Məhkəmə qərarları › İş №2(103)-6449/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6449/2023

14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6449/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin nümayəndəsi (oğlu) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.602,88 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 1.443,46 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,50 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında xx.xx.2018-ci il tarixində bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, 38 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh, onunla Birlik arasında bağlanmış həmin müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunmuş və müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan aktlar (cəmi 4 akt) əsasında aparılmış araşdırmalar və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərər 3.602,88 manat məbləğindədir. Təbii qazdan qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə 1.443,46 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 59,50 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 147,60 manat, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.443,46 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 59,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixli ******* №-li aktla aşkar edilmiş qüsura görə istehlakçının - cavabdehin təqsirinə dair iddiaçı Birlik tərəfindən sübut təqdim edilmədiyinə görə cavabdeh məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış 1.036,80 manat cavabdehdən tutula bilməz. Yəni, iddia 1.036,80 manatın tutulması hissəsində rədd edilməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı Birlik “Qazdan istifadə Qaydalarının” 6.5-4-cü bəndinə nəzərdə tutulan və üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla 2023-cü il ərzində iki ay (fevral, mart) üzrə aktlar tərtib edib məhkəmədə iddia qaldırmışdır. Odur ki, yalnız tərtib edilmiş birinci akt, yəni xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında zərər hesablanmalı və tutulmalıdır, baxmayaraq ki, müqavilədə istehlakçı tərəfindən 3 qaz qurğusundan (PQ-4, samovar, kərpic plitə) istifadə edilməsi nəzərdə tutulmuş, iddiaçının əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat hesablanarkən dörd qurğu nəzərə alınmış, orta günlük iş rejimi 24 saat, hesabat dövrü 30 gün qəbul edilmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, “Qazdan istifadə Qaydalarına” əsasən məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmalı olduğundan, hesablama mövcud olan qurğulara görə aşağıdakı qaydada aparılmalıdır: 1.2x12x30=432 kub metr, 1.4x12x30=504 kub metr, 1.5x12x30=540 kub metr, cəmi 1.476 kub metr, bu da 147,60 manat zərər məbləği təşkil edir. Odur ki, xx.xx.2023-cü il tarixli akt əsasında iddia 147,60 manatın tutulması hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Eyni zamanda Rayon Məhkəməsi hesab etmişdir ki, iddia xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında hesablanmış 734,40 manatın tutulması hissəsində rədd edilməlidir. Rayon Məhkəməsi cavabdeh borcun etirafı barədə ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Odur ki, məhkəmə həmin ərizəni borcun etirafı kimi qəbul etmir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

7. İş üzrə iddiaçı Birlik apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

8. Cavabdehin nümayəndəsi (oğlu) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat

9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birlik isə apellyasiya şikayətində iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.

10. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı Birlik ilə cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı olan iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qazpaylayıcısı olan Birlik tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydalarının” tələblərinə əməl etməlidir. Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Bununla bağlı müxtəlif tarixlərdə 2023-cü il ərzində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar (cəmi 4 akt) tərtib edilmişdir. Həmin aktlar əsasında ASC tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 3.602,88 manat məbləğində ziyan vurulmuşdur.

14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında 1.036,80 manat, (sayğacın hesablama mexanizminin keçən qazın həcminini qeyd etməyi aşkarlanmışdır), xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat, (sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir), xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 734,40 manat, (sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir), xx.xx.2023-cü il tarixli ******* №-li akt əsasında 1.097,28 manat (sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir) borc hesablanmışdır.

15. Cavabdehlə təbii qazdan istifadə edilməsi ilə bağlı iddiaçı Birlik arasında xx.xx.2018-ci il tarixində bağlanmış AKX-00395xx/xx-2018 №-li “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədə” istehlakçı tərəfindən aşağıdakı qaz qurğularından istifadə edilməsi nəzərdə tutulmuşdur: 4 gözlü qaz plitəsi (PQ-4), Samovar və Kərpic plitə.

16. Rayon Məhkəməsi hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli ******* №-li aktla aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyinə görə cavabdeh məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış 1.036,80 manat cavabdehdən tutula bilməz. Yəni, iddia 1.036,80 manatın tutulması hissəsində rədd edilməlidir.

17. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13.8-1.).

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 6.5-ci maddəsinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

20. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda “təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə olunur” kimi qeyd edildiyindən, Birlik, yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – cavabdehin) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (Birliyə) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin Birlik cavabdehin sayğacdan kənar olaraq təbii qazdan istifadə etməsi, bunun nəticəsi olaraq təbii qazın talanmasında təqsirli olması sübuta yetirilmədən zərərin ödənilməsini cavabdehdən tələb etmişdir.

21. Nəzərə alınsa ki, qaz xəttinə müdaxilənin cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübut iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

22. Məhkəmə cavabdehin adından imzalanmış ərizə ilə bağlı bildirir ki, ərizəyə əsasən cavabdeh 5.573,86 manat borcunu etiraf etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür.

23. Ərizənin standart hissəsi çap formasında tərtib edilmiş, istehlakçıya aid məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi) tarix, abonentin kodu, icraçının adı və etiraf edilən məbləğ sonradan əlyazma ilə əlavə edilmişdir. Həmin ərizənin çap edilmiş hissəsində etiraf edilən borca aid hissə adi şriftlə, “quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm” hissəsi qalın şriftlə icra edilmişdir.

24. Rayon Məhkəməsi hesab etmişdir ki, istehlakçının düşünülmüş şəkildə həmin ərizəyə imza atıb o məbləğdə borcu etiraf etməsi inandırıcı deyil, həmin ərizədəki əlyazmaların, eyni zamanda borcun məbləğinin əvvəlcədən, yəni imzaya qədər əlavə edilməsi sübut edilmir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşlarının niyyəti həmin ərizəyə imza atdıraraq abonentin qalın şriftlə icra edilmiş “quraşdırılmış smart sayğacın kartının verilməsi üçün köməklik göstərməyinizi xahiş edirəm” hissəsinə diqqətini yönəltməkdən ibarət olmuşdur, çünki həmin hissəsinin digər hissələrdən ayrılmasının başqa açıqlaması yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, abonentin borcu etiraf etməsi və hissə-hissə ödəmək öhədliyi götürməsi bununla əlaqədar məhkəməyə müraciət etmək zərurətini aralan qaldırır.

25. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin ərizəni borcun etirafı kimi qəbul etmir.

26. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəni əsaslı, iddiaçı Birliyin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi

27. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar