Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6455/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: maddi ziyan) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6050/2021 saylı 11 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AD seriyalı 423998 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İsuzu NPR 66L yük” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r.
2. xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 “İsuzu” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə sürmək icazəsi verilmişdir. Koroğlu MMC-yə isə həmin avtomobil xx.xx.2012-ci il tarixli etibarnamə ilə etibar edilmişdir.
3. AD seriyalı 118703 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 520İ minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır.
4. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, TP seriyalı ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixdə 15:00-da Badamdar qəsəbəsində “İsuzu NPR 66L yük” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə səbəbindən inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
5. xx.xx.2019-cu il tarixli-19-05293/06/AA-447/19 saylı sığorta aktından görünür ki, baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC tərəfindən faydalanan şəxs İddiaçı 950 manat ödəniş edilməsi qərara alınmışdır.
6. Hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən 950 manat məbləğində pul İddiaçı ödənilmişdir.
7. 21.08.2014-cü il tarixli, xxxxxxx000100 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, işəgötürən “Koroğlu MMC ilə işçi Cavabdeh3 arasında bağlanmış xx.xx.2012 tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır.
8. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri Badamdar qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh3 idarə etdiyi avtomobil ilə İddiaçı Rafael qızına məxsus “BMW 520İ” markalı **-ZS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq, sonuncuya maddi zərər vurulması isə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh3 idarə etdiyi İsuzu “NPR 66 L yük” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün ona Cavabdeh1 MMC tərəfindən etibarnamə verilmişdir. Sonuncu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Cavabdeh3 idarə etdiyi “İsuzu NPR 66 L yük” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" SŞ tərəfindən sığortalı olduğu üçün sonuncu iddiaçıya faydalanan şəxs kimi 950 manat məbləğində pul ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulan zərərə görə 7880 manat, əmtəə görünüşününün 20 % itirilməsinə görə 10200 manat maddi ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, sənədlərin təsdiqi və etibarnamə üçün ödənilmiş 21 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 210 manat, ümumilikdə 8141 manatın cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus olan BMW 520İ markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə zərər dəymişdir. Nəqliyyat vasitəsinin zədələnməsi barədə DYP şöbəsi tərəfindən verilmiş arayışı və “İmprotex Motors” tərəfindən verilmiş qüsur aktı əlavə edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi Cavabdeh1 MMC-nin istifadəsində olan və həmin şirkətin işçisi Cavabdeh3 idarə etdiyi İsuzu NPR66L markalı **-RF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilmişdir. Hadisə ilə bağlı sürücü Cavabdeh3 «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı ona məxsus avtomobilə vurulan zərərin miqdarı 7880 manat müəyyən olunmuşdur. Vurulan zərərin ödənilməsi ilə bağlı zərərvuran şəxsə və avtomobilin sahibi Cavabdeh1 MMC-yə müraciət etsələr də, heç bir nəticəsi olmamış və zərər ödənilməmişdir. Ona məxsus olan BMW 5201 markalı minik avtomobilinə eyni texniki göstəriciyə malik olan real bazar qiyməti 30000 ABŞ dolları, manata olan məzənnə ilə 51000 manatdır. Avtomobil qəza keçirdikdən sonra üzərində təmir bərpa işləri görülsə də, real bazar dəyəri təxminən 20% aşağı düşür. Bu məbləğ onun avtomobilinə nisbətdə 10200 manat təşkil edir ki, bu da cavabdehin təqsiri üzündən itirilmiş məbləğdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 23912 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “İmprotex Motors” servisi mərkəzinin, xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara görə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2015-ci il buraxılışlı “BMW 520İ” markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6601,50 manat müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2276/5627 saylı ekspert rəyindən görünür ki, “BMW 520İ” markalı **-ZS-*** dövlət nömrə nişanlı avtomobilin sağ qapıları üzərində olan boya örtüyü astar qatlarının rənginə və təbəqələrinin sayına görə həmin avtomobillər üçün nəzərdə tutulmuş standartlara uyğun deyildir. Avtomobil trasoloji tədqiqata təqdim edilmədiyi üçün trasoloji tətdqiqatın aparılması mümkün olmamışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 noyabr 2021-ci il tarixli 2(008)-6050/2021 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 4050 manat məbləğində pul vəsaitinin “Atasığorta" ASC-dən, 2551,50 manat pulun isə Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzi, etibarnamə üçün ödənilmiş 21 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 210 manat, cəmi 261 manatın cavabdehlər “Atasığorta" ASC-dən və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilmədsi, cavabdehlər “Atasığorta" ASC-dən və Cavabdeh1 MMC-dən müştərək qaydada iki ekpert rəyi üzrə 336 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baş vermiş nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər dəydikdə, cavabdeh kimi işə cəlb olunan "xxxx" ASC tərəfindən iddiaçı zərərçəkən şəxs kimi 950 manat məbləğində sığorta ödənişi almışdır. Lakin, yuxarıda qeyd olunan qanunvericilik aktlarından göründüyü kimi həmin sığorta ödənişi 5000 manat təşkil etməli idi. "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında dəymiş zərərin tam ödənildiyini bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Dəymiş zərərin sığorta aktına əsasən 7880 manat təşkil etdiyi halda zərərçəkən şəxsə niyə 950 manat ödənildiyini əsaslandıra bilməmişdir. Odur ki, cavabdeh "xxxx" ASC tərəfindən 4050 manat (yəni ödənilməli olan 5000 manat - ödənilmiş 950 manat = 4050) pul iddiaçıya ödənilməlidir.
15. Baş vermiş hadisə zamanı iddiaçının əmakına dəyən zərərin məbləğinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, ekspert rəyinə uyğun olaraq dəymiş zərərin məbləği 6601.50 manat müəyyən olunmalıdır.
16. Dəymiş 6601.50 manat zərərin qalan hissəsi isə Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran «İsuzu NPR 66 L yük” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 olsa da, o, əmək müqaviləsi əsasında Cavabdeh1 MMC-nin işçisi olmuşdur. Belə olan halda, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, dəymiş ziyan Cavabdeh1 MMC tərəfindən ödənilməlidir. Lakin Əmək Məcəlləsinin 199-cu maddəsini nəzərə alaraq Cavabdeh1 MMC-nin işçisinin vurduğu ziyanın ödənilməsini subraqasiya qaydasında tələb etmək hüququ vardır.
17. Həmçinin məhkəmə iddia tələbində avtomobilin əmtəə görünüşününün 20 % itirilməsi nəticəsində 10200 manat maddi ziyanın tutulması məsələsinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı avtomobilin əvvəlki dəyəri və qəzadan sonra dəyərinin düşməsi və hansı qiymətə düşməsi barədə heç bir sübut təqdim etməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1097.1, 1108.1, 1099.1, “İcbari Sığortalar haqqında” Qanunun 20.2, 6.4, 24.1.5, 56.1.2, 56.2, Əmək Məcəlləsinin 198, 199, Mülki Prosessual Məcəllənin 119.1, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdehlər Cavabdeh1 MMC və "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilmişdir.
20. ASC-nin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, ASC-nin mütəxəssisləri tərəfindən avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 950 manat müəyyən edilmişdir. İddiaçı zərər məbləği ilə razılaşdıqdan sonra, yəni sığorta aktını imzaladıqdan sonra 950 manat bank hesabına köçürülmüşdür.
21. MMC-nin apelyasiya şikayətində də qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh3 ilə MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir, yəni 11 may 2019-cu il tarixdə hadisə baş verən zaman Cavabdeh3 ilə MMC arasında aktiv əmək münasibətləri olmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətlərinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
33. Maddə 24.1.5. Zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ var.
34. Maddə 56.1.2. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 manat müəyyən edilir.
35. Maddə 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Qətnamə cavabdehlərin apelyasiya şikayətləri həddində, iddia tələbinin təmin edilmiş hissələrində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Cavabdeh1 MMC Cavabdeh3 ilə MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixdə xitam verildiyini, yəni 11 may 2019-cu il tarixdə hadisə baş verən zaman Cavabdeh3 ilə MMC arasında aktiv əmək münasibətləri olmadığına əsaslanır.
45. Kollegiya apelyasiya şikayətinin dəlilini əsassız hesab edərək, qeyd edir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh3 “İsuzu” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə sürmək icazəsi verilmişdir.
46. Hadisə isə etibarnamənin qüvvədə olduğu müddət ərzində xx.xx.2019-cu il tarixdə baş vermişdir.
47. Kollegiya hesab edir ki, Cavabdeh3la əmək müqaviləsinə xitam verilməsi hazırki halda vəziyyəti dəyişmir, çünki belə vəziyyətdə o, MMC-nin tapşırığı əsasında, yəni şifahi tapşırıq müqaviləsi üzrə etibarnamə ilə iş görən fiziki şəxs olmuşdur.
48. Belə olan halda, məhkəmə haqlı olaraq Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə əsaslanaraq dəymiş ziyanın MMC tərəfindən ödənilməsi qənaətinə gəlmişdir.
49. ASC-nin apelyasiya şikayətinə münasibətdə isə Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, sığorta ödənişi 5000 manat təşkil etməli olduğu halda, "xxxx" ASC dəymiş zərərin sığorta aktına əsasən 7880 manat təşkil etdiyi halda zərərçəkən şəxsə niyə 950 manat ödənildiyini əsaslandıra bilməmişdir.
50. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehlərin apelyasiya şikayətləri əsassızdır.
51. Hər bir cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün onlar kassasiya şikayəti verə bilməzlər.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6050/2021 saylı iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.