Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-646/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı ”kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(004)-148/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı ”kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 700000 ABŞ dolları əsas borc, 8499,01 ABŞ dolları faiz, 241500 ABŞ dolları cərimə borcu, 55123,74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 1005122,75 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsümunun tutulması, tutmanın ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin şəxslərin məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(004)- 148/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən 25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsi üzrə 644959,60 manat borc və 2000 manat cərimə olmaqla cəmi 646959,60(altı yüz qırx altı min doqquz yüz əlli doqquz manat altmış qəpik) manat məbləğində borcun və ödənilmiş məhkəmə xərclərinin 30 (otuz) manat hissəsinin iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək ilkin satış qiymətinin ******* (bir milyon iki yüz min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və həmin mənzil satıldıqdan 1 ay sonra boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 72,50 (yetmiş iki manat əlli qəpik) manatının Cavabdeh1 MMC-dən, 72,50 (yetmiş iki manat əlli qəpik) manatının iddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ilk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən kredit müqaviləsindən göründüyü kimi kredit müqaviləsinin valyutası ABŞ dolları ilə ifadə edilmişdir. Kredit müqaviləsində kredit borcunun digər valyutaya çevrilməsi barədə hər hansı bir qeyd və ya tərəflər arasında valyutanın dəyişdirilməsi ilə bağlı hər hansı bir digər razılaşma mövcud deyil. Lakin məhkəmə cavabdehin əsassız mülahizələrinə əsaslanaraq Cəmiyyətin kredit məbləğinin manatla götürülməsi kimi yanlış nəticəyə gəlmişdir. Halbuki, hesabdan çıxarışdan görünür ki, hesab ABŞ dolları ilə olub. 28.11.2014-cü il tarixində 209051 saylı bank çeki ilə hesabdan 588000 ABŞ dolları, 05.12.2014-cü il tarixdə 209052 saylı bank çeki ilə 99200 ABŞ dolları məxaric edilərək Cəmiyyətin direktoru tərəfindən götürülməsi açıq-aydın görünür. Digər tərəfdən məhkəmə araşdırması zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert qarşısında nədənsə məbləğin manatla hesablanması ilə bağlı sual qoyulmuşdur. Ekspert qarşısında sualların belə formada qoyulması məhkəmə tərəfindən işin nəticəsinin yekun məhkəmə aktının çıxarılmasından əvvəl məlum etmişdir. Rəyin sübutlar siyahısından çıxarılmasını xahiş etsələr də, məhkəmə həmin ekspert rəyinə istinad edərək qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi bu hissədə ləğv edilməlidir. 12.04.2019-cu il tarixli 23373 saylı ekspert rəyi ilə Cəmiyyətin kredit müqaviləsi üzrə Bank qarşısında borcunun manatla olması ilə yanaşı əsas borc üzrə 678.200 manat, faiz borcu üzrə 18.259 manat olması qeyd edilmişdir. Məhkəmə qətnaməsində həmin ekspert rəyinə yalnız kreditin valyutasının manatla olması hissəsinə istinad olunmuşdur. Amma həmin ekspert rəyində əsas məbləğlə yanaşı faiz borcunun olmasına məhkəmə tərəfindən qiymət verilməmişdir. Məhkəmə yalnız kortəbii şəkildə rəqəmləri üst-üstə gələrək məbləğlə bağlı nəticə çıxarmışdır. Kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranmış cərimə borcu əsassız olaraq azaldılmışdır. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, ipotekaya qoyulmuş mülkiyyətində olan əmlaka tutmanın yönəldilməsi və əmlakın dəyərinin 1200 000 manat müəyyən olunmasıdır. Əmlak ipotekaya qoyulan zaman likvid dəyəri ******* manat qiymətləndirilmişdir. Həmin vaxt 1 ABŞ dollarının kursu 0,78 manat idi. Dollara çevirdikdə əmlakın likvid dəyəri ******* ABŞ dollarına yaxın olmuşdur. Azərbaycanın daşınmaz və avtomobil əmlakı bazarında həmişə bazar dəyəri ABŞ dolları ilə qiymətləndirilmişdir. 2014cü ilin payızında ******* ABŞ dolları olan əmlakın dəyəri necə ola bilər ki, 2019-cu ildə ******* manat, cəmi 700 min dollara yaxın olsun? Əmlak ipotekaya qoyulduqdan sonrakı dövrdə həmin əmlakda xeyli dərəcədə yaxşılaşdırma işləri aparılmış, əsaslı təmir olunmuş və s. bütün bunlar əmlakın dəyərini artırmışdır. Hazırkı vəziyyətdə onun əmlakının bazar dəyəri 4 milyon manata yaxındır. Belə bir əmlakın ******* manat müəyyən edilərək MMCnin borcuna görə hərraca çıxarılması onun mülkiyyət hüquqlarının pozulmasıdır. Məhkəmə onun iştirakı, məlumatı olmadan əmlakını bankın istədiyi qiymətə satışa çıxarmaq barədə qərar verməklə onun hüququnu pozmuşdur. Ona görə də məhkəmə qətnaməsi ləğv olunmalıdır. Ümumiyyətlə, hüquqi şəxs olan "xxxx" MMC-nin bankdan götürdüyü kreditin ödənməsinə görə onun əmlakına tutmanın yönəldilməsi qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X5 iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, QSC “Bank Standart” KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 25.11.2014cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 18% olmaqla, 700000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti vermişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən borc alana kredit xətti üzrə pul vəsaitləri borc alanın yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit xətti üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir. 209051 və 209052 saylı bank çeklərinin kötüyünə əsasən Cavabdeh1 MMC tərəfindən bankdan həmin kredit öhdəliyi üzrə 26.11.2014-cü il tarixdə 588000 manat, 05.12.2014-cü il tarixdə isə 99200 manat məbləğində pul mədaxil edilmişdir. Kredit müqaviləsi üzrə MMC-nin bankdan aldığı məbləğ 588000+99200=687200 manat olmuşdur. 25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası 25.11.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 1.200.000 manat müəyyən edilmişdir. Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 29.01.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. QSC “Bank Standart” KB-nin 16.06.2017-ci il tarixli maliyyə arayışından görünür ki, 25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsi üzrə cavabdeh "xxxx" MMCnin 700000 ABŞ dolları əsas borc, 8499,01 ABŞ dolları faiz, 241500 ABŞ dolları məbləğində cərimə borcu, 55123,74 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 1005122,75 ABŞ dolları kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.04.2019-cu il tarixli, 23373 saylı ekspert rəyinə əsasən 21.02.2015-ci il tarixə Cavabdeh1 MMC-nin QSC "xxxx" KB-yə olan borcu 705459,60 manat məbləğində, o cümlədən: - əsas borc —687200 manat; - faiz borcu --18259,60 manat. Cavabdeh1 MMC tərəfindən QSC "xxxx" KB-yə 27.04.2015-ci il tarixdən 18.02.2018-ci il tarixədək 60500 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla qalıq borcun 644959,60 manat olduğu müəyyən edilmişdir (687200+18259,60-60500=644959,60 manat). Məhkəmə kollegiyası ilk növbədə iddiaçının kredit müqaviləsində borc məbləğinin ABŞ dolları ilə ifadə olunduğu, birinci instansiya məhkəməsinin isə yanlış olaraq cavabdeh tərəfindən kreditin manatla götürülməsi barədə gəldiyi nəticə ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, QSC “Bank Standart” KB ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit xətti müqaviləsində kreditin valyutası ABŞ dolları ilə ifadə olunsa da, kreditin dollarla verilməsinə dair hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, “Arxiv sənədlərinin yararsız hala düşdüyünə dair 16.10.2017-ci il AKT”-dan görünür ki, nağd vəsaitin verilməsi haqqında kassa məxaric orderləri kanalizasiya kəmərinin partlaması nəticəsində baş vermiş qəzada yarasız hala düşdüyü qeyd edilmişdir. Həmçinin, nağd vəsaitinin verilməsi haqqında iş materiallarında hər hansı təsdiqedici ilkin mühasibat sənədləri mövcud deyildir. İddiaçı tərəfindən həmin vəsaitin ABŞ dolları ilə verilməsi barədə hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə iş materiallarında olan sübutlar əsasında qərar qəbul edilməli olmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının borc məbləğinin düzgün hesablanmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, borc məbləği də ekspert rəyinə əsasən tutulmuşdur. Belə ki, QSC "xxxx" KB ilə Cavabdeh1 MMC arasında bağlanmış 25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsi üzrə bankdan 26.11.2014-cü il tarixdə 588000 manat, 05.12.2014-cü il tarixdə 99200 manat götürüldüyü nəzərə alınmaqla, həmin məbləğlərin illik 18 faizlə hesablanmalı olan faiz məbləğinin, Cavabdeh1 MMC tərəfindən kredit məbləğindən banka edilmiş 71000 (10500+10500+50000) manat ödəniş nəzərə alınmaqla, qalan əsas borcun və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.04.2019-cu il tarixli, 23373 saylı ekspert rəyinə əsasən 21.02.2015-ci il tarixə Cavabdeh1 MMC-nin QSC "xxxx" KB-yə olan borcu 705459,60 manat məbləğində o cümlədən: - əsas borc —687200 manat; - faiz borcu - 18259,60 manat, Cavabdeh1 MMC tərəfindən QSC "xxxx" KB-yə 27.04.2015-ci il tarixdən 18.02.2018-ci il tarixədək 60500 manat məbləğində ödəniş aparıldığı nəzərə alınmaqla qalıq borcun 644959,60 manat olduğu müəyyən edilmişdir (687200+18259,60-60500=644959,60 manat). Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən ekspert rəyi ilə müəyyən edilmiş 18259,60 manat faiz borcunun tutulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 705459,60 manat ümumi borc məbləğindən (687200 manat əsas borc+18259,60 manat faiz borcu) Cavabdeh1 MMC tərəfindən QSC "xxxx" KB-yə 27.04.2015-ci il tarixdən 18.02.2018-ci il tarixədək 60500 manat məbləğində aparılmış ödəniş çıxılmaqla alınmış qalıq borc-644959,60 manatın-məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borc məbləğinin tərkibinə əsas və faiz borcu da daxildir. Apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə ekspertizası mərkəzinin 03.08.2021-ci il tarixli 9/2459 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəməmühasibat ekspertizası təyin edilmiş və ekspert qarşısında “25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə ödəmələr də nəzərə alınmaqla Cavabdeh1 MMC tərəfinən Banka ödənilməli əsas, faiz və cərimə borcu nə qədər təşkil edir və 25.11.2014-cü il tarixli, saylı kredit müqaviləsi üzrə işdə olan maliyyə arayışının tərtib edildiyi 16.06.2017-ci il tarixə ödəmələr də nəzərə alınmaqla Cavabdeh1 MMC tərəfindən Banka ödənilməli əsas, faiz və cərimə borcu nə qədər təşkil edir” sualları qoyulmuşdur. Bildirilir ki, iş materiallarında olan pul vəsaitinin məxaric edilməsini təsdiq edən çek kitabçası mövcuddur. Həmin pul vəsaitinin məxaric edilməsini təsdiq edən çek kitabçasında olan çek BS № 209053 əsasən 588000, çek BS № 209052 əsasən isə 99200 məbləğində pul vəsaitinin məxaric olunduğu göstərilmiş, lakin həmin pul vəsaitinin hansı valyutada olduğu çeklərdə öz əksini tapmamışdır. Bundan başqa iş materiallarında olan “Arxiv sənədlərin yararsız hala düşdüyünə dair 16.10.2017-ci il AKT”dan göründüyü kimi, nağd vəsaitin verilməsi haqqında kassa məxaric orderləri kanalizasiya kəmərinin partlaması nəticəsində baş vermiş qəzada yararsız hala düşdüyü qeyd edilmişdir. Bundan başqa nağd vəsaitinin verilməsi haqqında iş materiallarında hər hansı təsdiqedici ilkin mühasibat sənədləri mövcud deyildir. Beləliklə hazırkı tədqiqatla bütün yuxarıda göstərilənləri nəzərə alaraq "xxxx" QSC ilə Cavabdeh1 MMC arasında 25 noyabr 2014-cü il tarixli, 170/01/2456/14 saylı bərpa olunan kredit xətti müqaviləsi üzrə Cavabdeh1 MMC-nin "xxxx" QSC-yə olan borcunu müəyyən etmək mümkün olmadı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 385.1, 386.1, 442, 443.1, 443.2, 443.3, 445.2, 448.1, 448.2, 462.1-ci maddələrinə istinad edərək borc məbləğinin tutulması ilə bağlı əsaslı nəticəyə gəlmişdir. Kredit müqaviləsi üzrə cərimə məbləğinin məhkəmə tərəfindən əsassız olaraq azadılması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, 25.11.2014-cü il tarixli, 170/01/3456/14 saylı kredit müqaviləsi üzrə borcun manatla verilməsini nəzərə alaraq borcun vaxtında ödənilməməsinə görə 241500 ABŞ dolları dəbbə pulu 241500 manat kimi qəbul etməklə tənasübsüz surətdə yüksək dəbbə pulunu 2000 manat məbləğinədək azaltmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan faiz məbləğinin tutulması” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə faiz deyil, əldən çıxmış fayda şəklində zərər tələb etməli olduğuna və iddia tələbi həmin hissədə heç bir mötəbər sübutla təsdiq olunmadığına görə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 33, 34, 36.1, 36.3, 59.3 və 59.4-cü maddələrinə istinad edərək tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyəri ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC tərəfindən tərtib edilmiş 23.09.2019-cu il tarixli LP -138/19 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı bazar dəyəri ******* (iki milyon beş yüz əlli min) manat müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinə münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinin kifayət qədər ətraflı və müfəssəl tərtib edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, "xxxx" MMC tərəfindən verilən ekspert rəyi ilə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(004)- 148/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2(103)-646/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-646/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver