Məhkəmə qərarları › İş №2(103)-6470/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6470/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6470/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2890/2022 saylı 13 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur.

2. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-818/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3587/2019 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh əlavə xərclərə görə birdəfəlik 138 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. İş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən müəyyən olunur ki, X1 müayinə və müalicəsi üçün ümumilikdə 252 manat məbləğində ödəniş edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında Təsərrüfat şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir və onun ələ çatan aylıq əmək haqqı 726,58 manat təşkil edir.

5. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan, həmçinin Elektron Sistemdən çıxarışdan görünür ki, iddiaçı baş müəllim vəzifəsində işləməklə 1110 manat əmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin, X2 ən son müayinə və analizlərinə sərf olunan xərclərin 1/2 hissəsinin (126 manat) və mediasiya xərcinin 1/2 hissəsinin (27 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşlar. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonralar cavabdehin ona və uşaqlara qarşı laqeyd münasibət göstərməsi səbəbindən münasibətləri soyumuş, cavabdehlə 2018-ci il mart ayından faktiki olaraq ayrı yaşamağa başlamışlar. Cavabdeh ailə başçısı kimi öz vəzifələrini yerinə yetirməmiş, uşaqların maddi ehtiyaclarını qarşılamamış, əsassız olaraq ailədaxili münaqişələr yaratmış, daim onu və uşaqları təhqir etmişdir. Nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3742/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların onun himayəsində saxlanılması müəyyən edilmişdir, həmçinin cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələbi təmin edilmişdir. Məlumdur ki, cənab Prezidentin müvafiq sərəncamı ilə hər il uşaqlar üçün yaşayış minimumuna müəyyən qədər dəyişiklik edilir. Bu səbəbdən də o, 2020-ci ilin yanvar ayında alimentin artırılması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, həmin il cavabdehin aylıq maaşında da 40 faiz artım olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələbi təmin edilmişdir. 2022ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Buna uyğun olaraq sabit pul məbləğində olan aliment də həmin məbləğdə nəzərdə tutulur. Bundan başqa, Əlicanlı Vüqarın ən son xəstəxana müayinə və analizlərinin xərclərini göstərən çeklərinin dəyərinin 50%-nin cavabdehdən tutularaq ona ödənilməsi tələbinin də təmin olunmasını zəruri hesab edir. Son vaxtlar cavabdehin həm fərdi gəlirlərində, həm də aylıq vəzifə maaşında kifayət qədər ciddi artım olmuşdur. Cavabdeh onun atasının köməkliyi ilə xx.xx.2009-cu il tarixdən Bakı İstintaq Təcridxanasında ocaqçı kimi işə düzəlmişdir və hazırda da Penitensiar xidmətdə çalışır. Bundan başqa, cavabdehin vəkilinin verdiyi məlumata görə santexnik kimi fərdi işlərlə də məşğul olur. X8 anadangəlmə allergiyaya meylli olduğu üçün daim müalicədədir. 2018-ci ilin dekabr ayında da uşaqda kəskin övrə/kvinke ödemi diaqnozu olduğu üçün onunla birlikdə 6 saylı X3 yatmış, sonra kurs müalicələri evdə davam etdirmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyul 2022-ci il tarixli 2(010)-2890/2022 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 sayl, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013- cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması, cavabdehdən əlavə xərclərə görə ödənilmiş birdəfəlik 126 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 27 manat mediasiya xərcinin-cavabdehdən tutularaq iddiaçıya verilməsi, məhkəmə xərcləri – 39.32 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Məhkəmə qətnaməsi ilə tutulmuş aliment uşaqların ehtiyacını təmin edə bilmir və maddi cəhətdən uşaqların saxlanmasına kifayət etmir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır.

10. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən birdəfəlik qaydada uşaqların müalicəsi üçün əlavə çəkilmiş xərclərin yarısı miqdarında, yəni 126 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi məqsədəuyğundur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə, Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 78.2, 100.2, 112.1, 81.1, 81.3, Mülki Prosessual Məcəllənin 88, 233.4, 112.1.3, 119.2, 14.2, 77.1-ci maddələrinə və “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, 695 manat əmək haqqı alır, iddia tələbində qeyd olunan məbləği göndərməyə maddi imkanı yoxdur. Valideyn kimi uşaqların saxlanılması üçün zəruri olan hər şeyi edir. Yeni nikaha daxil olmuşdur və 2021-ci il təvəllüdlü bir uşağı var. Hazırda iddiaçının əmək haqqı 1300 manatdan artıqdır. Bundan əlavə ingilis dilindən uşaq hazırlaşdırır və hər ay 500-600 manat əlavə gəlir əldə edir. Uşaqları Turalın xəstəliyi adi allergiyadır, əksər uşaqlarda müşahidə olunur. Onun gəlirinin artması müəyyən edilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddia tərəfindən apelyasiya şikayətinə etiraz ünvanlanaraq, apelyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

20. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu 2017-ci ildə 136,60 manat, 2018-ci ildə 154 manat, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat olmuş, 2022-ci il üçün isə 193 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır.

32. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, 170 manat məbləğində aliment tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda bir uşağın saxlanması üçün 170 manat vəsait yetərli sayıla bilməz.

33. Cavabdehin yeni ailə qurması, ikinci nikahdan uşağının olması kimi hallar digər uşağa qarşı olan aliment öhdəliyindən onu azad etmir.

34. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

35. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

36. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

37. Göründüyü kimi, məhkəmə tərəfindən həm çəkilmiş əlavə xərc, həm də çəkilməsi zəruri olan əlavə xərc valideynlərdən tutula bilər.

38. İş materiallarından müəyyən olunur ki, X1 müayinə və müalicəsi üçün ümumilikdə 252 manat məbləğində ödəniş edilmişdir.

39. Məhkəmə haqlı olaraq qanunvericiliyin tələbinə uyğun olaraq çəkilmiş xərcin yarısının cavabdehdən tutulması qənaətinə gəlmişdir.

40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2890/2022 saylı iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar