Məhkəmə qərarları › İş №2(103)-6471/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6471/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6471/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh LPO QSC “xxxx” KB-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-508/2021 nömrəli qətnaməsindən cavabdeh LPO QSC “xxxx” KB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «mənzillərin ipoteka yüklülüyündən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilin və ünvan 2 yerləşən 52 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO QSC «xxxx» KB ilə o zaman fərdi sahibkar kimi fəaliyyət göstərən həyat yoldaşı X10 arasında bağlanmış 08.04.2014cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsinə əsasən bank yoldaşına 24 ay müddətinə 91.500 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və valideyni tərəfindən 2014-cü ildə ona bağışlandığı üçün onun şəxsi əmlakı sayılan Bakı şəhəri 9-cu mikrorayon Mir Cəlal küçəsi 141, 52 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə əsas borc və faiz ilə bağlı bütün öhdəliklər yerinə yetirilmiş və həmin müqavilə üzrə borcun olmaması barədə bank tərəfindən onlara 13.03.2020-ci il tarixli məktub verilmişdir. Bundan sonra, o, dəfələrlə banka, ləğvedici Əmanətlərin Sığortalanması Fonduna yazılı və şifahi qaydada müraciət edərək, sözügedən müqavilə üzrə borcun olmamasını nəzərə alaraq mənzillərinin ipoteka yüklülüyündən azad olunmasını xahiş etmişdir. Lakin bank və onun ləğvedicisi süründürməçiliyə yol verərək, onu və nümayəndəsini dəfələrlə banka gətirəndən sonra həyat yoldaşının 17.04.2014-cü il tarixli təminatsız kredit müqaviləsi üzrə banka ödənilməmiş şəxsi borcunun olmasını bəhanə edərək ona imtina cavabı vermişdir. O, bu halın qanunsuz olmasını, onunla bank arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 08.04.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi üzrə yüklü olmasını, həyat yoldaşının təminatsız olan borcuna görə onun heç bir halda məsuliyyət daşımadığını və həmin borca görə tutmanın onun əmlaklarına yönəldilməsinin qeyri-mümkün olmasını qeyd etmişdir. Hətta dəfələrlə bank və ləğvedicinin səlahiyyətli şəxslərinin qəbulunda olaraq, hazırkı məsələ ilə bağlı qanunvericiliyin tələblərini, seçdikləri yolun son dərəcə qanunsuz olmasını və özlərinin qanunsuzluğa yol verdikləri halda vətəndaşlardan qanunun tələblərinə əməl etmələrinin absurd olmasını izah etməyə çalışmışdır. Bunun müqabilində isə ona bildirilmişdir ki, məhkəməyə və ya istənilən yerə müraciət etməsindən, əmlaklarının sonrakı kredit müqaviləsi üzrə təminat qismində çıxış edib-etməməsindən asılı olmayaraq yoldaşının borcu ödənilməyincə mənzillər girovdan azad olunmayacaqdır. O isə bu halın açıq-aşkar özbaşınalıq, qanunu saymamaq, özünü qanundan üstün görmək olmasını, əmlaklarını banka girova qoymaqla onlara bağışlamadığını və bütün bu qanunsuzluq barədə ölkə rəhbərliyinə müraciət edəcəyini bildirmişdir. Lakin bunun heç bir müsbət nəticəsi olmamış, nəticə etibarı ilə faktiki olaraq banka girov qoyduğu mənzillər təminat olmaya-olmaya bank və onun ləğvedicisi tərəfindən qanunsuz olaraq mənimsənilmiş, dövlət tərəfindən qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bu halda, tərəfindən 24.04.2020-ci il tarixli məktublarla Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Birinci Vitse-Prezidenti M.Əliyevaya, Əmanətlərin Sığortalanması Fonduna və həmin fonda nəzarət funksiyasına malik olan Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Bildirir ki, pandemiya səbəbindən qəbulda ola bilməməsinə baxmayaraq, həmin müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasından və Birinci Vitse-Prezidentin Katibliyindən onunla əlaqə saxlanılaraq, problemi barədə əlavə məlumat soruşulmuş və məsələnin araşdırılacağı bildirilmişdir. Eyni zamanda, cavabdeh LPO QSC «xxxx» KB -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 01.07.2020-ci il tarixli məktubla müraciətinə cavab olaraq: yoldaşı Əli Salahova 08.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 91.500 manat məbləğində kreditin verilməsi, ona məxsus mənzilin həmin müqavilə üzrə ipoteka ilə yüklü edilməsi, Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli qətnaməsinə əsasən Əli Salahovun həmin müqavilə üzrə bank qarşısında olan öhdəliyinin tam həcmdə icra edilməsi bildirilmiş, əlavə olaraq isə Əli Salahova bank tərəfindən 17.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9.995 manat 49 qəpik məbləğində borcun verilməsi və hazırda yoldaşının banka 11.451 manat 28 qəpik məbləğində borcunun olması qeyd olunmuşdur. Cavabdehin istinad etdyi məktubundan da açıq-aşkar şəkildə aydın olur ki, əslində onun əmlaklarının ipoteka qismində iştirak etdiyi kredit müqaviləsi üzrə bütün öhdəlik yerinə yetirilmişdir. Buna görə də, öhdəliyə onun kreditorunun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilmişdir. Lakin həyat yoldaşının bank qarşısında ona aidiyyatı olmayan digər təminatsız kredit müqaviləsi üzrə borcunun olması səbəbindən onun əmlakları ipoteka yüklülüyündən azad edilmir. Bu hal isə son dərəcə absurd və qanunsuz haldır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad edən iddiaçı qeyd etmişdir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə onun əmlaklarının təminatı olduğu 08.04.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi tamamilə icra olunduğu və həmin müqavilə üzrə bütün borc məbləği tam həcmdə bağlandığı üçün həmin müqaviləyə xitam verilmişdir. Lakin bank və onun ləğvedicisi ipoteka saxlayan kimi hüquqlarından sui-istifadə edərək, əmlaklarını girovdan azad etməmiş, ona və ailə üzvlərinə maddi və mənəvi zərər vurmuşdur. Təsadüfi deyil ki, bank tərəfindən həyat yoldaşının nümayəndəsinə ünvanlanmış 04.03.2020-ci il və 13.03.2020-ci il tarixli məktublarda bütün qeyd etdiyi xüsusatlar (08.04.2014-cü il tarixli 160/09/94/14 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi, həmin müqaviləyə xitam verilməsi, buna baxmayaraq əmlaklarının girovdan azad edilməməsi və s.) öz təsdiqini tapır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il, tarixli 2(006)-508/2021 nömrəli qətnaməsi ilə İddia təmin edilərək, 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 yerləşən 52 saylı mənzilinə dair QSC «xxxx» KB-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 yerləşən 52 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində QSC «xxxx» KB-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh LPO QSC “xxxx” KB apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2021 saylı iş üzrə 11.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-508/2021 saylı, 11 mart 2021-ci tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfındən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Birincisi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı Bank qarşısında öhdəliklərini tam yerinə yetirmişdir. Qeyd edir ki, Bankla iddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən ipotekaya xitam verilə bilməz. Belə ki, iddiaçı şəxsin Bankın elektron borc cədvəlində 11451,28 (on bir min dörd yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu qalmışdır. Həmin borc məbləği ödənilmədiyindən biricni instansiya məhkəməsi ipoteka yüklülüyünə xitam və ipoteka yüklülüyünə dair qeydiyyatın ləğvini verə bilməzdi. İkincisi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir və mübahisəli əmlaklara tutma yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd edir ki, başqa bir məhkəmənin daha öncə əmlaklara tutma yönəldilməsi barədə qərarının olmasına Nəsimi rayon Məhkəməsi həm bir əhəmiyyət verməmiş və ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, həmin qətnamə mübahisəli əmlaklara tutma yönəldilməsi, əmlakların hərracdan satılması barədə qərar qəbul etmişdir. Məhkəmə aktının əsaslandırılmaması özü-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarının 2.4cü maddəsinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, qanunun tələblərinə uyğun olaraq işə aid olan və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO QSC “xxxx” KB-nin nümayəndəsi X7 apellyasiya dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavab olaraq bilirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X1 məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir.Yəni, cavabdeh X6 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə QSC «xxxx» KB qarşısında icra edilməmiş öhdəliyi yoxdur.Lakin cavabdeh X6 başqa kredit müqaviləsi üzrə, Bankla iddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11451,28 (on bir min dörd yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu qalmışdır.Həmin öhdəliyin isə ipoteka ilə təminatı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq vəsatət təqdim edərək Azərbaycan Respublikası MPM-in 120-ci maddəsinə (Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.) əsasən cavabdehdən dövlətin xeyrinə 10.000,0 manat pul tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışına tədqiq edilən: İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)- 5949/2015) iddia tələbi qismən təmin edilərək, cavabdeh X5 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsinə əsasən 91499,04 manat əsas borc, 5489,15 manat məbləğində faiz, ümumilikdə isə 96988,19 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 15 nömrəli mənzilə və ünvan 4nda yerləşən 52 nömrəli mənzilə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzillərin açıq hərraca çıxarılması, ünvan 3 ünvanda yerləşən 15 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 57500 manat, ünvan 5 ünvanda yerləşən 52 nömrəli mənzilin açıq hərracda ilkin satış qiymətinin 95000 manat müəyyən edilməsi, mənzillərin satılması, ondan əldə ediləcək vəsait cavabdeh X6 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, mənzillərin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində X10 və digərləri tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və T.Əliyev, iş № 2(103)-2037/2016) iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2016-cı il tarixli 2(102)-3312/2016 saylı qərarı ilə (hakimlər: V.İbayev, Ə.Əhmədov və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli 2(103)-7933/2016 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Cəmilə Səfiyeva və Vüqar Həsənov) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 may 2017-ci il tarixli 2(102)-2440/2017 saylı qərarı ilə (hakimlər:İ.Dəmirov, Ə.Rüstəmov və T.Qoldman) cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2016-cı il tarixli 2(103)- 7933/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. QSC «xxxx» KB-nin 13 mart 2020-ci il tarixli məktubundan (borc öhdəliyinin olubolmaması barədə) məktubundan görünür ki, 04.02.2020-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X1 məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Göründüyü kimi, X6 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə QSC «xxxx» KB qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən ipotekaya xitam verilməsi üçün qanuni əsas mövcuddur. Çünki, girovla (ipoteka ilə) təmin edilmiş öhdəliyə xitam verildikdə girova (ipotekaya) xitam verilir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İddiaçı müraciətini araşdıraraq, 27 avqust 2020-ci il tarixdə LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həmin müraciətdə qeyd olunan problemin həlli istiqamətində tədbirlərin görülməsi məqsədi ilə icrası məcburi göstəriş məktubu ünvanlamışdır. Lakin buna baxmayaraq, iddiaçının müraciətində qeyd olunan məsələ öz həllini tapmamış, cavabdeh tərəf ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməmişdir. Cavabdeh tərəf iddiaçıya ünvanladığı məktublarda X10 ilə bank arasında 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlandığını və sonuncunun borcu olduğunu qeyd etmişdir. Halbuki, iddiaçının mülkiyyətində olan əmlaklar həmin kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilməmişdir. Bank (ləğvedicisi) iddiaçıya qarşı 17 aprel 2014-cü il tarixli kredit müqaviləsinin icra edilməməsi ilə bağlı hər hansı tələb irəli sürməkdə, ipotekaya xitam verilməsi üçün müvafiq ərizəni ipotekanın qeydiyyatını aparan dövlət orqanına təqdim etməməkdə haqlı deyil. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 yerləşən 52 saylı mənzilinə dair «xxxx» KB QSCnin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi; ünvan 1 ünvanda yerləşən 15 saylı mənzilinə və ünvan 2 yerləşən 52 saylı mənzilinə dair Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində «xxxx» KB QSC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatının ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, iş materialları və tərəflərin izahatı ilə təsdiq olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli 2(005)-5949/2015 saylı məhkəmə qətnaməsi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda X1 məhkəmə qətnaməsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir.Yəni, cavabdeh X6 08 aprel 2014-cü il tarixli 160/09/94/14 nömrəli kredit müqaviləsi üzrə QSC «xxxx» KB qarşısında icra edilməmiş öhdəliyi yoxdur.Lakin cavabdeh X6 başqa kredit müqaviləsi üzrə, Bankla iddiaçı arasında bağlanmış 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 11451,28 (on bir min dörd yüz əlli bir manat iyirmi səkkiz qəpik) manat məbləğində borcu qalmışdır.Həmin öhdəliyin isə ipoteka ilə təminatı olmamışdır. Həmçinin, Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili X3 cavabdehdən dövlətin xeyrinə 10.000,0 manat pul tutulması barədə vəsatətini (Azərbaycan Respublikası MPM-in 120-ci maddəsinə əsasən Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.) cavabdehin apellyasiya şikayəti verməsi onun prosessual hüququ olması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-508/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar