Məhkəmə qərarları › İş №2(103)-6454/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6454/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6454/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçın, Cavabdeh nümayəndəsi və vəkili Ülvi Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(005)-1438/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4900 ABŞ dolları və 600 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dayısı oğlunun əsgərlik yoldaşıdır. Cavabdeh iddiaçının işsiz olduğunu və iş axtardığını eşitmişdir. Onu işə düzəltmək adı ilə iddiaçıdan 1400 ABŞ dolları, 600 manat və sonradan 3500 ABŞ dolları məbləğində, ümumilikdə ondan 4900 ABŞ dolları və 600 manat pul almışdır. Sonradan iddiaçıya bildirmişdir ki, “iş alınmır, sənin pulunu qaytaracağam” və bu məqsədlə iddiaçıya xx.xx.2014-cü ildə sadə yazılı iltizam yazıb vermişdir. Lakin bu günə kimi cavabdeh iddiaçıya bir manat olsun qaytarmamışdır və eşitdiyinə görə onun maddi vəziyyəti kəskin olaraq pisləşmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclaslarında onun iştirakını təmin etməmiş, qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilsə də, bunların heç biri ona çatdırılmamış, məhkəmə isə qətnamədə qeyd etmişdir ki, guya ona məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh isə heç bir üzrlü səbəb göstərmədən proseslərdə iştirak etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi bununla çəkişmə prinsipini pozmuşdur. Digər tərəfdən, işin faktiki halları qismən fərqlidir. Əvvəla, cavabdeh iddiaçıdan borc pul almamışdır. İkincisi, cavabdehin yazdığı qəbz sadəcə zəmanət xarakterli olmuşdur. Belə ki, cavabdeh iddiaçını onun dayısı oğlu Müşfiq vasitəsilə tanımışdır, onun qayınatası "Nissan Maxima" markalı avtomobili kreditə məhz Ruslanın adına alıb və onun dəyərini 36 ay müddətinə tam ödəmişdir. Sonradan Ruslan avtomobili qayınatasının adına keçirməkdən imtina etsə də, əlavə pul alaraq, son nəticədə maşını onun adına rəsmiləşdirmişdir. Başqa sözlə, onlar arasında borc məsələsi olmamışdır. Məhz bu səbəbdən də iddiaçı cavabdehə qarşı iddianı 5-6 il sonra qaldırmışdır. Təbii ki, mübahisəyə çəkişmə prinsipinə uyğun baxılsa idi və cavabdehin məhkəmə iclasında iştirakı təmin edilsə idi, cavabdeh məhkəməyə iddia tələbinin rədd edilməsi əsası kimi həmçinin 3 illik iddia müddətinin tətbiq edilməsi barədə ərizə verəcəkdi. Lakin birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etmədən qətnamə qəbul etdiyindən, cavabdehi bu hüququndan məhrum etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh ondan 4900 ABŞ dolları və 600 manat pulu onu işə düzəltmək üçün almışdır. Lakin sonradan bildirmişdir ki, “iş alınmır, sənin pulunu qaytaracağam” və bu məqsədlə ona xx.xx.2014-cü ildə yazılı iltizam yazıb vermişdir. O, pulunu cavabdehdən tələb edən zaman, hər dəfə onu aldadaraq qaytaracağını bildirmiş, lakin bu günə kimi bir manat olsun belə qaytarmamışdır. Cavabdehin onun dayısı oğlunun əsgərlik yoldaşı olduğu və hər dəfə pulunu qaytaracağını bildirdiyi üçün ondan şikayət etməmişdir. Lakin, sonradan aldadıldığını gördükdə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclaslarından xəbəri olsa da, məhkəmə baxışında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayət qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarının tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı sonuncunu işə düzəltmək adı ilə 4900 ABŞ dolları və 600 manat pul almışdır. Cavabdeh bununla bağlı verdiyi xx.xx.2014-cü il tarixli yazılı iltizamında həmin pul vəsaitini İddiaçı Sərdar oğlunu işə düzəltmək səbəbi ilə aldığını və xx.xx.2014-cü il tarixdə qaytaracağını göstərmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitinin tutulmasını xahiş etmişdir. Tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış iltizamı təqdim etmişdir. İşə düzəltmək məqsədinin əks olunduğu həmin sübutun məğzindən aydın olur ki, tələb edilən pul məbləğini iddiaçı borc münasibəti çərçivəsində cavabdehin mülkiyyətinə verməmiş, cavabdeh həmin pulu iddiaçını işə düzəltmək adı ilə almışdır. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında münasibəti tənzimləmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tətbiqinə əsas yoxdur. Lakin, birinci instansiya məhkəməsi düzgün olmayaraq tərəflər arasındakı hazırkı mübahisəyə mülki qanunvericiliyin borc münasibətlərinə dair müddəalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıdan qeyd edilən məbləğdə pulun alındığı işin halları ilə mübahisəsiz sübuta yetirilir. Belə ki, iltizamdakı imzanın onun tərəfindən icra edilməsini cavabdeh mübahisələndirməmiş, bundan başqa həmin iltizamın zəmanət xarakter daşıdığını apelyasiya şikayətində göstərmişdir. Bununla yanaşı, həmin pulun tam və ya qismən qaytarılmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh əslində iddiaçıdan pul almadığı və iltizamın zəmanət olaraq imzalandığı arqumentləri ilə əlaqədar kollegiya qeyd edir ki, tərəflər arasındakı pulun tutulması tələbinə əsas olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan pulun qaytarılmasına dair öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərlə yanaşı, Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsindəki icraat zamanı lazımi qaydada məlumatlandırılmadığını, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmək imkanın məhrum olduğu barədə apelyasiya şikayətinin dəlili qiyabi icraat qaydasında qəbul edilmiş qətnamənin ləğv edilməsi və mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş etdiyi ərizəsi ilə cavabdeh tərəfindən təkzib olunmuşdur. Bununla yanaşı, məhkəmə iclasları barədə ərizəsində qeyd etdiyi ünvana bildiriş və yekun məhkəmə aktı göndərilmiş, mobil telefon nömrələrinə isə elektron qaydada məlumat göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdeh hazırkı məhkəmə mübahisəsi barədə məlumatlı olmasına baxmayaraq, Mülki Məcəllənin 375.2-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etməmiş, bununla da həmin hüququ həyata keçirmək imkanı itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1438/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia ərizəsi təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 4900 (dörd min doqquz yüz) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) və 600 (altı yüz) manat məbləğində pul tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar