Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6450/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı, Cavabdeh Əhməd Hayta oğlunun nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-125/2020 saylı qətnaməsindən cavabdeh Ahmet Hayta oğlunun vəkili və nümayəndəsi X5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əhməd Haytaoğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əhməd Haytadan 2000 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 21 nömrəli evin birinci mərtəbəsində yerləşən 7 nömrəli mənzil onun mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, 4/4a saylı mənzil Əhməd Haytan oğluna məxsusdur və həmin mənzil onun mənzilinin üstündə, 2-ci mərtəbədə yerləşir. 2019-cu ilin 25, 26, 27, 28 yanvar tarixlərində onun yeni təmir edilmiş mənzilinə yuxarı mərtəbədən su axıdılması nəticəsində mənzilin yaşayış otaqlarına və hamam otağına maddi ziyan dəymişdir. Belə ki, otağın tavanı və döşəməsi deformasiyaya uğramışdır. O, xx xxxxxx 2019-cu il tarixdə fevral, 07 aprel və may aylarında Bakı şəhəri Səbail rayonu 8 saylı MKİS-nə ərizə ilə müraciət edərək mənzilə suyun haradan axmasının müəyyənləşdirilməsini xahiş etmiş, onun müraciəti əsasında Bakı şəhəri 8 saylı MKİS-in rəisi, mühəndisi, sahə bələdçisi qeyd edilən ünvana baxış keçirmiş və həqiqətən də ona məxsus mənzilə üst mərtəbədən su axıdılması və mənzilə maddi ziyan vurulması müəyyən edilmişdir. xx xxx 2019-cu il tarixində Bakı şəhəri 8 saylı MKİS-in mühəndisi, sahə bələdçilərinin iştirakları ilə baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə su 2-ci mərtəbədə yerləşən Əhməd Haytan oğlunun sahibi olduğu 4/4a saylı mənzilindən, sanitar qovşaqda olan nasazlıq səbəbindən ona məxsus 7 nömrəli mənzilə axmışdır. Bununla əlaqədar olaraq həmin mənzildə yaşayan Əhməd Haytan oğlunun cavabdehin oğluna xəbərdarlıq edilmiş və suyun axmasının qarşısının alınması və evə dəyən zərərin aradan qaldırılması bildirilmişdir. Qeyd edilənlər Bakı şəhəri 8 saylı MKİS-in mühəndisi və sahə bələdçisi tərəfindən imzalanmış xx xxx 2019-cu il tarixli aktla öz təsdiqini tapmışdır. Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, 4/4a saylı mənzil isə cavabdeh Əhməd Haytan oğluna məxsus qeyd edilən mənzildə yaşayan oğluna dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vurulmuş ziyan və cavabdehə məxsus mənzilin sanitar qovşağında olan nasazlıq aradan qaldırılmamışdır. Bir neçə aydır cavabdehə məxsus mənzildən su axıdılması mənzilin rütubətlənməsi ilə nəticələnmişdir. Qeyd edir ki, onun həyatına təhlükə tavanın əyilməsi və uçma təhlükəsi yaranmasi ilə əlaqəli o, polis bölməsinə müraciət etmişdir.Tərəfindən dəymiş ziyanın aradan qaldırılması məqsədilə usta dəvət edilmiş və usta tərəfindən təmir üçün 2000 manat məbləğində pul istənilmişdir.Ona görə də hesab edir ki, ona dəymiş 2000 manat məbləğində və mənəvi maddi ziyan cavabdehdən tutulmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Əhməd Haytan oğlundan cəmi 5.000 manat məbləğində maddi (təmiri ilə bağlı 2000 manat, başqa mənzildə kirayədə yaşamağa görə 3000 manat) və 3.000 manat məbləğində mənəvi ziyanın tutularaq İddiaçı ödənilməsinə və Əhməd Haytan oğlunun mənzilində qeyri-qanuni tikilinin (sanitar qovşağın) sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-125/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Əhməd Hayta oğlundan vurulmuş maddi zərərin əvəzi olaraq 930 (doqquz yüz otuz) manat və mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, cəmi 1230 (bir min iki yüz otuz) manat tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh Əhməd Hayta oğlundan, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət olunmuşdur. Qətnamədən cavabdeh Ahmet Hayta oğlunun nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək, qətnamənmin ləğv olunaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının iddiaçına görə su axıntısı onun mənzilindən olmuşdur. İddiaçı onun mənzilinə dəyən zərərin onun mənzilindən axan suyun nəticəsində əmələ gəlməsini sübut edən hər hansı bir faktı məhkəməyə təqdim edə bilməmişdir. Yeganə istinad olunan isə MKİS tərəfindən mənzilə baxış keçirilməsi və ehtimallar üzrə suyun yuxarı mərtəbələrdən axması barədə tərtib olunan aktldır. Ekspert zərərin kimin mənzilindən axan suyun nəticəsində əmələ gəlməsi sualına cavab verə bilməmişdir. Ekspert zərər faktını təsdiq etmişdir. Buna görə də, iddiaçının iddiaçı qanunsuz və əsassızdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, onun mənzilinə cavabdehin yaşadığı mənzildən təkrarən su axması halları müəyyən olunur. Bu su axıntılarının qarşısının alınması üçün qeyri-qanuni (sanitar qovşağı) sökülməlidir. Maddi və mənəvi zərər iddia tələbindən az məbləğdə təmin olunmuşdur. Onun mənzili bir ilə yaxın müddətdir ki, yararsız vəziyyətə düşdüyündən, o, bir il ərzində ayda 250 manat ödəməklə ev tutub, kirayə yaşamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətini qəbul etmədi, iddia tələbi və öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əhməd Hayta oğlunun nümayəndəsi və vəkili X5 öz apellyasiya şikayətlərini müdafiə etdi, iddiaçının apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-125/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsində istifadədə olan 0.025 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 3 mərtəbəli binada yerləşən 66.5 kv/metr yaşayış sahəsindən ibarət 4 otaqlı, 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Ahmet Haytaoğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 689 nömrəli reyestr kitabının 64983 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 14.0 kv/metr olan Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi, 21 saylı evin, 7 saylı mənzili xx.xx.2015-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon 8 saylı MKİS-in mühəndisi M.Hüseynov, sahə bələdçiləri S.Rəhimov və S.Məhbub tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, həqiqətən xx xxx 2019-cu il tarixdə Haytaoğlu Əhmədin sahibi olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin 4/4a nömrəli mənzilindən İddiaçı sahibi olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin, 7 nömrəli mənzilinə müəyyən səbəblərdən su axıdılmış, nəticədə mənzilin tavanına ziyan dəyərək mənzilin sahibinə maddi ziyan vurmuşdur. İşdə olan Bakı şəhəri Səbail rayon 8 saylı MKİS-in mühəndisi M.Hüseynov, sahə bələdçiləri S.Rəhimov və S.Məhbub tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, həqiqətən xx xxxxxx 2019-cu il tarixdə X1 olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin birinci mərtəbəsində yerləşən 7 nömrəli mənzilinə İİ mərtəbədə yerləşən 4/4a nömrəli mənzilin hamam hissəsindən su axıdılaraq İddiaçı sahibi olduğu yaşayış otağının tavanının bir hissəsini yararsız vəziyyətə salmışdır. Hansı ki, hal-hazırda 4/4a nömrəli mənzildə heç kim yaşamadığından suyun nə səbəbdən və haradan axmasını təyin etmək mümkün olmadı. Lakin qonşular bildirdilər ki, qeyd olunan mənzilə bir neçə dəfə gecələr kimsə daxil olmuşdur. Odur ki,4/4a nömrəli mənzilin sahibinin harada yaşaması barədə məlumat olmadığı üçün tərəfimizdən onun yaxın qohumlarının mobil telefonunu əldə etdikdən sonra onlara məlumat vermişlər ki, gəlib sahibi olduqları mənzili açsınlar ki, baxış keçirilsin və müəyyən edilsin ki, İddiaçı yaşayış otağına axan su hansı səbəbdən axıdılır. Onlar isə uzaqda olduqlarını bildirməklə mənzillərinin hamamlarına baxış keçirməyə şərait yaratmayıblar. Bir neçə aydır ki, dəfələrlə İİmərtəbədə yerləşən 4/4a nömrəli mənzilin sahibinə axan suyun qarşısının alınması barədə xəbərdarlıq etmişlər. O, da qeyd edilir ki, İddiaçı sahibi olduğu 7 nömrəli mənzilin üst hissəsindəki İİmərtəbədə yerləşən 4/4a mənzilinin hamamı onun yaşayış otağının üst hisəsində yerləşdiyindən müəyyən səbəbdən axan sular İddiaçı mənzilinə axıdılır. Kollegiya iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Göründüyü kimi Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21 ünvanda yerləşən cavabdehə məxsus 4/4a saylı mənzilindən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus 21 saylı evin 7 saylı mənzilinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur. Məhkəmə cavabdehin etirazının “iddiaçının hər hansı bir hüquqi və qanuni əsas olmadan özünə məxsus olmayan qanunsuz tikiliyə naməlum mənbədən su axmasını Ahmet Hayta oğluna məxsus mənzilindən su axıdılma kimi qiymətləndirərək iddia qaldırması” ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, mənzil 7 ünvanında yerləşən mənzilin 14.0 kv/metr sahəsi xx.xx.2015-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınsa da, hazırda həmin mənzilin cavabdehin iddia etdiyi kimi mülkiyyəti təsdiq edən sənədinin olmadığı hissəsinin də iddiaçının istifadəsində və sahibliyində olması məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə yanaşı iş materialları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh izahatında naməlum mənbədən su axması səbəbini üst mərtəbədə olan qonşunun mənzilindən cavabdehin mənzilinə su axıdılması kimi göstərmiş və bu məhkəmə araşdırması zamanı suyun hansı mənbədən axıdılmasının müəyyən olunacağını gözlədiyindən üst mərtəbədəki qonşuya suyun axıdılmasının qarşısının alınmasına dair hər hansı bir xəbərdarlıq etmədiyini göstərmişdir. Məhkəmə qeyd etmişdir, Bakı şəhəri Səbail Rayon 8 saylı MKİS-in mühəndisi M.Hüseynov, sahə bələdçiləri S.Rəhimov və S.Məhbub tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli Aktda da göstərilmişdir ki, “həqiqətən xx xxxxxx 2019-cu il tarixdə X1 olduğu Bünyad Sərdarov küçəsi 21 nömrəli evin birinci mərtəbəsində yerləşən 7 nömrəli mənzilinə İİ mərtəbədə yerləşən 4/4a nömrəli mənzilin hamam hissəsindən su axıdılaraq İddiaçı sahibi olduğu yaşayış otağının tavanının bir hissəsini yararsız vəziyyətə salmışdır. Hansı ki, hal-hazırda 4/4a nömrəli mənzildə heç kim yaşamadığından suyun nə səbəbdən və haradan axmasını təyin etmək mümkün olmadı. Lakin qonşular bildirdilər ki, qeyd olunan mənzilə bir neçə dəfə gecələr kimsə daxil olmuşdur. Odur ki, 4/4a nömrəli mənzilin sahibinin harada yaşaması barədə məlumat olmadığı üçün tərəfimizdən onun yaxın qohumlarının mobil telefonunu əldə etdikdən sonra onlara məlumat vermişlər ki, gəlib sahibi olduqları mənzili açsınlar ki, baxış keçirilsin və müəyyən edilsin ki, İddiaçı yaşayış otağına axan su hansı səbəbdən axıdılır. Onlar isə uzaqda olduqlarını bildirməklə mənzillərinin hamamlarına baxış keçirməyə şərait yaratmayıblar. Bir neçə aydır ki, dəfələrlə İİmərtəbədə yerləşən 4/4a nömrəli mənzilin sahibinə axan suyun qarşısının alınması barədə xəbərdarlıq etmişlər. O, da qeyd edilir ki, İddiaçı sahibi olduğu 7 nömrəli mənzilin üst hissəsindəki İİmərtəbədə yerləşən 4/4a mənzilinin hamamı onun yaşayış otağının üst hisəsində yerləşdiyindən müəyyən səbəbdən axan sular İddiaçı mənzilinə axıdılır.” Bununla bağlı məhkəmə qeyd etmişdir ki, əgər cavabdehin üst qonşusunun mənzilindən onun mənzilinə su axıdılması halı daha əvvəldən mövcud olmuşdursa, o bu barədə qonşusuna xəbərdarlıq etməklə qeyd edilən halın qarşısını almağa cəhd göstərməli idi. Cavabdeh isə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməməklə yanaşı, nə iddiaçı məhkəməyə müraciət edənə qədər, nə də bundan sonra iddia etdiyi kimi üst qonşusunun təqsirli hərəkətləri nəticəsində onun mənzilinə, onun mənzilindən isə iddiaçının mənzilinə axıdılan suyun qarşısını almaq üçün hər hansı bir addım atmamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyinə uyğun həll edilməli və rəydə göstərilən zərərin həcmi və məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 25511 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, 7 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 7 saylı mənzilin üst mərtəbəsində 4\4a saylı mənzilin yerləşdiyini və AKT-ın göstəricilərini nəzərə alaraq 7 saylı mənzilə 4/4a saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Baxış zamanı faktiki olaraq susızması baş vermədiyindən, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, o cümlədən mülki iş materiallarında hər hansı bir məlumat olmadığından susızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 21, mənzil 4/4a ünvanında konstruktiv elementlərinin üzərində susızma ləkələri mövcuddur. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 21 saylı evin, 7 saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 930,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas mövcud olmadığından, məhkəmə ekspert rəyini düzgün olaraq mötəbər sübut kimi qəbul edərək, iddiaçıya vurulmuş maddi zərərin 5000 manat həcmində təşkil etməsinin məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyini nəzərə alaraq, bu hissədə iddia tələbinin qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 930 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Göründüyü kimi, iddiaçı maddi zərər olaraq kirayə haqqı kimi 3000 manat tələb etsə də, öz tələbinri əsaslandırdığı hallara dair sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqlaiqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab etmişdir ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması, bununla da iddiaçının mənzilində müəyyən vaxt sərf etməklə təmir işlərinin aparılması zərurətinin yaranması, nəticədə mənzilindən istədiyi kimi istifadə edə bilməməsi və ona maddi zərər vurulması faktları özüözlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair xx xxx 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər hissədə iddia qismən təmin olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehin mənzilində qeyri-qanuni tikilinin (sanitar qovşağın) sökülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 21 nömrəli evin, 21, 4/4a saylı mənzilində cavabdeh tərəfindən qeyri-qanuni sanitar qovşağının tikildiyini göstərsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə cavabdeh tərəfə izah etmişdir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axıdılması halının və eləcə də özünün mənzilinə zərər vurulması halının hər hansı bir üçüncü şəxsin və ya şəxslərin təqsirli hərəkətləri nəticəsində baş verdiyini tutarlı sübutlar əsasında sübuta yetirəcəyi halda, onun həm hazırki qətnamə (qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunacağı halda) ilə ondan zərərin əvəzi olaraq tutulan pulun, həm də öz mənzilinə dəymiş zərərin ödənilməsini üçüncü şəxs və ya şəxslərdən (məhkəmə qaydasında) tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Həmçinin məhkəmə məhkəmə xərclərini Prosessual Qanunvericiliyin tələblərinə uyğun düzgün həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ahmet Hayta oğlunun vəkili və nümayəndəsi X5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 125/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6450/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6450/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver