Məhkəmə qərarları › İş №2(103)-6447/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6447/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6447/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 ASC-yə qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-166/2025 saylı 17 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Bank "xxxx" ASC arasında MK-01304-17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və iddiaçıya 5000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6860/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və X1 3784,3 ABŞ dolları əsas, 879,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4664,19 ABŞ dolları borc alınıb Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

3. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında sözügedən kredit müqaviləsi üzrə tələb hüququ Bank "xxxx" ASC-dən "xxxx" ASC-yə güzəşt edilmişdir. Cavabdeh2 ASC-yə ödənilmiş məbləğ cəmi 1197.05 USD (2034.98 AZN) təşkil etmiş, borc məbləği borclular tərəfindən tam ödənilmiş, eyni zamanda borcludan artıq tutulmuş 72,98 AZN pul vəsaiti Cavabdeh2 ASC tərəfindən İddiaçı bank hesabına geri qaytarılmışdır.

4. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən sözügedən kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2019-cu il tarixində 1.030,79 ABŞ dolları məbləğində kompensasiya verilmişdir. İddiaçının iddia tələbi kredit borcunun ödənilməsi zamanı ondan qanunsuz olaraq artıq məbləğin (1752.35 manat kompensasiya ödənişi) tutulması barədədir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Bank "xxxx" ASC-nin Əhmədli filialından ona ödənilməli olan 1752.35 (min yeddi yüz əlli iki manat, otuz beş qəpik) manat kompensasiya ödənişinin və 37,52 (otuz yedi manat, ǝlli iki qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, mən İddiaçı təxminən xx.xx.2015-ci il tarixində kredit müqaviləsi əsasında Bank "xxxx" ASC-nin Əhmədli filialından 5000 (beş min) dollar kredit götürmüşəm. Kredit götürən zaman tanışım X4 mənə zamin durmuşdur. Bildirirəm ki, həmin krediti 2019-cu il tarixində ödəməli idim. Krediti götürdükdən bir müddət sonra 5 ay ardıcıl olaraq kredit ödənişlərimi etdim. Lakin dolların Azərbaycan manatına nəzərən qalxması səbəbindən ödəməli olduğum aylıq kredit dollara nəzərən olduğuna görə yüksəldi. Bu səbəbdən də mən ödənişlərimi edə bilmədim. Bu səbəbdən də Bank "xxxx" ASC Əhmədli flialı məni məhkəməyə verdi. Bakı şəhəri Suraxanı rayon məhkəməsində 4665.19 ABŞ dolları və 20.4 manat dövlət rüsumunun mən İddiaçı və zaminim X1 alınaraq Bank "xxxx" ASC Əhmədli flialına ödənilməsi barədə 2(010)-6860/2016 xx.xx.2016-cı il tarixli məhkəmə əmri çıxarılmışdır. Bildirirəm ki, mən işsiz olduğum üçün 2(010)- 6860/2016 xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin icra işi zaminim X2 rəsmi əməkhaqqısına yönəldilmişdir və zaminim X2 rəsmi əməkhaqqısından tutulmuşdur. Lakin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərman imzalamışdır. Həmin fərman əsasında fiziki şəxslərin dollar kreditlərinin restruktruzasiya əsasən mənim xx.xx.2019-cu il tarixinədək olan (manat ekvalentinə əsasən) kredit borcumdan cərimələr silinərək 3784.3 ABŞ dolları oldu. Həmin 3784.3 ABŞ dollar borcdan, yəni, 6394.3 manatdan 1752.35 manat (kompensasiya) borcum azaldılaraq, cəmi 4641.95 manat ödənilməli idi. Bildirirəm ki, mənim zaminim X2 rəsmi əməkhaqqısından 3784.3 ABŞ dollar borc, yəni, 6394.3 manat və 20.4 manat dövlət rüsumu alınaraq tələbkarın hesabına ödənilmişdir. Lakin həmin 3784.3 ABŞ dollarından (6394.3 manatdan) 1752.35 manat çıxılmamışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən mənim borcumdan 1752.35 manat mənə kompensasiya ödənilməli olduğu halda, mənim zaminimin əməkhaqqısından məhkəmə əmrinə əsasən tutulan borcdan kompensasiya məbləği olan çıxılmalı olduğu halda, heç bir güzəşt olmadan 3784.3 ABŞ dollar tam olaraq alınaraq Bank "xxxx" ASCnin hesabına ödənilmişdir. Halhazırda Bank "xxxx" ASC-i mənə qaytarmalı olan 1752.35 manat kompensasiya ödənişini mənə qaytarmır. Səbəb kimi mənim Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının əhatə dairəsinə düşməməyim göstərilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı: Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Cavabdeh pulumu qaytarmaq əvəzinə əksinə məni hər dəfə aldadır və mən isə ağır sarsıntı və iztirab keçirirəm. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Sonradan mənə məlum olub ki, cavabdeh Bank BTB tələb hüquqlarını başqa şirkətə satıb. Sonradan ödənişlərimi ödəməyə davam etdim və yekunda mənə məlum oldu ki, 1752,35 manat artıq ödəniş etmişəm. Mən ödənişlərimi Bank BTB-yə ödəmişəm.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev , iş № 2(011)-166/2025) iddia rədd olunmuşdur.

8. Məhkəmə, işin hallarını müəyyən edərkən xx.xx.2025-ci il tarixli, 9/2196 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, iddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış MK- 01304- 17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə artıq ödənişlərin olubolmaması məsələsi ilə bağlı hallar ekspertin gəldiyi nəticəyə uyğun olaraq müəyyən edilməlidir. Ekspertin gəldiyi nəticədə isə xx.xx.2019-cu il tarixdə 1030,79 ABŞ dolları verilməsindən sonrakı xx.xx.2019-xx.xx.2024-cü il tarixləri arası dövrdə MK-01304-17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Bank "xxxx" ASC və Cavabdeh2 ASCyə cəmi 2891,14 ABŞ məbləğində vəsaitin daxil olduğu, həmin vəsaitdən Cavabdeh2 ASC tərəfindən 42,93 ABŞ dolları məbləğində pulun artıq tutulduğu və həmin məbləğin AZN ekvivalenti ilə (72,98 manat) İddiaçı geri qaytarıldığı müəyyən edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən (həmin bəndin 1.1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmışhissəsi 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin) sözügedən kredit müqaviləsi üzrə 1030,79 ABŞ dolları (1752.35 azn) məbləğində kompensasiya mənə verilməli olduğu halda verilməmişdir. Lakin, Xətai rayon məhkəməsi qəbul etdiyi qətnamədə (qətnamənin 6-cı səhifəsinin birinci abzasında) sözügedən kompensasiyanın mənə verilməsi qeyd edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, iş üzrə ekpert qərarı sübut kimi qəbul edilmiş və ekspert rəyində tədqiq edilmiş sözügedən kompensasiyanın mənə verilməsi qeyd olunmamışdır. Bundan başqa, kompensasiyanın mənə aid olması ilə bağlı qeyd olunmalıdır ki, analoji iş üzrə Nərimanov rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-169/2024 saylı xx/xx/2024-cü il tarixli qətnaməsi ilə müvafiq kompensasiyanın mənə aid olması müəyyən edilmiş və Bank Olmayan Kredit Təşkilatından mənim xeyrimə müvafiq məbləğin tutulması qət edilmişdir(həmin qətnamənin surəti birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin qətnaməni iş materiallarına əlavə etməmişdir, bu səbəbdən həmin qətnamə apellyasiya şikayətinə əlavə olunur). Bundan başqa, kredit müqaviləsi əsasında“Accessbank QSC” 6000 (altı min) dollar kredit götürmüşdüm, həmin kredit məbləğdən 1000 ABŞ dollarını banka qaytarmışdım. Lakin, həmin dövrdə dolların Azərbaycan manatına nəzərən qalxması səbəbindən qalan müvafiq kredit borc adıçəkilən Fərmanın tələblərinə uyğun olaraq xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qeyd olunan bank tərəfindən nəzərə alınmışdır (bununla müvafiq sənəd iş materiallarınaəlavə edilmişdir). Beləliklə, hesab edirəm ki, birinci instansiya məhkəməsi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və və qeyd olunan faktıların müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmişdir (məhkəmə qeyd olunan hallarla bağlı heç bir mötəbər sübutaistinad etməmişdir). Hesab edirəm ki,“məhkəmələr tərəfindən mülki məsələlərin düzgün həll edilməsi vətəndaşların dövlətə və məhkəmələrə inamını artırır, qanunu pozmuş səxslərdə hüquq qaydalarına əməl etməyə məsuliyyət hisslərini yüksəldir” prinsipini nəzərə alaraq iddia tam təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən hüquqazidd nəticələr doğuran, işin hallarına düzgün hüquqi qiymət verilməyən qərar qəbul edilmişdir. Bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur

c) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

14. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

14. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

15. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı ilə Bank "xxxx" ASC arasında MK-01304-17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və iddiaçıya 5000 ABŞ dolları məbləğində kredit verilmişdir, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6860/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və X1 3784,3 ABŞ dolları əsas, 879,89 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4664,19 ABŞ dolları borc alınıb Bank "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında sözügedən kredit müqaviləsi üzrə tələb hüququ Bank "xxxx" ASC-dən "xxxx" ASC-yə güzəşt edilmişdir. Cavabdeh2 ASC-yə ödənilmiş məbləğ cəmi 1197.05 USD (2034.98 AZN) təşkil etmiş, borc məbləği borclular tərəfindən tam ödənilmiş, eyni zamanda borcludan artıq tutulmuş 72,98 AZN pul vəsaiti Cavabdeh2 ASC tərəfindən İddiaçı bank hesabına geri qaytarılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən sözügedən kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2019-cu il tarixində 1.030,79 ABŞ dolları məbləğində kompensasiya verilmişdir. İddiaçının iddia tələbi kredit borcunun ödənilməsi zamanı ondan qanunsuz olaraq artıq məbləğin (1752.35 manat kompensasiya ödənişi) tutulması barədədir. Bununla belə, cavabdehin əsassız varlanma halları müəyyən olunmamışdır.

16. Birinci instansiya məhkəməsi işin hallarını müəyyən edərkən xx.xx.2025-ci il tarixli, 9/2196 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab etmişdir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, iddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış MK-01304-17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə artıq ödənişlərin olub-olmaması məsələsi ilə bağlı hallar ekspertin gəldiyi nəticəyə uyğun olaraq müəyyən edilməlidir. Ekspertin gəldiyi nəticədə isə xx.xx.2019-cu il tarixdə 1030,79 ABŞ dolları verilməsindən sonrakı xx.xx.2019-xx.xx.2024cü il tarixləri arası dövrdə MK-01304-17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Bank "xxxx" ASC və Cavabdeh2 ASC-yə cəmi 2891,14 ABŞ məbləğində vəsaitin daxil olduğu, həmin vəsaitdən Cavabdeh2 ASC tərəfindən 42,93 ABŞ dolları məbləğində pulun artıq tutulduğu və həmin məbləğin AZN ekvivalenti ilə (72,98 manat) İddiaçı geri qaytarıldığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin oluna bilməz.

17. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas ola bilməz.

18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

19. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar