Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-647/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh Mənzil Tikinti Koperativinin nümayəndəsi Hüseynov Adilağa Minəxan oğlunun, Cavabdeh Seyidova İlahə Kamil qızının nümayəndəsi Seyidov Hicran Kamil oğlunun iştirakları, İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativi və Seyidova İlahə Kamil qızına qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “İcraçı” Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X4 ilə “Payçı” İddiaçı arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 14 aprel 2008-ci il tarixdə bağlanmış 55 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili 18 aya istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 985,30 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 98.530 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş 14 aprel 2008-ci il tarixli kassa mədaxil orderinə (qəbz) əsasən, İddiaçı ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 98.350 manat məbləğində pul ödəmişdir. “İcraçı” Cavabdeh Mənzil Tikinti Koperativinin sədri X3 ilə “Payçı” Seyidova İlahə Kamil qızı arasında mənzilin tikintisi ilə əlaqədar pay barədə 07 mart 2016-cı il tarixdə bağlanmış 509 nömrəli müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili istismara verərək “Payçı”ya təhvil verməyi, “Payçı” həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını, yəni hər kvadrat metr üçün 1.100 manat olmaqla ümumi məbləğin ilkin pay kimi 110.000 manatı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nin sədri S.N.Cahangirli tərəfindən verilmiş maliyyə arayışına əsasən, Seyidova İlahə Kamil qızı ünvan 1 ünvanında 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m. olan 6 saylı mənzilin pay dəyərini, 110.000 manat məbləğində pulu tam ödəmişdir. Mübahisəli ev İlahə Seyidovanın mülkiyyətindədir. Hazırda iddiaçı İ.Seyidovanın mülkiyyətində olan evi tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət olan 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 aprel 2008-ci il tarixdə onunla Cavabdeh MTK arasında 55 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2ci bəndinə uyğun olaraq o, üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Belə ki, o, aldığı mənzilin dəyəri olan 98.530 manat pulu Cavabdeh MTK-nin kassasına tam məbləğdə ödəmişdir. Müəyyən müddət keçdikdən sonra Cavabdeh MTK tərəfindən inşa olunmuş həmin mənzil ona göstərilmişdir. Mənzilə ehtiyacı olduğundan o, tezliklə mənzildə təmir işləri aparmaq, təmiri tezliklə bitirmək niyyətində olmuşdur. 2009-cu ilin iyul ayında işıq, qaz və su sayğacları üçün ümumilikdə 1.200 manat (1.500 ABŞ dolları) pulu Cavabdeh MTK ödəmiş və mənzildə təmirə başlamışdır. Təmirin ilk mərhələsində mənzilə daxili işıq, telefon, internet xətləri çəkilmiş və bu işlərin görülməsi üçün ümumilikdə 2.050 manat (2.560 ABŞ dolları) xərc çəkmişdir. Təmirin sonrakı mərhələsində də 5.690 manat (7.100 ABŞ dolları), 1.560 manat (1.910 ABŞ dolları) xərc çəkmişdir. Mənzil alındıqdan sonra mənzilə ümumilikdə 10.500 manat (13.110 ABŞ dolları) xərc çəkmişdir. Bir müddət sonra isə o, mənzilinə gəldikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. O, Cavabdeh MTK-nin ofisinə müraciət etdikdə, ona bildirmişlər ki, anlaşılmamazlıq olub, bu barədə ona məlumat veriləcəkdir. Həmin vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh MTK mənzili ona təhvil vermir. Müqavilənin 1.3-cü bəndinə görə icraçı 18 aya mənzili istismara verməli idi. Lakin, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK sözügedən müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1943/2019 nömrəli, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan mənzil 6-ya sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152, 178.8 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təhvil verməmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9991/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-nə qarşı “yaşayış sahəsindən istifadə, sahiblik hüququnun tanınması, mənzilin istifadəsinə və sahibliyinə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 31.1, 39.1, 40.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində ikinci icraat: İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tərəfindən Seyidova İlahə Kamil qızı mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 nömrəli, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzilinin İddiaçı təhvil verilməsinin Cavabdeh MTK-nə həvalə edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152, 178.8 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1 “A” blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təhvil verməmişdir. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1487/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MTK-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, yəni mülki qanunvericiliyin normaları baxımından Cavabdeh Mənzil Tikinti Koperativinin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Apelyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətində qeyd olunan mübahisəli mənzilin Seyidova İlahə Kamil qızına satılması dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də düzgün olaraq Cavabdeh Mənzil Tikinti Koperativinə Seyidova İlahə Kamil qızı ilə aralarında bağlanmış 07 mart 2016-cı il tarixli 509 nömrəli müqaviləni mübahisələndirmək hüququ olduqlarını izah etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 165.5, 385.1, 442-ci maddələrinin və Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır. Qətnamədən cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyib. Belə ki, iddia ərizəsindən görünür ki, 10 ilə yaxın müddətdir ki, Cavabdeh MTK iddiaçı ilə bağladığı müqavilədə göstərilmiş şərtlərə və öhdəliyə əməl etmir. Cavabdehin isə iddiaya olan etirazının əsası (eləcə də, apellyasiya şikayətinin dəlilləri) ondan ibarət olmuşdur ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilib. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmayıb. Mübahisəli mənzil Seyidova İlahə Kamil qızına satılıb və həmin mənzil onun tərəfindən təmir olunub və hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin araşdırılması istiqamətində heç bir cəhd etməmişdir. Hazırki mübahisəni həll etmək üçün müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Seyidova İlahə Kamil qızının məhkəmə iclasında iştirakının təmin etməsi zəruri olub. Lakin, apellyasiya instansiyası məhkəməsi ona məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsini qeyd edərək Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etsə də, işin bu halına diqqət yetirməmişdir ki, həmin şəxsə məhkəmə bildirişinin çatdırılmasını təsdiq edən sənəd mülki iş materiallarında mövcud deyil. Əksinə, məhkəmələrin onun qeydiyyatda olduğu ünvana göndərdiyi məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, faktiki olaraq mübahisəli mənzildə yaşaması qeyd edilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Seyidova İlahə Kamil qızının hazırki iş üzrə dindirilməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından əhəmiyyətlidir. Məhkəmə kollegiyasının qənaətinə görə Seyidova İlahə Kamil qızının məhkəmə iclaslarında iştirakını qeydiyyatda olduğu ünvanı üzrə təmin edilməsi mümkünsüz olduğu halda, apellyasiya instansiyası məhkəməsi onun dindirilməsi və tərəflərin qeyd etdikləri faktların yerində yoxlanılması məqsədi ilə yerli baxış (yerində müayinə) keçirilməsinin məqsədə müvafiqliyini müzakirə etməyib. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Seyidova İlahə Kamil qızı ilə müqavilənin 07 mart 2016-cı il tarixdə bağlanmasına baxmayaraq iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının 2014-cü ildən evindən başqa şəxsin olmasını bildiyini göstərməsinə, eləcə də, cavabdehin nümayəndəsinin həmin məhkəmədə verdiyi izahatında iddiaçıya hazırki mənzildən 40 kv.metr artıq sahəsi olan mənzilin təklif edilməsi barədə göstərilənlərə diqqət yetirməyərək iddiaçının konkret olaraq hansı tarixdən iddia etdiyi mənzilində kənar şəxslərin yaşamasını bilməsini, ona digər, daha artıq sahəli mənzil təklifindən imtinasının səbəblərini aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında mənzilin 2016-cı ildə İlham Qasımovun həbsindən sonra mübahisəli mənzilin satılmasının göstərməsinin hazırki işlə hansı əlaqəsinin olmasını, mübahisəli mənzilin həbs olunan şəxs barədə olan cinayət işi üzrə keçibkeçməməsini də aydınlaşdırmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası, eyni mənzilin iki şəxsə satılması ilə bağlı Cavabdeh MTKnın hərəkətlərində cinayət tərkibi olan rəhbər şəxslərinin məsuliyyətə cəlb olunması məqsədi ilə iş üzrə 2(102)-5000/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini qərara almışdır. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat: İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2918/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışaıd ki, mübahisəli mənzil 14 aprel 2008-ci il tarixdə İddiaçı satılmış və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra etmiş, lakin Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07 mart 2016-cı il tarixdə mübahisəli mənzil hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlahə Seyidovaya satmış və həmin mənzil onun tərəfindən təmir olunmuş və hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək bu qənaətə gəlmişdir ki, İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, onun iddia tələbinin təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425, 442ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-290/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2021- ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əşyanı vicdanlı əldə etmə institutu daşınmaz əmlakın dövlət reyestri məlumatlarına güvənərək əldə edən şəxslərin hüquqlarının qorunmasına dair bir qaydadır. Belə ki, mübahisəli daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeydiyyat hansısa səbəbdən əsassız olur, əldə edən bu halı bilmir, həmin qeydiyyatın həqiqiliyi və tamlığı prezumpsiyasına güvənərək əşya hüququ qazanır. Bu halda vicdanlı şəxsin etimadı qorunur. Hazırki işdə mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi göstərilən maddi hüquq normalarına uyğun olmayıb. Məhkəmənin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış, mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Hazırki mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı, tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə Cavabdeh MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. İddianın qanuni əsası kimi Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya məhkəməsi isə iddianın həllinə dair gəldiyi qənaəti iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Apellyasiya instansiyası məhkəməsində dördüncü icraat: İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3381/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh MTK qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi” barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslanldırmışdır ki, mübahisəli mənzil 14 avqust 2008-ci il tarixdi İddiaçı satılmış və o, müqavilə ilə üzərinə düşən öhdəliklərini tam icra etmiş, lakin Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməkdən imtina etmişdir. 07 mart 2016-cı il tarixdə sözügedən mənzil üçüncü şəxs İlahə Seyidovaya satmış və həmin mənzil onun tərəfindən təmir olunmuş və hal-hazırda mənzildə o, yaşayır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi həm də vicdanlılıq prinsipi nöqtəyi nəzərindən əsassızdır. Belə ki, mübahisəli mənzilin İlahə Seyidovaya satılması, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada yaşaması işin müəyyən olunmuş mübahisəsiz halıdır. Qeyd olunanları nəzərə alaraq hazırki iş üzrə İlahə Seyidova vicdanlı əldə edən şəxs kimi qiymətləndirilməli və bu səbəbdən də, İddiaçı iddiasının təmin edilməsi qeyri-mümkün hesab edilməlidir. Həmçinin, İddiaçı iş üzrə üçüncü şəxs olan İlahə Seyidovanın vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.1, 178.8, 442, 452.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və iddianın təmin edilməsinə dair yekun qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-88/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, hazırkı işdə mübahisə predmeti olan mənzil ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün, apellyasiya məhkəməsinin vicdanlı əldə etmə institutunu tətbiq və iddianı bu əsasla rədd etməsi maddi hüquq normalarına uyğun olmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin yol verdiyi digər bir pozuntu ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasını tapmamış və mübahisənin həllinə dair qiymətləndirməni konkret maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun aparmamışdır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı mübahisənin düzgün hüquqi həlli üçün məhkəmə əvvəlcə müəyyən etməlidir ki, iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması ilə hansı münasibətlər əmələ gəlmişdir. Bundan asılı olaraq iddia tələbinin uyğun gələn qanuni əsasları yoxlanılmalı və tərəflərin dəlilləri üzrə müvafiq qiymətləndirmə aparılmalıdır. Belə ki, tərəflər arasında müqavilə bağlandığı 14 aprel 2008-ci il tarixdə Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu baxımdan iddiaçı ilə Cavabdeh MTK arasında mübahisəli mənzilə dair kooperativ üzvlüyü ilə bağlı münasibətlərin yaranıb-yaranmadığı, əgər yaranmışsa iddiaçının pay haqqını tam ödəməsinin hüquqi nəticələri yoxlanılmalı, iddiaçının əmlaka mülkiyyət hüququ yaranmışsa mənzilin onun, yaxud İlahə Seyidovanın sahibliyinə verilib-verilməməsinin, yaxud sonuncunun mənzili təmir etməsinin iddianın həllinə təsiri qiymətləndirilməli, mülkiyyətin müdafiəsinə dair normaların dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq təhlil edilməlidir. Əgər tərəflər arasında kooperativ üzvlüyü ilə bağlı deyil, podrat münasibətləri yaranmışsa bu zaman Mülki Məcəllənin 452-ci maddəsi baxımından dəyərləndirmə aparılmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddianın qanuni əsası kimi bu norma tətbiq edildiyi halda mənzil üzərində iddiaçının, yoxsa İlahə Seyidovanın hüququnun yaranması aydınlaşdırılmalı, bu çərçivədə mənzilin adları çəkilən şəxslərdən hansının daha əvvəl sahibliyinə verilməsi və digər dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri arasında uyğunluq yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi, iddianın həllinə dair gəldiyi qənaəti mülki iş materialları və konkret qanun normalarına istinad etməklə əsaslandırmamışdır. Bu hal isə maddi və prosessual hüquq normalarının pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı kassasiya şikayətinin dəlillərini əsaslı saymış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Apellyasiya instansiyası məhkəməsində beşinci icraat: İşə yenidən apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəni müqavilə münasibətləri çərçivəsində qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, üçüncü şəxsin müqaviləsindən daha əvvəl, yəni 14 aprel 2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən inşa edilən ünvan 5 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m. olan 3 otaqdan ibarət olan mənzil 6 İddiaçı tərəfindən tam ödənilməklə, yəni 98.530 manat məbləğində pul ödənilməklə alınmışdır. İddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MTK həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni ünvan 5 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçıya təhvil verməkdən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 178.8, 452.1-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Seyidova İlahə Kamil qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dördüncü icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3984/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2941/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İddia tələbindən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan, 3 otaqdan ibarət olan 6 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 14 aprel 2008-ci il tarixli müqavilə ilə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyini pozmuş, yəni ünvan 3 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə beşinci dəfə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə razılaşmış və həmin qətnaməni dəyişdirmədən saxlamışdır. Lakin iş materiallarından müəyyən edilir ki, işə sonuncu dəfə apellyasiya qaydasında baxılarkən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Seyidova İlahə Kamil qızının nümayəndəsi Seyidov Hicran Kamil oğlu izahat verərək İlahə Seyidovanın mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alıması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyini və mənzilin onun adına xx.xx.2022-ci il tarixdə qeydə alınaraq ona çıxarış verildiyini bildirmiş, çıxarışın surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilərək iş materiallarına əlavə edilmiş həmin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m. olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Bununla belə işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Hicran Seyidovun təqdim etdiyi çıxarış qəbul edilərək iş materiallarına əlavə edilsə də, həmin yeni subuta iddiaçının və cavabdehin münasibətləri aydınlaşdırılmamış, qeyd olunan çıxarışın həmin şəxslər tərəfindən mübahisələndirilib-mübahisələndirilməməsi, çıxarışın işə baxılan vaxt qüvvədə olub-olmaması araşdırılmamış, yeni sübuta münasibətdə iddiaçıya birinci instansiya məhkəməsinin baxışına təqdim etdiyi iddianın hüquqi əsasını dəyişməsi habelə yeni tələb irəli sürməsi üçün zəruri şərait yaradılmamış, habelə adı çəkilən sübuta qətnamədə hər hansı hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin təqdim edilmiş yeni sübuta əsasən işin dəyişən hallarına hər hansı hüquqi qiymət verməmiş, cavabdeh “İcraçı” Cavabdeh MTK-ya yönəlmiş iddia üzrə mübahisəli mənzilin hazırda mülkiyyətçisi olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlahə Seyidovadan hansı qaydada alıb iddiaçıya təhvil verilməsinin hüquqi əsaslarını qətnamədə əsaslandırmamışdır. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 152 və 385.1-ci maddələrinə istinad edərək, ünvan 4 ünvanda yerləşən 20 mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzilinin iddiaçıya təhvil verilməsinin Cavabdeh MTK-nə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq haqqında gəldiyi nəticə tam və əsaslı deyildir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsində altıncı icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlanılsa da, müqavilədə yanlış olaraq mənzilin nömrəsi səhv göstərilmişdir. Dəfələrlə iddiaçıya müraciət edərək müqavilədə yanlışlığın düzəldilməsi və ona ödənilmiş pulun qaytarılmasını təklif etsə də, iddiaçı razı olmamışdır. Mübahisəli mənzil Seyidova İlahə Kamil qızına satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Hazırkı mülki iş üzrə mübahisə mövcud olmadığı üçün iddia tələbi təmin edilə bilməz Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Koperativinin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Seyidova İlahə Kamil qızının nümayəndəsi Seyidov Hicran Kamil oğlu izahat verərək Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə tam yoxlanılır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı apellyasiya baxışı zamanı iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, 6 saylı mənzilin iddiaçının istifadə və sahibliyinə verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması ilə yanaşı, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, 6 saylı mənzilə dair cavabdehlə 3-cü şəxs olan Seyidova İlahə Kamil qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 509 nömrəli müqavilənin etibarsız hesab edilərək həmin mənzilə dair ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə aparılmış 14 iyul 2022-ci il tarixli qeydiyyatın ləğv edilməsinə dair qətnamə çıxarılmasını da xahiş etmiş, kassasiya instansiya məhkəməsinin göstərişləri əsas götürülərək həmin ərizə icraata qəbul olunmuş, İ.Seyidova cavabdeh qismində, ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. Kollegiya nəzərə almışdır ki, mübahisəli mənzilə dair İ.Seyidovanın adına Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatdan iddiaçı tərəfin məhz apellyasiya baxışı zamanı məlumatı olmuşdur. Belə ki, əvvəlki apellyasiya baxışı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Seyidova İlahə Kamil qızının nümayəndəsi Seyidov Hicran Kamil oğlu izahat verərək İlahə Seyidovanın mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alıması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyini və mənzilin onun adına xx.xx.2022-ci il tarixdə qeydə alınaraq ona çıxarış verildiyini bildirmiş, çıxarışın surətini məhkəmə kollegiyasına təqdim etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilərək iş materiallarına əlavə edilmiş həmin çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m. olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Məhz bu səbəblə kollegiya, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsini əsas götürərək hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş yeni sübutlar və yeni tələblər qəbul edilməklə, onlara birinci instansiya məhkəməsi baxışı zamanı verilmiş tələblə birlikdə baxılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iş materiallarını və mübahisəni kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativinə və Seyidova İlahə Kamil qızı qarşı iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli, 55 nömrəli «yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə» müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, İddiaçı (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m üçün 985,30 manat olmaqla, cəmi 98.350 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 98.350 manat pul Cavabdeh Mənzil Tikinti Koperativinin hesabına mədaxil edilmişdir. xx.xx.2016-cı il tarixli, 509 nömrəli müqavilənin əslindən görünür ki, Cavabdeh Mənzil Tikinti Koperativi (icraçı) Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6-nı tikib təhvil verməyi, Seyidova İlahə Kamil qızı (payçı) isə ona düşən mənzili qəbul etməyi, mənzilin hər kv.m üçün 1.100 manat olmaqla, cəmi 110.000 manat pulu ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21 ünvanında yerləşən 20 (iyirmi) mərtəbəli yaşayış evinin 1A blok, 3-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan 3 (üç) otaqdan ibarət olan mənzil 6 üçün pay dəyəri Seyidova İlahə Kamil qızı tərəfindən Cavabdeh Mənzil Tikinti Koperativinə tam ödənilmişdir. İş materiallarından görünür ki, İlahə Seyidovanın mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alıması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m. olan 1 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Hazırki iş üzrə əvvəlcə 3-cü şəxs, daha sonra isə verilən iddia üzrə cavabdeh kimi cəlb edilmiş İlahə Seyidovanın mübahisəli mənzildə yaşamasının təsdiqi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə kommunal xidmətlərə dair (qaz, su, işıq) müqavilələr, fotoşəkillər və