Məhkəmə qərarları › İş №2(103)-6464/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6464/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6464/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «subroqasiya hüququndan istifadə edilərkən iddia müddətinin axımının başlandığı vaxtın düzgün müəyyən edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2019/2024 saylı, 01 oktyabr 2024cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri X1 İdarəsi tərəfindən tərtib edilmiş 06 dekabr 2018-ci il tarixli İnzibati xəta haqqında protokola və arayışa əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə “Volkswagen Tiguan” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur və təqsir Cavabdeh olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır.

2. İcbari sığorta müqaviləsi ilə “Volkswagen Tiguan” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.

3. 500,62 AZN sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkmişin hesabına ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500,62 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu əvəzinin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Volkswagen Tiguan” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “Volkswagen Tiguan” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 500,62 (beş yüz manat altmış iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2019/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan “Volkswagen Tiguan” markalı, ** TS *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən digər avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində şəxsə dəyən ziyanın əvəzi olan 500,62 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, yəni 500,62 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı bildirdiyinə münasibətdə qeyd edib ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında hazırki müqavilə üzrə mübahisə 2018-ci il tarixdə yaranmışdır. Bu səbəbdən, iddia ərizəsi məhkəməyə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməklə xx.xx.2024-cü il tarixdə verildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməli və iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə məhkəməyə verildiyindən təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətində göstərir ki, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 500,62 (beş yüz manat altış iki qəpik) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. “İcbari sığortalar haqqında” Qanun

Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar “İcbari sığortalar haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia haqlı sayılırdı.

21. Belə ki, hazırki iddia tələbinin qanuni əsasının “İcbari sığortalar haqqında” Qanunun 25.1., 25.1.8 və 63.1-ci maddəsi təşkil edir. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırkı iş üzrə də cavabdehin hadisə yerindən yayınması işin mübahisəsiz halıdır. Bunu cavabdeh də inkar etmir. Mübahisələndirilən yeganə hal iddia müddətinin müddəti ilə bağlıdır.

22. Birinci instansiya məhkəməsi hazırkı tələbi müqavilə tələbi kimi qiymətləndirərək iddia müddətinin üç il olduğunu əsas götürüb iddia müddətini tətbiq etməklə iddianın rədd etmişdir. Lakin hazırkı tələb üzrə iddia müddətinin 10 il təşkil etməsi də artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur və bu fakt məhkəməyə bəlli olmalı idi. Ancaq bəlli olmayıb. Ona görə də iddiaçı nə cavabdehin, nədə məhkəmənin bu mövqeyi ilə razılaşmır və səbəblərini apellyasiya şikayətində göstərir. 23.Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 936.1-ci maddəsində də subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İddiaçı sığortaçı olaraq icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığortalıya sığorta ödənişini vermişdir. Demək ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı subroqasiya hüququ qanuna əsasən sığorta ödənişini etdiyi vaxtdan yarandığından(Ali Məhkəmənin 3 ulduzlu qərarına əsasən sığorta hadisəsi baş verdiyi vaxtdan, yəni xx.xx.2018-ci ildən başlamalıdır), və müddətin sonuncu günü 06 dekabr 2028-ci il tarixdə bitməli idi. İddiaçı da 10 il müddət bitməmiş, yəni 12 sentyabr 2024-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edib, deməli iddia müddətini ötürməmişdir.

24. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2019/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilərək Cavabdeh 500,62 (beş yüz manat altmış iki qəpik) manat alınaraq iddiaçıya ödənilməli, eləcə də iddia təmin edildiyindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2019/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Cavabdeh 500,62 (beş yüz manat altmış iki qəpik) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia təmin edildiyindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar