Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6456/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5641/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhər 16 saylı notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmış və sonuncuya 88000 manat borc verilmiş, Cavabdeh isə krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhər 30 saylı notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmış və sonuncuya 25000 manat borc verilmiş, Cavabdeh isə krediti xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 88000 manat və xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 25000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 20000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat, həmçinin 78000 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, borc alan Cavabdeh kredit müqaviləsində götürdüyü öhdəlik üzrə bugünədək heç bir ödəniş etməmiş və müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5641/2021 saylı, 24 sentyabr 2021ci il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 88.000 (səksən səkkiz min) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi; İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə 25000 (iyirmi beş min) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 23 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 88.000 manat məbləğində və 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 manat məbləğində iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 23 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 88.000 manat məbləğində və 30 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 25.000 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə cavabdehin kredit borcunun ümumilikdə 45000 manat məbləğində olmasına dair gətirdiyi dəlillərə qiymət verərək, hesab edir ki, cavabdehin qeyd etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, şahid X1 cavabdehin qardaşı olduğundan onun ifadələri məhkəmə tərəfindən qeyri-səmimi və subyektiv hesab edilir. Digər şahid X3 cavabdehlə birgə işləmiş və ifadələri cavabdehin və digər şəxslərin ona dediyi məlumatlar əsasında vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şahid ifadələri mülki iş üzrə işin faktiki halları ilə bağlı həqiqəti əks etdirmir və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbini 78000 manat məbləğində borcun Cavabdeh tutularaq iddiaçıya qaytarılması hissəsində araşdıraraq hesab edir ki, iddiaçı tərəflər arasında 78000 manat məbləğində pul vəsaiti ilə bağlı borc münasibətlərinin olduğunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə iddiaçının 20000 manat əldən çıxmış fayda formasında ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini araşdıraraq hesab edir ki, iddiaçı cavadehin borcunu gecikdirməsi nəticəsində ona zərər dəyməsini, habelə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barədə hər hansı sübut məhkəməyə təqdim etmədiyindən, əldən çıxmış fayda formasında ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. İddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərir ki, qeyd olunan məsələ ilə bağlı Cavabdeh ilə 2018-ci il tarixində alqı-satqı işləri ilə əlaqədar qonşuluqda tanış olmuşlar. Bir müddət sonra cavabdeh özünə məxsus olan torpaq və obyektləri ona göstərmiş və həmin əmlakları satacağını bildirirərək ona da təklif etmişdir. O, da şəxsi ehtiyacları üçün torpağı ona təklif olunan məbləğdə pulunun olmadığını və hissə-hissə ödəyəcəyi şəkildə razılığa gəlmiş, cavabdeh isə öz nöbəsində pulun müqabilində obyektə aid sənədləri (çıxarışın əslini) ona verərək etibardan sui-istifadə edərək onda qalmasını və pulu tam ödədikdən sonra alqı-satqının olunmasını qeyd etmişdir. O isə məsələnin icrası ilə əlaqədar pulu dostlardan, qohumlardan, tanışlardan toplayaraq bir qismini 23 aprel 2018-ci il və 30 aprel 2018-ci il tarixlərində Bakı şəhəri 16 və 30 saylı notariat kontorunda 25.000 (iyirmi beş min) manat və 88.000 (səksən səkkiz min manat) manat olmaqla cəmi 113.000 (yüz on üç min) manat məbləğində kredit müqavilələrinə əsasən və qalan hissəni isə inanaraq şifahi razılıq əsasında (rəsmi olmayan aramızda şifahi əqd əsasında) fərqli tarixlərdə müxtəlif məbləğləri olmaqla cəmi 78000 (yetmiş səkkiz min) manat pulu şahidlərin iştirakı ilə notarial qaydada yox, sübut edən video görüntü ilə qeydə alınmış və öz təsdiqini tapmış formada vermişdir. Qeyd olunan məbləğ tam ödənildikdən sonra cavabdeh aralarında olan məsələ ilə bağlı verdiyi sözü tutmamış və onu aldatmışdır. Yuxarıda qeyd olunan məbləğlərdən bu günə kimi bir manat da olsa qaytarmamışdır. Cavabdeh bir neçə məhkəmə prosesi zamanı məhkəmə prosesini təxirə salaraq borcu qaytardığını və ya borcun olmadığını təsdiq edən sübut sonradan məhkəməyə təqdim etmədiyi şifahi sübutlara istinad edərək, aralarında olan mülki münasibətlərin olduğunu göstərmiş, lakin bu mülki münasibətlərin mövcudluğunu əsaslandıran hər hansı sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi də əsassız olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə istinad edərək, iddiaçını sübut etmə vəzifəsindən azad etmişdir. Cavabdehdən ona verilmiş iddia tələbində göstərilən 23 aprel 2018-ci il və 30 aprel 2018-ci il tarixlərində Bakı şəhəri 16 və 30 saylı notariat kontorunda 25000 (iyirmi beş min) manat və 88000 (səksən səkkiz min manat) manat olmaqla cəmi 113000 (yüz on üç min) manat kredit müqavilələrinə əsasən, borcun və əlavə olaraq 78000 (yetmiş səkkiz min) manat sübut edən video görüntü ilə qeydə alınmış və öz təsdiqini tapmış pulun alınması ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına və rayon prokurorluğuna rəsmi şəkildə müraciət etmiş və hal-hazırda şikayət ərizələri hüquq mühafizə orqanlarının və rayon prokurorluğunun icraatındadır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, 23 aprel 2018-ci il tarixdə notariat orqanında ona hər hansı bir məbləğdə borc verilməmişdir. İddiaçının təqdim etdiyi video çəkilişdə göstərilən, yəni iddiaçının ona verdiyi pullar 23 aprel 2018-ci ildə rəsmiləşdirilən kredit müqaviləsi üzrə, müqavilə bağlananadək verilən pullar olubdur. Bu pulun cəmi də 88000 manat deyil, 40000 manat olmuş, yəni iddiaçı müqavilə bağlananadək ona 88000 manat yox, cəmi 40000 manat veribdir. Ancaq iddiaçının təzyiqi ilə 88000 manat borc almasına dair kredit müqaviləsini imzalamışdır. Digər müqavilə üzrə isə iddiaçıdan 25000 manat deyil 15000 manat almışdır. Lakin müqavilədə yenə də artıq göstərilib.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
Həmin qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hisssədə də iddianın təmin edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın təmin edilməyən hissəsində, yəni 78000 manat borca və zərərə dair faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik də cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün iddia həmin hissələrdə haqlı sayılmır.
22. İddiaçı təmin edilən hissə üzrə tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmiş, təmin edilməyən hissə üzrə isə istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Yəni, iddiasının əsası kimi istinad etdiyi halları özü sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü onun üzərinə düşür.
23. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, təmin edilməyən hissə üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
24. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı haqqında yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə, yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri həm notariat qaydasında təsdiq edilmiş müqaviləyə, həm də şifahi müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən şifahi müqavilə üzrə hər hansı bir məbləğdə borc almadığını, əksinə aldığı borcun sonradan notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə şişirdilmiş şəkildə rəsmiləşdirdiyini bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında xx.xx.2018-ci il tarixli 88000 manat və xx.xx.2018-ci il tarixli 25000 manatla kredit müqavilələri üzrə qətnamə çıxarılmış və həmin məbləğlərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin qətnamənin həmin hissəsini mübahisələndirmək imkanı aradan qalxmışdır. İddiaçı da həmin hissədən məmnundur, deməli bu hissələr mübahisələndirilmir.
26. Buna baxmayaraq iddiaçı cavabdehə qeyd olunan məbləğlərdən əlavə 78000 manat verdiyini də iddia edir və bununla bağlı məhkəməyə videoçəkilişi əks etdirən disk də təqdim edib. Apellyasiya baxışı zamanı da həmin diskə baxıldı. Düzdü, həmin videoyazıda iddiaçının cavabdehə hansısa məbləğdə pullar verdiyi və cavabdehin də həmin pulları saydığı görünür. Lakin həmin pulların cavabdehə verildiyi iddia olunan 78000 manatın tərkibinə aid olan pullar olduğu təsdiq edilmir. Başqa sözlə videoyazıda iddiaçı bəyan etmir ki, həmin pullar notarial qaydada təsdiq edilən kredit müqavilələrində nəzərədə tutulan pullar deyil başqa pullardı, əksinə cavabdeh apellyasiya baxışı zamanı izahatında aldığı həmin pulların sonradan kredit müqavilsəi üzrə rəsmiləşdirilən pullar olduğunu göstərir. İddiaçı isə cavabdehin gətirdiyi bu arqumentləri təkzib edəcək hansısa mötəbər dəlillər göstərmədi.
27. Deməli, iddiaçının cavabdehə əlavə 78000 manat verməsi də açıq-aşkar əsassız iddia olmuşdur. Birdəki, əgər iddiaçı digər iki notarial qaydada təsdiq edilmiş müqavilə üzrə cavabdehə borc vermişdirsə, onda 78000 manat verərkən də bu müqavilənin notarial qaydada təsdiq olunmasına nail ola bilərdi. Başqa sözlə, 78000 manat vermişdirsə bu məbləği də notarial qaydada təsdiq edilmiş müqavilə(lər) əsasında verə bilərdi. Ancaq verməyib, demək ki, bu hallar da həmin hissədə iddianın və şikayətin əsassızlığına dəlalət edir. Çünki, iddiaçının gətirdiyi bu dəlillər həm də inandırıcı və ağlabatan deyil. 28.İddia tələbinin əldən çıxmış faydanın əvəzi olaraq 20000 manatın və mənəvi ziyanın əvəzi olaraq 5000 manatın cavabdehdən onun xeyrinə tutulması hissəsi üzrə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Çünki, iddiaçı iddia tələbinin bu hissələri üzrə də əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində də ona mənəvi zərər vurulması ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçıya mənəvi zərər vurması isə inandırıcı və ağlabatan görünmür.
29. Başqa sözlə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir.
30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5641/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5641/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.