videogörüntüləri özündə əks etdirən disk təqdim edilmişdir. Göründüyü kimi mübahisəli mənzil dəyəri ödənilməklə ilk olaraq iddiaçıya satılsa da sonradan həmin müqavilə ləğv edilmədən başqa bir şəxsə (cavabdeh) Seyidova İlahə Kamil qızına satılmış və hazırda mübahisəli mənzil İlahə Seyidovanın mülkiyyətindədir. Bununla belə iddiaçı həmin mənzilə münasibətdə mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilməmiş və hazırda həmin mənzilin istifadəsinə və sahibliyinə verilməs ilə yanaşı, eyni zamanda Cavabdeh Mənzil Tikinti Koperativi ilə Seyidova İlahə Kamil qızı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 509 nömrəli müqavilə və onun əsasında verilmiş 14 iyul 2022-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsızlığını tələb edir. Cavabdeh Mənzil Tikinti Koperativi isə apellyasiya şikayətində iddiaçı ilə bağlanmış müqavilədə mənzilin nömrəsinin yanlış yazılmasını qeyd etmiş, həmçinin bildirilmişdir ki, mübahisəli mənzil Seyidova İlahə Kamil qızına satılmış və həmin mənzil onun tərəfindən təmir olunmuş, hal-hazırda o, mənzildə yaşayır. Məhkəmə kollegiyası cavabdehin mənzil nömrəsi ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, iddiaçıya eləcə də cavabdeh Seyidova İlahə Kamil qızına verilmiş mənzilə dair sənədlərdən görünür ki, hazırda mübahisələndirilən - ünvan 3 ünvanda kooperativ tərəfindən inşa edilən 20 mərtəbəli yaşayış evinin 1A blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 100 kv.metr olan 3 otaqdan ibarət olan 6 saylı mənzildir. Bununla belə məhkəmə kollegiyası cavabdehin digər dəlili ilə razılaşır və hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilərək, iddiaçının - yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbinin rədd edilməsi üçün əsasdır. Belə ki, iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, mənzil 6, Yeni qaydalarla ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 87,80 kv.m olan 1 nömrəli mənzil tam mülkiyyət hüquqi ilə Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə 14 iyul 2022-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda həmin qeydiyyatın həyata keçirilməsinə əsas olan maliyyə arayışı və sənədlər də kollegiyanın sorğusuna əsasən məhkəməyə təqdim edilmişdir. Mülki Məcəllənin 452-ci maddənin tələblərinə əsasən müəyyən edilir ki, hazırda iddiaçının tələb etdiyi mənzilə münasibətdə mülkiyyət hüquqları İ.Seyidovanın adına qeydiyyata alındığından, iddiaçının-öhdəlikdə nəzərdə tutulan şərtlərlə mənzilin ona verilməsini tələb etmək hüququ aradan qalxmışdır. Belə olan halda iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, hazırki vəziyyətdə mübahisəli mənzil İ.Seyidovanın mülkiyyətində olduğundan, eləcə də iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsi üçün hüquqları aradan qalxdığından (Mülki Məcəllə 452-ci maddə) yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi tələbi rədd edilməlidir. İddiaçının apellyasiya baxışı zamanı irəli sürdüyü iddia tələblərinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir: Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı İlahə Seyidovadan əvvəl iddiaçı ilə müqavilə bağlanmış olsa da, mənzil məhz İlahə Seyidovaya təhvil verilmiş, sonuncu, mənzili təmir edərək orada yaşamağa başlamışdır. Məhkəmə kollegiyası bu xüsusatlarla bağlı xüsusilə qeyd etməyi zəruri sayır ki, mənzili 2016-cı ildə əldə edən cavabdeh Seyidova İlahə Kamil qızı iddiaçı ilə MTK-nın əvvəlki sövdələşmələrindən xəbərdar deyildi və ola da bilməzdi. Belə olan halda onun mənzilin dəyəri kimi 110 000 manatı Cavabdeh Mənzil Tikinti Koperativinə tam ödəməklə mənzilə sahib çıxıb, təmir etdirərək yaşayış üçün yararlı hala salmaqla hazırki vaxta kimi yaşamaqda davam etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətlədirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Mənzil Tikinti Koperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4175/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativinə və Seyidova İlahə Kamil qızına qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması, mənzilin istifadə və sahibliyə verilməsi”, “Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 955-ci məhəllə, ev 21, 6 saylı mənzilə dair cavabdehlər Cavabdeh Mənzil Tikinti Koperativi ilə Seyidova İlahə Kamil qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 509 nömrəli müqavilənin etibarsız hesab edilərək həmin mənzilə dair ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrində Seyidova İlahə Kamil qızının adına **********7 qeydiyyat nömrəsi ilə aparılmış 14 iyul 2022-ci il tarixli qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə