Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6459/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-171/2022 saylı 02 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan 00-xx-xx-012414 nömrəli 30 mart 2015-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi, X3 ilə İddiaçı ASC arasında illik faiz dərəcəsi 28 % olmaqla, 48 ay müddətinə 4642 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır.
2. AZ-İ seriyalı 916546 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 23 yanvar 2018-ci il tarixdə vəfat etmişdir.
3. 05 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22 yanvar 2018-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsəsi arvadı Cavabdeh müəyyən olunmuşdur.
4. Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, 2542,41 manat kompensasiya hesablanmış və həmin məbləğ borcun azaldılmasına yönəldilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 3300,39 ABŞ dolları borcun (2741.81 ABŞ dolları əsas borcun, 558,58 ABŞ dolları məbləğində faiz borcunun) və ödənilmiş 77 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında 30 mart 2015-ci il tarixli 00-xx-xx-012414 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X2 48 ay müddətinə 4642 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə ASCyə əsas borcu 2741,81 ABŞ dolları, faiz borcu 558,58 ABŞ dolları, ümumilikdə 3300,39 ABŞ dolları məbləğində borc təşkil edir. 05 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 vərəsəsi Cavabdeh Əbdülrəhim qızıdır. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
7. 18 fevral 2022-ci il tarixli M/19-1178 nömrəli maliyyə arayışından göründüyü kimi, X3 30 mart 2015-ci il tarixli, 00-xx-xx-012414 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 28 % hesablanmaq şərti ilə 4642 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit vəsaitindən istifadə müddəti 30 mart 2019-cu il tarixində bitmişdir. 30 mart 2015-ci il tarixli, 00-xx-xx-012414 saylı kredit müqaviləsi üzrə X1 "xxxx" ASCyə 2741,81 ABŞ dolları əsas, 558,58 ABŞ dolları faiz borcu, cəmi borcu 3300,39 ABŞ dolları borcu vardır.
8. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 avqust 2022-ci il tarixli 2(094)-171/2022 saylı qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia təmin edilmiş, cavabdehdən 2741,81 ABŞ dolları əsas, 558,58 ABŞ dolları faiz, cəmi 3300,39 ABŞ dolları ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 77 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Cavabdeh Əbdülrəhim qızı borclu X1 vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsini tələb etmək hüququ yaranır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 739.2, 741, 448, 445.2.1, 1133.1, 1133.2, 1151.1, 1306.1, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, mərhum həyat yoldaşı X3 həmin kredit məbləğini qızı X4 üçün götürmüşdür. Həmin işlərlə qızı məşğul olmuşdur. Həyat yoldaşı 2018-ci ilin yanvarın 22-də vəfat etmiş, bu zaman banka xəbərdar etmiş və ölüm kağızını təqdim etmişlər. 15 fevral 2019-cu il tarixdə qızı X4 da vəfat etmişdir. Bütün sənədlərlə qızı məşğul olduğu üçün onlarda heç bir sənəd olmamışdır. Həyat yoldaşı rəhmətə getdikdən sonra həmin borc artıq tələb olunmadığı üçün silindiyini düşünmüşlər. İş materiallarından da göründüyü kimi kredit 2015-ci il tarixdə verilmişdir. Bank məhkəməyə müraciət edərkən iddia müddətini də ötürmüşdür. Həyat yoldaşı 2017-ci il tarixə kimi borcundan ödənişlər etmişdir. Banka ödəməli olduğu borc məbləğinin bir hissəsi isə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası dairəsinə düşmüş və borcun bir hissəsi restrukturizasiya olunaraq silinmişdir. Həmin fərmana əsasən qalan borcun ödənilməsi mexanizminin həlli məqsədilə bank ilə 2019-cu il dekabr ayının sonunadək yeni müqavilə bağlamalı və qalıq borcu bankla müəyyənləşdirilmiş yeni ödəniş cədvəli əsasında ödənilməli idi. Lakin bank tərəfindən heç bir bildiriş gəlmədiyi üçün və həyat yoldaşının vəfatı ilə əlaqədar borcun silindiyini düşündüyü üçün banka müraciət etməmişlər. “
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin iddia müddətinin ötürüldüyünü qeyd etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 1133.1. “Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”.
21. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
22. Maddə 1151.1. “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”.
23. Maddə 1306.1. “vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Birinci instansiya məhkəməsi zamanı cavabdeh tərəf etiraz verərək, iddianın rədd edilməsini xahiş etmiş, eyni zamanda iddia müddətinin ötürüldüyünü də göstərmişdir.
34. Apelyasiya baxışı zamanı da ərizə təqdim edərək, iddianın iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsini xahiş etmişdir. Göstərilmişdir ki, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddia müddətinin ötürüldüyünü qeyd etmiş, lakin məhkəmə münasibət bildirməmişdir. Müqavilənin müddəti 30 mart 2021-ci il tarixdə bitməsinə baxmayaraq, məhkəmə 08 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
35. Kollegiya qeyd edir ki, nəzərə almaq lazımdır ki, başqasından nəyisə tələb etmək üçün qanunla müddət (iddia müddəti) müəyyən olunmuşdur.
36. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
37. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.».
38. Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.».
39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında isə məhz bank-kredit münasibətlərinə iddia müddətinin tətbiqin mümkünlüyü nəzərdə tutularaq, aşağıdakı məzmunda şərh verilmişdir: «İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.
40. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz.»
41. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir.
42. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız xx.xx.2022-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
43. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
44. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsində işə baxılarkən təqdim etdiyi etirazdan görünür ki, iddiaçının qanunla müəyyən olunmuş iddia müddətini ötürdüyünü göstərmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-171/2022 saylı iş üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.