Məhkəmə qərarları › İş №2(103)-646/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-646/2022

13.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-646/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə X7 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. 1996-cı ildən etibarən həyat yoldaşı Qurbanov Etibarla Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə köçərək həmin mənzildə təsərrüfatı birgə idarə etməklə bir ailə kimi yaşamış və həyat yoldaşı 18 fevral 2016-cı ildə vəfat etmişdir. Qeyd edir ki, yaşadığı mənzil qayınatası X2 mülkiyyətində olmuş və o, 23 mart 2021-ci ildə vəfat etmişdir. Ölümündən öncə qayınatası Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə qeydiyyata alınmağına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, onun X8 ilə birgə nikahından 1996-cı il təvəllüddlü X17, 1999-cu il təvəllüdlü X9 və 2009-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir və hər 3 uşağı yaşadıqları Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Kollegiya) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Apellyator digər əsaslar da göstərərək iddianın təmin olunmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işin baxılmasına cəlb edilmiş, lakin Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işin baxılmasına cəlb edilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini və cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunması barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan; 36 saylı MKİS-in 05.03.2021-ci il tarixli 36/3301 №-li arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsindəki 2 saylı evin 81 №-li mənzilində X12, Cavabdeh2, Cavabdeh1, X9, X17, X3, X18 qeydiyyatdadırlar. Mənzilin icarədarı X13 23.03.2012-ci il tarixdə vəfat etmişdir. X10 tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ünvanlanmış və 16 yanvar 2008-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X10ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsindəki 2 saylı evin 81 №-li mənzilinə, gəlini İddiaçı qeydiyyata alınmasına etiraz etmir. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 29.03.2012-ci il tarixdə verilmiş AZ-İ 534746 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 23 mart 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu baradə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 03 ayınln 29-cu günündə 235 № ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 27.10.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 564427 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 02 noyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçı İsrayıl qızıdır; Bakı şəhəri Nərimanov Rayon VVADQ şöbəsi tərəfindən 11.02.1998-ci il tarixdə verilmiş VİJQ seriyalı 452543 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, X7 ilə İddiaçı arasında 11 fevral 1998-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir; Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 18 iyun 1997-ci il tarixdə verilmiş V-JQ 280178 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 18 iyun 1997-ci il tarixdə Bakı şəhərində ölməsi 432 № ilə qeyd edilmişdir; Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 01 mart 2016-cı il tarixdə verilmiş AZ-İ 796965 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 18 fevral 2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu baradə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 03 ayınln 01-ci günündə 85 № ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.06.2021-ci il tarixli, **********09 №-li məktubundan görünür ki, məhkəmənin Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2, 81 nömrəli mənzilə dair məlumatın və müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2, 81 nömrəli mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan SSR Bakı şəhər X11 İcraiyyə komitəsinin 199780 №-li, 20 may 1986cı il tarixli orderindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2,81 nömrəli mənzil 7 nəfər ailə üzvü ilə birlikdə X6 verilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materialları ilə müəyyən edildiyi kimi X7 ilə İddiaçı arasında 11 fevral 1998-ci il tarixdə nikah bağlanmış, yəni tərəflər arasında hüquq münasibətləri həmin tarixdə yarandığından hazırki mübahisəyə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) müddəaları tətbiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir və gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisəli mənzil dövlət mənzil fonduna aid olan mənzildir, yəni iddiaçının iddia etdiyi kimi qaynatası X2 mülkiyyətində olmamış və sonuncunun ölümündən sonra həmin mənzilə vərəsəlik hüququ yaranmamışdır. Mənzil Məcəlləsinin tələblərinə əsasən isə göstərilən mənzilə ailə üzvləri və ya başqa şəxsləri köçürmək hüququ icarədara məxsusdur. Hazırki halda mübahisəli mənzilin icarədarı müəyyən edilməmiş, yəni icarədarın ölümündən sonra mənzildə yaşayan və onun ailə üzvləri olan şəxslər mənzilin icarədarının müəyyən edilməsi üçün müraciət etməmişlər. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin icarədarı müəyyən edildikdən sonra İddiaçı icarədarın razılığı ilə göstərilən mənzilə istifadə hüququnun tanınması ilə əlaqədar hüququnu həyata keçirdə və ya yaranan mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə gəldiyi nəticə onun müəyyən etdiyi faktiki hallara uyğun olmamışdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, dövlət mənzil fonduna aid olan mübahisəli mənzil iddiaçının qayınatası, mərhum X2 mülkiyyətində olmasa da, X2 həmin mənzilin icarədarı olması mübahisəsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar -adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı nikaha girməsi ilə əlaqədar 1996-ci ildə X7 tərəfindən mübahisəli mənzilə köçürülmüş və icarədarla, eləcə də icarədarın digər ailə üzvləri ilə birgə təsərrüfat aparmaqla mənzildə yaşamış, həmin vaxt iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə icarədar (qayınatası) X2 razılığı olmuş, hətta sonradan icarədar iddiaçının həmin mənzilə pasporta qeydiyyatına alınmasına dair yazılıq razılıq ərizəsi də vermiş, icarədarla birgə yaşayan digər ailə üzvlərinin buna hər hansı formada etirazlarını ifadə etməmişlər. Belə olan halda, iddiaçının mübahisəli mənzilə istifadə hüququ məhkəmə qaydasında tanınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar