Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6466/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6089/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa və avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6089/2023 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 165 manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan görünür ki, Cavabdeh1 Oğuz rayonu, Xaçmaz kəndi, Cavabdeh2 isə ünvan 1 ünvanında qeydiyyatdadırlar, iddiaçı isə hazırkı iddianı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.6-cı maddəsinin tələblərinə istinad edərək vermişdir. Həmin istinad əsaslı hesab etmirəm. Belə ki, hazırkı mübahisənin Mülki Prosessual Məcəllənin 36.6-cı maddəsinin təsir dairəsinə düşməsini, mübahisənin “xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə” əlaqədar olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.1.2-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədlər tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Göründüyü kimi, qanunvericilik sənədlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etmək üçün şərait yaratmışdır. Buna baxmayaraq iddia ərizəsi əsassız olaraq geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6089/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6089/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 36.6-cı maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 167.1.2-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, prosesual qanunvericilin tələblərinə əsasən məhkəmə zəruri hesab edərsə, iddianın mümkünlüyünə tərəflərin iştirakı ilə baxa və iddianın mümkünlüyünü istisna edən halları tərəflərlə birlikdə müzakirə edərək aradan qaldırılmasını təmin edə bilər. Bundan başqa, kollegiyası qeyd edir ki, qanunvericilik iş üçün əhəmiyyətli olan sənədlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsi üçün iş üzrə tərəflərə şərait yaratmışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbi üzrə aidiyyatın Mülki Prossesual Məcəlləsinin 36.6-cı maddəsinin təsir dairəsinə düşməsini zəruri edən sənədlərin iddiaçı tərəfindən təqdim edilməsinə imkan yaratmamış, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlmişdir. Halbuki, yuxarıda qeyd edilən sənədlər birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edildikdən sonra iddiaçı tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təkrarən təqdim edilmədiyi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması qənaətinə gəlindiyi təqdirdə qanunvericilik iddia ərizəsinin baxılmamış saxlanılması prosedurunu da nəzərdə tutmuşdur. Qeyd edilənlərə əsasən kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yuxarıda qeyd edilən qanunun tələbləri baxımından qiymət verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6089/2023 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6089/2023 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6466/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6466/2023
18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver