Məhkəmə qərarları › İş №2(103)-6462/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6462/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6462/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1216/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4.610,10 manat məbləğində zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4.640,10 manat məbləğində pul vəsaitinin Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 18 dekabr tarixdə 6943 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və «X2»nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X2nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən cəmi 4.591,10 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Bundan əlavə 37 manat məbləğində ödənilməmiş debitor borcu mövcud olmuşdur. 11/2019 və 12/2019-cu il tarixdə 30 manat ödəniş edilmiş, həmin ödənişlərdən 18 manat borca tutularaq ümumi borcdan silinmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumilikdə 4.610,10 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikası DNŞ-nin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X2»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında» 29.06.2020-ci il tarixli 356 nömrəli Fərmanının 9-cu bəndində qeyd olunur ki, İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1216/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında təbii qazın alqısatqısı barədə müqavilədə dəqiq tarix göstərilməmiş olsa belə, istehlakçı təbii qaz istehlak etdiyi ünvanda 28.09.2012-ci il tarixdən təbii qa istehlakçısıdır. İstehlakçının 09/2012-ci il tarixdən təbii qaz istehlakçısı olduğu müəyyən etmək üçün adına Nardaran kəndindəki ünvan üzrə qeydiyyata alınmış abonent saldosuna baxmaq kifayətdir. Birinci instansiya məhkəməsi unutmuşdur ki, tərəflər arasında yarancaq öhdəlik yalnız müqavilə üzrə deyil, eyni zamanda da dəymiş zərədə görə də yarana bilər. Belə ki cavabdeh 12/2016-cı il tarixdən etibarən fərdi yaşayış evinin yaxınlığından keçən iddiaçı Birliyə məxsus ümumi qazpaylayıcı xəttə qanunsuz qoşularaq təbii qazdan özbaşına istifadə etməklə Birliyə maddi ziyan vurmuşdur. Cavabdeh 2012-ci il tarixdən bugünə kimi təbii qazdan istifadə üzrə cəmi 30 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh müxtəlif dövrlərdə müxtəlif kustar üsullarla özünə məxsus fərdi yaşayış evinin yaxınlığından keçən ümumi qazpaylayıcısı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğn izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, qeyd olunan ünvana 2011-ci ildə köçmüşdür. Evə köçən vaxt qaz xəttinə qanunsuz qoşulma var idi, köçəndən sonra isə həmin qanunuz xətti ayırmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, hesab etmişdir ki, müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilədə tarix göstərilmədiyindən və müqavilənin hansı tarixdə imzalandığını müəyyən etmək mümkün olmadığından, iş materiallarına əlavə edilmiş “təbii X2nın pozulması haqqında” aktlara və digər sənədlərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Normanın tələblərindən göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün iştirakçılar arasında müqavilə olmasından başqa öhdəliyin yaranması üçün zərər vurulması da kifayətdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı İB Cavabdeh məxsus Sabunçu rayonu, Nardaran kəndi, X4 (Ə.Qarayev küçəsi) küçəsindəki fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır və cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh də həmin faktı mübahisələndirməmiş və qaz xəttinə qanunsuz qoşulmanın olmasını təsdiq etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan ünvanda qaz xəttindən qeyriqanuni şəkildə istifadə etməsi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X2»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin iddiaçı tərəf qanunsuz xətti aşkar etsə də, həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmişdir. Bunun əksinə olaraq isə müxtəlif tarixlərdə 30 akt tərtib etmişdir. Belə ki, 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında 235,20 manat; 2. 24.01.2017-ci il tarixli ******* saylı akt əsasında 132,40 manat; 3. 20.02.2017-ci il tarixli ******* saylı akt əsasında 38,80 manat; 4. 27.0.2017-ci il tarixli ******* saylı akt əsasında 50,40 manat; 5. 11.05.2017-ci il tarixli ******* saylı akt əsasında 59,60 manat; 6. 24.10.2017-ci il tarixli ******* saylı akt əsasında 186 manat; 7. 22.11.2017-ci il tarixli ******* saylı akt əsasında 35,80 manat; 8. 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 695 manat; 9. 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat; 10. 13.03.2018-ci il tarixli ******* saylı akt əsasında 207,20 manat; 11. 13.04.2018-ci il tarixli ******* saylı akt əsasında 178,60 manat; 12. 11.05.2018-ci il tarixli ******* saylı akt əsasında 66,40 manat;

13. 13.06.2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat; 14. 27.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 15. 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 16. 28.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat;

17. 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 18. 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; 19. 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat; 20. 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 135 manat; 21. 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 22. 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 23. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 24. 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 25. 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 26. 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 27. 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28. 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29. 28.02.2020ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; 30. 18.03.2020-ci il tarixli ******* saylı akt əsasında 177,10 manat olmaqla, cəmi 4.591,10 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunsuz xəttin ilk olaraq müəyyən edilməsi barədə akta əsasən tələb edilən məbləğ cavabdehdən tutulmalıdır. Buna görə də iddia tələbi - 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında hesablanmış 235,20 manatın cavabdehdən tutulması hissəsində əsaslı olmuşdur. Həmçinin kollegiya qeyd edir ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə müəyyən edilmiş, cavabdeh istifadə olunan təbii qazın dəyər məbləğini vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin 36 manat debitor borcu yaranmışdır. Belə ki, abonentin saldosundan görünür ki,03/2020-ci il tarixdən 05/2021-ci il tarixə qədər cavabdehin üç ay ərzində mexaniki tipli qaz sayğacı üzrə faktiki istehlak etmiş olduğu qaz sərfiyyatına görə 36 manat debitor borcu mövcuddur və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, maddi və prosessual hüquq normalarının tələblərinə tam cavab vermir. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, apellyasiya şikayətinə görə dövlət rüsumu iddiaçı tərəfin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT E T D İ:

İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1216/2021 saylı iş üzrə qəbul etdiyi 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. 09.12.2016-cı il tarixli ******* saylı akt əsasında hesablanmış 235,20 (iki yüz otuz beş manat iyirmi qəpik) manat və debitor borca görə hesablanmış 36 (otuz altı) manat, cəmi 271.20 (iki yüz yetmiş bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı İB-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar