Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6465/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh, nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)-314/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 314/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(005)- 314/2020 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti müddət buraxıldığından geri qaytarılmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020- ci il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı iddiasını qismən təmin etmişdir. Həmin qətnaməni rəsmi sürətdə almamışdır. Yalnız İcra məmuru ona məktubu göndərəndə bu barədə məlumatı olmuş və xx xxxxx 2020-ci il tarixində məhkəməyə müraciət edərək həmin qətnaməni almış və qətnamədən qanunla müəyyən edilmiş müddətdə şikayət vermişdir. Lakin Nərimanov Rayon Məhkəməsi heç bir əsas və dəlil olmadan guya qətnaməni xx xxxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza etməklə aldığını göstərir. Halbuki, bu cür xəbərnamə mövcud ola bilməz, olsa belə, həmin imza ona məxsus deyil və saxtadır, göstərilən ərəfədə o, ümumiyyətlə Bakı şəhərində olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 314/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Apelyasiya baxışı zamanı cavabdeh və təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı və təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə poçt rabitəsi ilə göndərilmiş, həmin qətnamənin təqdim edilməsinə dair xəbərnamənin üzərində xx.xx.2020-ci il tarixi, “Cavabdeh” soyadı və imza qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən imzanın cavabdeh tərəfindən icra edilibedilmədiyini, qətnaməni cavabdehin şəxsən alıb-almadığını araşdırmadan şikayətə dair qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdıraraq qətnamədən apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılıb-buraxılmadığı barədə qərar qəbul etməlidir. Ona görə də qərardad ləğv olunmalı, şikayət yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(005)- 314/2020 nömrəli qərardadı ləğv edilsin və iş şikayətə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6465/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6465/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver