Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6453/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qȧrşı "dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)-455/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 7224.13 manat məbləğində zərərin, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 7254.13 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Azəriqaz" İB ilə bağlanmış 06.07.2017-ci il tarixli T/16555 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00790 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 40014148 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh sayğacdan kənar qaz xətti vasitəsilə, təbii qazdan qeyriqanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehin ümumi borcu 7224.13 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)-455/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1797.5 manat və 15 manat məbləğində dövlət rüsumu, cəmi 1812.5 (bir min səkkiz yüz on iki manat əlli qəpik) manat tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir, qalan hissədə isə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, iddianın təmin olunmamış hissəsində qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti müdafiə edərək,onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə bağlanmış 06.07.2017-ci il tarixli T/16555 saylı müqavilənin surətindən görünür ki, qaz paylayıcısı ünvan 2 ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilənin 4.3-cü bəndində abonentin istifadəsində bir ədəd istilik sobasının olduğu qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00790 sayla qeydiyyata alınmış abonent koduna 7222.53 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Həmin aktlar 16.09.2016 il tarixdə 172.8 manat, 24.10.2016-cı il tarixdə 107.1 manat, 10.11.2016-cı il tarixdə 119.3 manat, 09.12.2016-cı il tarixdə 203.5 manat, 06.01.2017-ci il tarixdə 265.6 manat, 09.02.2017-ci il tarixdə 322.4 manat, 09.03.2017-ci il tarixdə 265.6 manat, 14.04.2017-ci il tarixdə 341.2 manat, 26.01.2018-ci il tarixdə 1025.4 manat, 23.02.2018-ci il tarixdə 284.4 manat, 19.03.2018-ci il tarixdə 227.6 manat, 18.04.2018-ci il tarixdə 284.4 manat, 29.05.2018-ci il tarixdə 182 manat, 29.06.2018-ci il tarixdə 133.2 manat, 25.07.2018-ci il tarixdə 133.2 manat, 27.08.2018-ci il tarixdə 133.2 manat, 20.09.2018-ci il tarixdə 115.2 manat, 31.10.2018-ci il tarixdə 66.6 manat, 30.11.2018-ci il tarixdə 142.2 manat, 28.12.2018-ci il tarixdə 142.2 manat, 31.01.2019-cu il tarixdə 142.2 manat, 28.02.2019-cu il tarixdə 142.2 manat, 29.03.2019-cu il tarixdə 142.2 manat, 30.04.2019-cu il tarixdə 142.2 manat, 30.05.2019-cu il tarixdə 32.4 manat, 28.06.2019-cu il tarixdə 32.4 manat, 31.07.2019-cu il tarixdə 32.4 manat, 30.08.2019-cu il tarixdə 32.4 manat, 30.09.2019-cu il tarixdə 32.4 manat, 30.10.2019-cu il tarixdə 32.4 manat, 29.11.2019-cu il tarixdə 142.2 manat, 30.12.2019-cu il tarixdə 295.2 manat, 30.01.2020-ci il tarixdə 295.2 manat, 28.02.2020-ci il tarixdə 295.2 manat, 30.03.2020-ci il tarixdə 295.2 manat, 08.04.2020-ci il tarixdə 78.7 manat. Qeyd edilən aktların məzmunundan görünür ki, tərəflər arasında bağlanmış müqavilədə abonentin istifadəsində yalnız bir ədəd qaz cihazının olmasına baxmayaraq, iddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı dəymiş ziyanın hesablanması iki, üç, bəzi hallarda isə dörd qaz cihazına əsasən aparılmış, abonentin istifadəsində bu cihazların olub-olmadığı araşdırılmamışdır. Həmçinin, bu aktların məzmunundan o da müəyyən edilir ki, onların tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlər bu qənaətə gəlməyə əsas verir ki, həmin aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir, bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, cavabdeh birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iddianı qismən etiraf edərək, 2016-cı ildən 2017-ci ili naprel ayına qədər həqiqətən də, qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmiş, lakin həmin tarixdə iddiaçının əməkdaşları tərəfindən qanınsuz xəttin ləğv edildiyi, bundan sonra bir daha qaz xəttinə qanunsuz qoşulmadığını bildirmiş, həmin müddətə görə hesablanmış 1797,50 manat ziyanın məbləğinin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə kollegiyası cavabdehin 2016-2017-ci illər ərzində qaz xəttinə qanunsuz qoşulmasını etibaf etməsini və həmin müddət ərzində ona hesablanmış ziyan məbləğinin ondan tutulmasına etiraz etməməsini işin hallarına uyğun hesab edir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğuxərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qismən – cavabdehin iddianı etiraf etdiyi həcmdə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində iddiaçı iddia tələbinin 13,10 manat sayğac üzrə hesablanmış məbləğin, həmçinin 86,63 manat əvvəldən gələn borc hissəsində təmin edilməməsinə dair dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi, 13.10 manat borc məbləği tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsi əsasında sayğac üzrə hesablanmış borc məbləğidir. «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istifadə edilmiş qazın sayğac üzrə hesablanmış dəyəri barədə abonentə hesab təqdim edilməli, abonent isə həmin hesab əsasında bir ay müddətində həmin məbləği tam ödəməlidir. Hazırkı işin materiallarından qaz paylayıcısı tərəfindən abonentə belə bir hesabın təqdim edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən «Qaydalar»ın yuxarıda göstərilən tələbinə riayət etmədən sayğac üzrə hesablanmış məbləğin cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etməsi Mülki-Prosessual qanunvericiliyin tələblərinə (maddə 152) tələblərinə uyğun olmamışdır. Cavabdehin əvvəldən 86,63 manat borcunun olmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası göstərir ki, iddiaçı həmin borcun hansı dövrü əhatə etməsi və hansı əsaslarla əmələ gəlməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(003)-455/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6453/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6453/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver