Məhkəmə qərarları › İş №2(103)-6448/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6448/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6448/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinə əsasən hesablanmış borc pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3331/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 09 dekabr 2022-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 7905 manat məbləğində borc pul verir, borc alan isə həmin pul məbləğini hər ay 658,75 manat ödəmək şərtilə xx.xx.2023-cü il tarixədək tam qaytarmağı öhdəsinə götürür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 7905 manat məbləğində borc pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh 7905 manat məbləğində pul vermişdir. Cavabdeh borcu kredit müqaviləsinin bağlanıldığı tarixdən sonra növbəti aydan başlayaraq hər ay 658,75 manat ödəmək şərti ilə xx.xx.2023-cü il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozaraq kredit müqaviləsi bağladıqdan 6 ay keçməsinə baxmayaraq ödəniş etməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə məlumat versə də, o, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə vermiş olduğu məbləği başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin məbləği vaxtında geri qaytarmadığına görə həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Bundan əlavə kredit müqaviləsinin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərə tutulmuş qaydada məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3331/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbinin təmin edilməsi, Cavabdeh 7905 (yeddi min doqquz yüz beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 7905 manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 390.1-ci, 390.5-ci, 442-ci, 443.1-ci, 448-ci, 739.1-ci, 740-cı, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında bağlanılmış borc müqaviləsinə əsasən ondan aldığı borcu ona xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddəti bitmədən İddiaçı ondan pulun hamısını istəmişdir. Konstitusiya Məhkəməsinin müvafiq qərarından da görünür ki, iddiaçının məhkəməyə müraciət etmək hüququ müqavilənin bağlanılma müddəti bitdikdə icra olunmamışdırsa, yaranır. Müddət isə xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi, məhkəmə iclasının vaxtı barədə ona məlumat verilməməsi səbəbindən məhkəmədə ifadə verə bilməmiş, onun tərəfindən iddiaçıya ödəniş olunduğunu məhkəmənin diqqətinə çatdıra bilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarının müddəaları nəzərə alınmamışdır. Məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin 165, 167, 169-cu maddələrinə əməl edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, kredit müqaviləsinin 2-ci bəndində əsasən, borc alan krediti hər ay üçün 658,75 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixinədək, “borc verənə” qaytarmağı öhdəsinə götürür. Lakin, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş və bu günüdək borcundan ödəniş etməmişdir. Bundan əlavə cavabdeh Yasamal Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır. Cavabdehə məhkəmə iclasları barədə məhkəmə tərəfindən, ona və qardaşına məxsus olan (***-***-**-** və ***-***-**-**) nömrələrinə SMS-bildiriş göndərilmiş, həmçinin məhkəmə iclasında, iclas katibi tərəfindən cavabdehə zəng olunaraq iclas barədə məlumat verilmişdir. Cavabdeh şikayətində qeyd etdiyi ödəniş barədə isə bildirir ki, kredit müqaviləsi üzrə ödəniş olunmamış, əgər cavabdeh əksini iddia edirsə, buna dair məhkəməyə möhtəbər sübut təqdim etməlidir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. ç) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə verdiyi etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası iddiaçının izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh 7905 manat məbləğində borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 41 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən notariusun Reyestrində 3M-573 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu xx.xx.2023-cü il tarixədək hissə-hissə hər ay 658,75 manat qaytarmağı öhdəsinə götürmüşdür.

19. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətlərdə hissələr şəklində qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməklə yerinə yetirməmişdir. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Kollegiya qeyd edir ki, qətnamədən verdiyi apellyasiya şikayətində borc məbləğindən ödənişlər etdiyini qeyd etsə də, apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılmasının yeri vaxtı barədə SMS-bildiriş və elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, apellyasiya şikayətini müdafiə etməməklə məhkəmə iclasında iştirak etməyə cəhd etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, müqavilədə borcun hissələr şəklində aylıq müvafiq ödənişlər edilməklə qaytarılması nəzərdə tutulduğu halda aylıq ödənilməsi müəyyən edilən ödənişlər ödənilmədikdə kreditor tərəfindən borc məbləğinin tam şəkildə tələb edilməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.

22. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3331/2023 nömrəli, 20 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar