Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-647/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6160/2016 saylı, 22.09.2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 25.09.2013-cü il tarixli 107.LN.1404.250913.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" ASC-nin xeyrinə 27.663 ABŞ dolları əsas, 3951.38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.615.18 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 15 manat xərcin tutulması, tutmanın ipoteka qoyulmuş kreditin təminatı kimi cavabdehə məxsus 2012-ci il buraxılışlı, “X8” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.09.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 24% olmaqla 24 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh arasında 25.09.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, “X8” minik markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil BAnka ipoteka qoyulmuş onun qeydiyyatı şəhadətnamə ilə təsdiqlənmişdir. Cavabdeh Banka 16.05.2016-cı il tarixə olan borcu 27.663.80 ABŞ dolları məbləğində əsas, 3951.38 ABŞ dolları məbləğində faiz olamaqla, cəmi 31.615.18 ABŞ dolları təşkil edir. bugünədək cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6160/2016 saylı, 22.09.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 27.663 ABŞ dolları əsas, 3951.38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.615.18 ABŞ dolları məbləğində kredit borcu ödənişin edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və kredit və ipoteka müqavilələrinin notarial qaydada təsdiqi üçün ödənilmiş 15 manat rüsumun iddiaçının xeyrinə tutulması, tutulan məbləğin cavabdehin mülkiyyətində olan 2012-ci il buraxılışlı, “X8” minik markalı, **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, satışdan götürülən və ya əldə edilən məbəğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin cavabdehə qaytarılması qət edilmişdir (sədrlik edən: Vüsal Qurbanov). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh bankdan kredit götürməsini mübahisələndirmir, lakin bildiri ki, tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmadığı üçün ondan əsassız olaraq əsas və faiz borcu tələb edilir. ABŞ dolları kursunun həmin tarixə Azərbaycan manatına məzənnəsi ilə müəyyən edilmsi şərti ilə müəyyən edilmiş borcun ondan aylar üzrə hissə-hissə tutulmasını xahiş edir. Cavabdeh tərəfindən kredit götürdükdən sonra ağır maddi vəziyyətə düşməsi nəticəsində yaranmış çətinlik səbəbindən iddiaçıya ödənişi yeni qrafik əsasında hissə-hissə ödəmək barədə təklif etsə də, iddiaçı bununla əsassız olaraq razılaşmamışdır. ABŞ dolları kursunun həmin tarixə məzənnəsi müəyyən olunmaqla ödəniş təmin olunmalı və əsas borca hesablanmış faizlər ümumiyyətlə ləğv olunmalıdır. Qətnamədə əsassız olaraq 3951.38 dollar faiz borcu tutulması hissəsində əsassız qənaətə gəlinmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili S.Əliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Ü.Xəlilova cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, materiallarında olan 25 sentyabr 2013-cü il tarixli 107.LN.1404.250913.00001 nömrəli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 illik 24% olmaqla 24 ay müddətinə 68.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 25 sentyabr 2013-cü il tarixli 107.CL.250913.00001/a nömrəli ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün cavabdehə məxsus “JEEP Cherokee-minik” markalı, 99FX999 dövlət qeydiyyat nişanlı avtomobil yüklü edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış 25.05.2016-cı il tarixli 19/4904 nömrəli ərizənin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş 31.05.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 16.05.2016-cı il tarixli KS/138 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə 25.09.2013-cü il tarixli 107.LN.1404.250913.00001 nömrəli kredit müqaviləsi üzrə 27.663.80 ABŞ dolları məbləğində əsas və 3.951.38 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 31.615.18 Abş dolları məbləğində borcu vardır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş 25 sentyabr 2013-cü il tarixli, AA 103235 nömrəli çıxarışın surətindən görünür ki, “X8-minik” markalı, 99FX999 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ-də qeydiyyatdan keçmişdir. 17.05.2016-cı il tarixli 19/4647 nömrəli bildirişin surətindən görünür ki, cavabdeh banka olan borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. AB seriyalı 974999 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “JEEP Cherokee-minik” markalı, 99FX999 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər öz üzərinə müəyyən öhdəliklər götürmüş, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh üzərinə düşən öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Bununla da o, həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilməməsini nəzərə alaraq, borc məbləğinin və mübahisəli avtomobilin likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmənin 2(103)- 11001/2021 saylı, 03.12.2021-ci il tarixli qərardadları ilə məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/9316 nömrəli, 24.01.2022-ci il tarixli rəyinə əsasən, 25.09.2013-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh müqavilə müddətinin bitdiyi 25.09.2015-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 24.075.38 ABŞ dolları, faiz borcu (5%-lə) 786.74 ABŞ dolları təşkil edir. Ekspert rəyində həmçinin qeyd edilmişdir ki, ekpertiza zamanı borc məbləği 16.05.2016-cı il tarixinə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan 05.08.2016-cı il tarixdə alınmış 2000 ABŞ dolları məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən işin həllində ekspert rəyi ilə müəyyən edilən borc məbləği əsas götürülməlidir. Belə olan halda, birinci instansiya məhkəməsiinn qətnaməsi kredit borcu məbləği hissəsində dəyişdirilərək, Cavabdeh 24075.38 ABŞ dolları əsas borc, 786.74 ABŞ dolları faiz borcu, cəmi 24.862.12 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya qeyd edir ki, cavabdehin 05.08.2016-cı il tarixində ödədiyi 2000 ABŞ dolları məbləğində pul, həmçinin qətnamə icra olanadək ödəyəcəyi məbləğlər icra mərhələrində nəzərə alınmalıdır. Çünki, həmin məbləğ iddiaçı tərəfindən məhkəməyə müraciət olunduğu tarixdən sonra ödənilmişdir və həmin tarixədək olan borc məhkəmə baxışının predmetini təşkil edir. Cavabdehin sonrakı tarixlərdə ödədiyi və ödəyəcəyi məbləğlər isə icra mərhələsində nəzərə alınmalıdır. Kollegiya ipoteka predmetinə münasibətdə qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı avtomobilin likvid qiymətləndirilməsi həyata keçirilməmiş və avtomobilin açıq hərracdan satılması qət edilsə də, ilkin satış qiyməti müəyyən edilməmişdir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman keçirilmiş qiymətləndirmənin rəyinə əsasən “X8-minik” markalı, 99FX999 dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 31.000 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə rəyinin mötəbərliyi kollegiyada şübhə doğurmadığından, hesab edilir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində həmin qiymətləndirmə rəyinə istinad olunmalıdır. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı əsasında məhkəmə tərəfindən müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Hazırda keçirilmiş qiymətləndirmə rəyinin mötəbərliyinə sübhə yaradan hər hansı hal aşkar edilmir. Bu səbəbdən də, kollegiya hesab edir ki, həmin rəy əsasında müəyyən edilmiş likvid dəyər əsas götütülməklə avtomobilin ilkin satış dəyəri müəyyən edilməlidir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq, 25.09.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-yə olan borcunun ümumilikdə 24.862.12 ABŞ dolları məbləğində hesablanmasını, ipoteka predmeti olan “X8-minik” markalı, 99FX999 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 31.000 manat müəyyən edilməsini əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6160/2016 saylı, 22.09.2016-cı il tarixli qətnaməsi Cavabdeh 27.663.80 ABŞ dolları əsas borc, 3.951.38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.615.18 ABŞ dolları məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 24075.38 ABŞ dolları əsas borc, 786.74 ABŞ dolları faiz borcu, cəmi 24.862.12 ABŞ dolları məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdeh məxsus “X8-minik” markalı, 99FX999 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 31.000 (otuz bir min) manat məbləğində müəyyən edilsin. Mütəxəssis rəyinin dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh “X4 Mərkəzi” MMCnin (VÖEN: **********, hesablaşma hesabı: AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, Kod: 505141, VÖEN: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) xeyrinə tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-647/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-647/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver