənaətinə gəlmişdir. 10.2. Lakin iddiaçı Qaydaların 6.5-4-cü bəndinə nəzərdə tutulan üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla 2018-ci il ərzində dörd ay üzrə (yanvar, fevral, aprel, may), 2021ci ildə 1 akt, 2022-ci il ərzində üç ay üzrə (yanvar, fevral, mart) ay aktlar tərtib edib məhkəmədə iddia qaldırmışdır. 10.3. Odur ki, məhkəmə hesab edir ki, aşağıdakı hər il üzrə tərtib edilmiş birinci akt əsasında zərər hesablanmalı və tutulmalıdır: xx.xx.2018-ci il tarixli ******* №-li, xx.xx.2021-ci il tarixli ******* №-li, xx.xx.2022-ci il tarixli ******* №-li. 10.4. xx.xx.2018-ci il tarixli ******* №-li akt əsasında 569 manat Qaydalara uyğun aparıldığından, həmin 569 manatdan 205,32 manat cavabdeh tərəfindən ödənildiyindən, həmin akt üzrə iddia təmin edilməli, 363,68 manat zərər tutulmalıdır. 10.5. xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 1530 manat düzgün hesablanmamışdır. Belə ki, hesablama müqavilədə nəzərdə tutulan iki qurğudan əlavə olaraq QSSQ üzrə də aparılmış, orta günlük iş rejiminin 12 saat nəzərdə tutulduğu halda 24 saatla aparılmışdır. Bundan başqa, dəmir soba üçün hesabat müddətinin 30 gün qəbul edilməsi qərar alınsa da, 90 günlə hesablanmışdır. 10.6. Odur ki, hesablama aşağıdakı qaydada aparılmalıdır: 1.2x12x90=1296 kub metr, zərər 129,6 manat; 1.4x12x30=504 kub metr, zərər 50,4 manat, cəmi 1800 kub metr qaza görə 180 manat zərər. 10.7. Beləliklə, iddia xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 1530 manat zərərin tutulması hissəsində qismən təmin edilməli, həmin akta görə 180 manat zərər tutulmalıdar. 10.8. xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 540 manat zərər eyni qaydada düzgün hesablanmamışdır. Belə ki, yenə əlavə QSSQ üzrə də hesabat aparılmış, orta günlük iş rejiminin 12 saat nəzərdə tutulduğu halda 24 saatla aparılmışdır. Odur ki, hesablama aşağıdakı qaydada aparılmalıdır: 1.2x12x30=432 kub metr, zərər 43,2 manat; 1.4x12x30=504 kub metr, zərər 50,4 manat, cəmi 936 kub metr qaza görə 93,6 manat zərər. 10.9. Beləliklə, iddia xx.xx.2022-ci il tarixli ******* akt əsasında 540 manat zərərin tutulması hissəsində qismən təmin edilməli, həmin akta görə 93,6 manat zərər tutulmalıdır. 10.10.İddiaçı tərəfindən məhkəməyə Cavabdeh adından imzalanmış ərizə təqdim edilmişdir. 10.11. Həmin ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonra əlyazma ilə əlavə edilmişdir. 10.12.Ərizəyə əsasən cavabdeh 4040,16 manat borcunu etiraf etmiş və hissəhissə ödəməyi öz öhdəsinə götürmüşdür. 10.13.Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsi qalın şriftlə icra edilmişdir. 10.14.Məhkəmə hesab edir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb, o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş «quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm» hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, abonentin borcu etiraf etməsi və hissəhissə ödəmək öhdəliyi götürməsi bununla əlaqədar məhkəməyə müraciət etmək zərurətini aralan qalırır. Odur ki, məhkəmə həmin ərizəni borcun etirafı kimi qəbul etmir.
11. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21-ci, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, “Qaz təchizatı haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə istinad etmişdir.
12. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş, bu hal dəfələrlə tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, cavabdeh bunu etiraf etmiş, müvafiq fotoçəkilişlər aparılmış, lakin məhkəmə heç bir hüquqi əsas olmadan İddiaçı İB-yə dəyən zərəri nəzərə almamışdır.
Apellyasiya şikayətinə etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
14. İşə baxılmasının (vaxtı) yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı İB nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh də məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
19. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
20. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
22. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmişdir; iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğvini xahiş etmişdir. Başqa sözlə qətnamə, iddianın qismən təmin edildiyi hissədə yoxlanılmır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, cavabdehin şikayətində irəli sürdüyü hallar qətnamənin ləğvinə (mübahisələndirilən hissədə) əsas vermir.
31. Qeyd olunmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
32. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu qismən sübut edə bilmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4230/2023 saylı iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə