Məhkəmə qərarları › İş №2(103)-6471/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6471/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6471/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “kredit və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit və ona hesablanmış faiz borcunun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh4, Cavabdeh3 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6722 manat məbləğində əsas borcun, 1180.54 manat məbləğində faiz borcunun, 132.99 manat məbləğində cərimə borcunun, cəmi 8035.53 manat borcun və 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Əliyev) ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli kredit sazişi üzrə əsas borca görə 6722 manat, faiz borcuna görə 874.81 manat, cərimə borcuna görə 132.99 manat olmaqla, ümumilikdə 7729.8 (yeddi min yeddi yüz iyirmi doqquz manat, səksən qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin edilmiş hissəsinə münasibətdə 97(doxsan yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin isə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, rayon məhkəməsi tələbin zaminlər - Cavabdeh2 və Cavabdeh3 aid olan hissəsində iddianı təmin etməmişdir. Məhkəmə zaminlərin xx.xx.2014-cü il tarixli xidmət şərtlərini imzalamadıqlarını əsas gətirərək zaminlik müqaviləsinin bağlanmaması kimi nəzərə almışdır. Halbuki, qeyd edilən zaminlər əsas borclu Cavabdeh4 ilə xx.xx.2022- ci il tarixli RM/06916/89/28 saylı kredit müqaviləsini imzalamışlar. Həmin müqavilədə kreditin 36 ay müddətinə, illik 24 faiz olmaqla 6722 manat məbləğində olması açıq aşkar öz əksini tapıb. Beləliklə, müqavilədə kreditin məbləğinin, valyutasının, müddətinin, illik faiz dərəcəsinin tam şəkildə göstərilməsi və onların müqaviləni imzalaması zamin olmasına və borclu ilə eyni öhdəliyi götürməsi ilə razılaşması deməkdir. Belə olan halda, zaminlərin xidmət şərtini imzalamaması kimi hüquq, vəzifələri, məsuliyyəti barədə məlumat verilməməsi, onların zamin kimi öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürməsindən və bank qarşısında müştəri ilə birlikdə məsuliyyət daşımasından xəbəri olmaması barədə məhkəmənin qənaəti əsaslı hesab edilə bilməz. Cavabdeh3 məhkəmə iclas zalında həmin kredit üzrə zamin durması və borcu etiraf etməsi faktıda onun əsas borclu ilə birgə məsuliyyət daşıdığının sübutudur. Odur ki, qətnamənin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi V.Həsənova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, bildirdi ki, zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi əsassız olmuşdur.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, digər cavabdehlər də məlumatlıdırlar, işdə olduqları üçün gələ bilmədilər, həmçinin qeyd etdi ki, borcu hissəhissə ödəyə bilər.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixində RM/06916/89/28 nömrəli kredit sazişi bağlanmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyd edilən müqavilə üzrə zaminlərdir.

11. İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə Cavabdeh4 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə tanış olmuşdur.

12. Həmin şərtlərin Preambulasında qeyd edilmişdir ki, İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri(bundan sonra “xidmət şərtləri” və ya “şərtlər” adlandırılacaq) İddiaçı ASC-nin müştərilərlə münasibət sahəsində olan çoxillik təcrübəsi nəticəsində formalaşmış, istisnasız olaraq hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, Bank tərəfindən həmin sahədə təqdim edilən bütün məhsullar üzrə ümumi şərtləri, tərəflərin hüquq və vəzifələrini, habelə müqavilə münasibətlərinin ümumi şərtlərini müəyyən edir və tərəflər arasında gələcəkdə bağlanacaq əqdlərin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Şərtlərdə həm bütün gələcək əqdlər(kredit sazişləri, razılaşmalar və.s) üçün ümumi, həmçinin ayrıayrı məhsullar üzrə xüsusi şərtlər müəyyən edilir.

13. Həmin şərtlərdə müştərinin, zaminin və digər şəxslərin hüquq və vəzifələri, tərəflərin məsuliyyətləri öz əksini tapmışdır.

14. xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli Kredit Sazişində qeyd edilmişdir ki, bu saziş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir.

15. Həmin sazişdə qeyd edilmişdir ki, müştəri Cavabdeh4 6722 manat nəğd pul krediti götürür və bu kredit xx.xx.2022-ci il tarixli MK/11636/85/28 saylı kredit müqaviləsinin restrukturizasiya olunması məqsədilə verilir, kreditin müddəti 36 ay, kreditin illik faizi 24% təşkil edir.

16. Həmin sazişdə tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlərin İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən edildiyi göstərilmişdir.

17. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-cü il tarixədək aylıq 263.72 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Müddətin sonunda o müqavilə üzrə faiz borcu üzrə cəmi 2803.21 manat ödəməli idi.

18. Hesabdan çıxarış məlumatlarına əsasən borcalan xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla, cəmi 250 manat ödəniş etmişdir.

19. Bank tərəfindən borcalan və digər şəxslərə xx.xx.2023-cü il tarixdə “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” Bildiriş göndərilmiş və müqaviləyə əsasən həmin tarixə olan əsas 6722 manat, faiz 1063.8 manat, cərimə 132.99 manat borcu tələb etmişdir.

20. Tərtib edilən maliyyə arayışına görə Bank borcalanın xx.xx.2023 tarixə 6722 manat əsas borcunun, 1180.54 manat faiz borcunun, 132.99 manat cərimə borcunun olduğunu bildirir və xx.xx.2023-cü il tarixdə daxil olmuş iddia ərizəsində həmin məbləğin cavabdehlərdən tutulmasını tələb edir.

21. Cavabdeh4 vəsatəti əsasında məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müqavilədən imtina edildiyi xx.xx.2023-cü il tarixə əsas və faiz borcun məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.

22. Tədqiqat dəyəri 100 manat təşkil edən Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2533 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023cü il tarixə əsas borcu 6722 manat, faiz borcu 874.81 manat təşkil edir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

24. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6223/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

41. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

42. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

43. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

46. İddia tələbini zaminə münasibətdə təmin etməyən rayon məhkəməsi öz möveyini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmamışdır. Çünki xx.xx.2022-ci il tarixli kredit sazişi müstəqil olaraq müqavilə məfhumunu yaratmır, hansı ki, həmin sazişinin preambulasında qeyd edilmişdir ki, bu saziş İddiaçıSC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. İddiaçıSC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri isə Cavabdeh3 və Cavabdeh2 təqdim edilməmiş və onların hüquq və vəzifələrini əks etdirən sazişlə tanış edilməmişlər.

47. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, zamindən borcun tutulması tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 472.1-ci maddəsi nəzərdən keçirilə bilər.

48. Həmin normaya əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyin icrasını gecikdirdikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (əgər zaminin məsuliyyəti subsidiar deyilsə).

49. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı tələbində tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli kredit sazişinə əsaslanmışdır.

50. Müqavilə dedikdə, tərəflərin arzu edilən hüquqi nəticə əmələ gətirmək üçün birbirinə uyğun olan iradə bəyanları başa düşülür. Zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir.

51. Zaminlik müqaviləsinin bağlanmış sayılması və hüquqi nəticə yaratması üçün onun yazılı qaydada tərtib olunmaqla tərəflərin üzərlərinə götürdükləri əsas öhdəliklərin razılaşmada əks etdirilməsi vacibdir. Eyni zamanda təminat verdiyi öhdəliyin həcmi - əsas borcluya verilən kreditin məbləği, valyutası, müddəti, illik faizi zaminə bəlli olmalıdır.

52. Rayon məhkəməsinin istinad etdiyi İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərində kreditin 36 ay müddətinə, illik 24 faiz olmaqla 6722 manat məbləğində olması açıq aşkar öz əksini tapıb. Beləliklə, müqavilədə kreditin məbləğinin, valyutasının, müddətinin, illik faiz dərəcəsinin tam şəkildə göstərilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müqaviləni imzalaması zamin olmasına və borclu ilə eyni öhdəliyi götürməsi ilə razılaşması deməkdir. Demək ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 də həmin sazişi zamin kimi imzalamaqla bankın alacağına təminat vermişlər.

53. Belə olan halda, rayon məhkəməsinin İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin Cavabdeh3 və Cavabdeh2 təqdim edilməməsi və onların hüquq və vəzifələrini əks etdirən sazişlə tanış edilməməsi barədə mövqeyi əsaslı olmamışdır.

54. Məhkəmə Kollegiyası hazırkı qənaətə gələrkən analoji mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6223/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarını da nəzərə alır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.-ci maddəsinə əsasən maddi hüquq normasının düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir.

56. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Nəticə:

57. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməli, xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli kredit sazişi üzrə əsas borca görə 6722 manat, faiz borcuna görə 874.81 manat, cərimə borcuna görə 132.99 manat olmaqla, ümumilikdə 7729.8 (yeddi min yeddi yüz iyirmi doqquz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada həm də Cavabdeh2 və Cavabdeh3 tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

59. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir.

60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-493/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə də təmin edilsin. xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli kredit sazişi üzrə əsas borca görə 6722 manat, faiz borcuna görə 874.81 manat, cərimə borcuna görə 132.99 manat olmaqla, ümumilikdə 7729.8 (yeddi min yeddi yüz iyirmi doqquz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar