Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6467/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Cavabdeh İddiaçı qızı Rəna Ağamirovanın ögey qızıdır, yəni Rəna Ağamirovanın əri Salman Ağamirovun qızıdır. Tərəflərin arasındakı mübahisə ünvan 1 ünvanındakı 0,1187 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 65,35 kv.m, yaşayış sahəsi 18,9 kv.m, yardımçı sahəsi 46,45 kv.m olan 2 otaqlı bağ evi ilə bağlıdır (bundan sonra – bağ sahəsi). Bağ sahəsi xx.xx.2004-cü ildə Bakı ŞİHB Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən icarə müqaviləsi əsasında İddiaçı qızına - Rəna Ağamirovaya verilib. 10 il sonra - xx.xx.2014-cü ildə bağ sahəsi Rəna Ağamirovanın adına özəlləşdirilib. 8 ay sonra – xx.xx.2015-ci ildə Rəna Ağamirova bağ sahəsini əri Salman Ağamirova bağışlayıb. 20 gün sonra – xx.xx.2015-ci ildə Salman Ağamirov bağ sahəsini qızı Cavabdeh bağışlayıb. 5 il sonra – xx.xx.2020-ci ildə Cavabdeh bağ sahəsini 28.000 manata Həsən Bilalova satıb (iş v. 15). İddiaçı bağ evindən istifadə hüququ olub. Həmin hüquq 2004-cü ildə yaranıb. Belə ki, İddiaçı 2004-cü ildə bağ sahəsinin icarədarı olmuş Rəna Ağamirovanın ailə üzvü kimi ora köçüb, onunla birgə təsərrüfat aparıb və istifadə hüququ əldə edib. Bu, başqa mülki işdə qəbul olunmuş və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilib. Həmin mülki işdə Cavabdeh iddia qaldıraraq İddiaçı bağ evindən çıxarılmasını tələb edib. Sabunçu RM xx.xx.2017-ci il tarixli qətnamə ilə iddianı təmin edib. Həmin qətnamə İddiaçı bağ evindən çıxarılmasına aid hissədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilib və İddiaçı evdən çıxarılması barədə tələb rədd olunub. Bakı Apellyasiya Məhkəməsi ona əsaslanıb ki, İddiaçı bağ evindən istifadə hüququ var, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər (iş v. 9). İddiaçı bağ evindən istifadə hüququ sonradan məhkəmə qaydasında itirilmiş hesab olunub. Bu, başqa mülki işdə qəbul olunmuş və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamənin qəbul edilməsindən sonra Cavabdeh bağ sahəsini 28.000 manata Həsən Bilalova satıb. Cavabdeh alqı-satqıdan əvvəl İddiaçı istifadə hüququna görə ona kompensasiya ödəməyib, o cümlədən alqı-satqı müqaviləsini İddiaçı xəbəri və razılığı olmadan bağlayıb. Bundan sonra İddiaçı başqa mülki işdə iddia qaldıraraq bağ evindən istifadəyə maneələr yaradılmasının qadağan edilməsi və həmin evə köçürülməsini tələb edib. Bu iddia ilk iddia kimi Cavabdeh və Həsən Bilalova qarşı qaldırılıb. Həsən Bilalov isə qarşılıqlı iddia qaldıraraq tələb edib ki, İddiaçı bağ evindən istifadə hüququ itirilmiş hesab olunsun. Sabunçu RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilk iddiası rədd edilib, Həsən Bilalovun qarşılıqlı iddiası təmin olunub, İddiaçı bağ evindən istifadə hüququ itirilmiş hesab olunub. Həmin qətnamə ilə müəyyən edilib ki, İddiaçı bağ evindən istifadə hüququ olub, lakin Həsən Bilalov bağ sahəsini və oradakı evi alqı-satqı müqaviləsi əsasında əldə edərkən İddiaçı istifadə hüququnun olduğunu bilməyib, çünki istifadə hüququ dövlət reyestrində qeydə alınmayıb və ya İddiaçı həmin evdə qeydiyyatda olmayıb, ona görə də İddiaçı istifadə hüququ yeni mülkiyyətçiyə - Həsən Bilalova münasibətdə itirilmiş hesab olunmalıdır. Bu qətnamədə eyni zamanda qeyd olunub ki, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürə bilər (iş v. 18). Hazırkı mülki işdə İddiaçı bağ evinə olan istifadə hüququnun pozulması nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb edir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 14.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Nərimanov RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Bağ evindən iddiaçının istifadə hüququ olub və həmin hüquq cavabdeh tərəfindən pozulub. Bu hal qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunub, ona görə də həmin hal yenidən sübut edilməli deyil. Hüquq pozulubsa zərərin əvəzi tələb oluna bilər. Belə mübahisələr həll edilərkən “kompensasiya” və “zərər” anlayışları bir-birindən fərqləndirilməlidir. Kompensasiya o halda ödənilir ki, istifadə hüquq pozulmayıb, lakin mülkiyyətçi həmin hüququ pul ilə əvəzləşdirmək istəyir (Mülki Məcəllə, maddə 228.2). Zərərin əvəzi o halda ödənilir ki, istifadə hüququ pozulub, hüquq sahibi pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcin əvəzini istəyir (Mülki Məcələ, maddə 21.2). Hazırkı işdə tələb zərərin əvəzinin ödənilməsi barədədir. Kompensasiyaya münasibətdə Konstitusiya Məhkəməsi hüquqi mövqe formalaşdırıb. Həmin mövqe ondan ibarətdir ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya itifadə hüququ olan şəxsin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməlidir. Eyni mövqe zərərə də aiddir. 7.000 manat iddiaçıya davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki bağ evində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verə bilər. Belə ki, məhkəmə “müəyyən müddəti” ağlabatan mühakimə əsasında 24 ay müəyyən edir. İddiaçının istifadə hüququ olmuş bağ evinin ümumi sahəsi 65,35 kv.m təşkil edib, həmin evin yerləşdiyi məntəqədə oxşar sahəyə malik olan orta keyfiyyətli evin bir aylıq kirayə haqqı təxminən 300 manat təşkil edir. Bu məlumat internet saytlarında daşınmaz əmlakın kirayəsi barədə verilmiş, hər kəs üçün açıq olan elanlardan müəyyən olunur. 7.000 manat pulla iddiaçınən aydan 300 manat kirayə haqqı ödəməklə oxşar şəraitli bağ evində 24 ay kirayədə yaşaması mümkündür (24 ay x 300 manat = 7.200 manat) Beləliklə, məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, maddi zərərin əvəzi kimi 7.000 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, iddianın qalan hissəsi rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə 132 manat, apellyasiya şikaytinin verilməsinə görə 66 manat, cəmi 198 manat dövlət rüsumu ödənilib. İddiaçının tələb etdiyi məbləğin (14.000 manatın) yarısı (7.000 manat) təmin edildiyinə görə, ödənilmiş dövlət rüsumunun (198 manatın) yarısı (99 manat) Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. 7.000 (yeddi min) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi rədd olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilmsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 99 (doxsan doqquz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6467/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6467/2022
04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver