Məhkəmə qərarları › İş №2(103)-645/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-645/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-645/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, apelyatorun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli 02/HS nömrəli kredit müqaviləsinə, Cavabdeh1 ilə bağlanmış 22 oktyabr 2014-cü il tarixli 2/HS-1 nömrəli zaminlik müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 63.750 (altmış üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borc, 38.877 (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 103.427 (bir yüz üç min dörd yüz iyirmi yeddi) ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim R.Quliyev, iş № 2(005)-648/2017) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 63.750 (altmış üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borc, 38.877 (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 103.427 (bir yüz üç min dörd yüz iyirmi yeddi) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı1-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23.10.2014-cü il tarixdə İddiaçı1-nin “Gənclik” fılialı ilə "xxxx" MMC arasında bağlanmış 02/HS nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 24 faizlə 63750 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 22 oktyabr 2014-cü il tarixli 2/HS-1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməmiş və nəticədə cavabdehin banka 63.750 (altmış üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borc, 38.877 (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Həmin borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini və iddianın ona aid hissəsinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını tam araşdırmamış, zaminliyə xitam verilməsi üçün əsasların olmasını nəzərə almamışdır. Apelyatorun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş və qətnaməni yalnız özünə aid hissədə mübahisələndirmişdir. Qətnamə digər cavabdeh "xxxx" MMC-yə aid hissədə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni Cavabdeh1 aid hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, apelyatorun nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid təmin edilən hissədə ləğv olunmalı və iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, "xxxx" MMC 16.10.2014-cü il tarixdə ərizə ilə İddiaçı1nin “Gənclik” fılialına müraciət edərək şirkətin dövriyyə vəsaitinin artırılması ilə əlaqədar ona 12 ay müddətinə 50 000 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir (i.v.26). 22.10.2014-cü il tarixdə, yəni hələ kredit müqaviləsi bağlanana və kredit verilənədək İddiaçı1 ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır (i.v.13). Zaminlik müqaviləsinin 1-ci bəndində görə zamin kreditor qarşısında borclunun 22.10.2014-cü il tarixli 2/HS-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Bundan bir gün sonra 23.10.2014-cü ildə İddiaçı1 ilə "xxxx" MMC arasında 63750 ABŞ dolları məbləğində bərpa olunan 02/HS saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilədə kredit xəttinin 12 ay müddətinə açıldığı, kredit xəttindən istifadəyə görə illik 24 faiz dərəcəsi, gecikdirilən borc məbləğinə cərimə kimi illik 73 faiz ödənilməsi müəyyən edilmiş, eləcə də kredit xətti üzrə hesablaşma qaydası və digər şərtlər nəzərdə tutulmuşdur. 23.10.2014-cü il tarixdə 50 000 manat kredit məbləği "xxxx" MMC-yə ödənilmişdir (i.v.29). Müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinə istinad edən iddiaçının tələbi yaranmış kredit borcunun cavabdehlərdən, yəni borcludan və zamindən müştərək qaydada tutulması barədədir. Birinci instansiya məhkəməsi qiyabi qətnamə çıxararaq həmin tələbi əsaslı saymışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 və həm də yalnız özünə aid hissədə mübahisələndirdiyindən hazırkı apellyasiya baxışının predmeti də yalnız Cavabdeh1 kredit borcunun müştərək qaydada tutulması hissəsidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, 22.10.2014-cü il tarixdə Cavabdeh1la zaminlik müqaviləsi bağlanarkən hələ kredit müqaviləsi bağlanmamışdı, sadəcə "xxxx" MMC-nin ona 50 000 manat kredit ayrılması barədə ərizəsi mövcud idi. Qnunvericiliyə görə zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Lakin bu müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti aydın olmalıdır. 22 oktyabr 2014-cü il tarixli 2/HS-1 saylı zaminlik müqaviləsində zaminin 22.10.2014cü il tarixli 2/HS-1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyü qeyd edilsə də, faktiki olaraq həmin tarixli və həmin nömrəli kredit müqaviləsinin mövcudluğu iş materialları ilə müəyyən edilmir. Zaminlik müqaviləsində istinad olunan kredit müqaviləsinin tarixi və nömrəsi ilə bağlı məlumatlar texniki səhv kimi qəbul edilsə belə, 23 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin manatla deyil, ABŞ dolları ilə verilməsinə, müqavilənin digər mühüm şərtləri olan faiz və cərimə dərəcələrinin müəyyən olunmasına Cavabdeh1 hər hansı razılıq verdiyi araşdırma zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası zaminlik müqaviləsi bağlanarkən kredit müqaviləsinin hələ mövcud olmadığını, yalnız 50 000 manat kredit ayrılması barədə "xxxx" MMC tərəfindən ərizə verildiyini nəzərə alaraq qeyd edir ki, zaminlik müqaviləsi bağlanarkən Cavabdeh1 təminat verilən öhdəlik barədə təsəvvürü yalnız 50 000 manat kredit verilməsi ilə bağlı ola bilərdi. Halbuki, bir gün sonra kredit xətti manatla deyil, ABŞ dolları ilə açılmışdır. Ümumiyyətlə, Cavabdeh1la bağlanmış 22 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsində təminat verilən öhdəliyin mühüm şərtləri (məbləğ, faiz dərəcəsi, valyuta və s.) barəsində hər hansı qeyd aparılmamış və qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı Cavabdeh1la razılıq əldə edilməmişdir. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik müqaviləsi Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Məcəllənin 470-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə təminat kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Lakin yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə Cavabdeh1la bağlanmış 22 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti qeyri-müəyyən və mücərrəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-nin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarların hazırkı mübahisəyə tətbiq edərək bir daha qeyd edir ki, Cavabdeh1la bağlanmış 22 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmadığından zaminin kreditor qarşısında hər hansı müştərək məsuliyyəti də yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə kredit borcunun ödənilməsinin Cavabdeh1 tələb olunması əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı - Cavabdeh1 onun qarşısında müqavilə öhdəliyinin olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar Cavabdeh1 aid hissədə onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri Cavabdeh1 aid hissədə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə Cavabdeh1 qarşı iddianın təmin olunan hissəsində ləğv olunmalı və iddia tələbi həmin hissədə rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 05 may 2017-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 müştərək qaydada 63.750 (altmış üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində əsas borc, 38.877 (otuz səkkiz min səkkiz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində faiz borcu, 800 (səkkiz yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 103.427 (bir yüz üç min dörd yüz iyirmi yeddi) ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı1-nin xeyrinə ödənilməsi, eləcə də 50 (əlli) manat ekspertiza xərcinin dövlət büdcəsinin xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı1-nin Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar