Məhkəmə qərarları › İş №2(103)-6472/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6472/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6472/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 197381 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Müqavilədən görünür ki, Cavabdeh2 kredit alanın öhdəliklərinin icrasının təmini üçün zamin olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 8324,01 manat kredit üzrə əsas məbləğ borcunun, 836,22 manat əsas məbləğə hesablanmış faiz borcunun, 127,80 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, cəmi 9323,03 manat məbləğində borcun “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 8324,01 manat kredit üzrə əsas məbləğ borcunun, 1156,14 manat əsas bləğə hesablanmış faiz borcunun, 288,01manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 9803,16 manat məbləğində borcun «X5 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə “X5 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 197381 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 21 % olmaqla 10000 manat məbləğində kredit vermişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmin müqaviləyə əsasən Cavabdeh2 zamin durmuş, müqavilənin şərtlərinə görə zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2015-ci il tarixli, 197381 saylı kredit müqaviləsi üzrə 8324,01 manat əsas borcun, 1156,14 manat faiz borcu, 50 manat cərimə borcu, 5 manat bildirişlərin göndərilməsi üçün poçt xidməti xərci və 30 manat dövlət rüsumu, cəmi 9565,15 manat tutularaq “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 197381 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 21 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır və nəticədə banka kredit müqaviləsi üzrə 8324,01 manat əsas borcu, 1156,14 manat faiz borcu, 288,01 manat cərimə borcu yaranmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı kredit müqaviləsində nəzərdə tutulan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. “X5 Azərbaycan” QSC-nin iddiasının 288,01 manat dəbbə pulunun tutulması məsələsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 449.4, 472.1, 739.1, 739.2, 741-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin ona aid hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 474.1-ci maddəsində qeyd edilir ki, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Lakin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan maddi hüquq normasının tələbləri pozulmuş, məhkəmə iclasında iştirakı təmin edilməməklə, qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməyi məhdudlaşdırılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, tərəfin bildirdiyinə görə nə məhkəmədən əvvəl, nə də məhkəmədən sonra iclasın keçirilməsi barəsində məlumatı olub. Nə apellyasiya məhkəməsinə olan iclasdan, nə də icra mərhələsindən tərəfin xəbəri olmayıb. Xəbəri olan kimi apellyasiya şikayəti veriblər. Hesab edir ki, qəbul ediləcək qətnamə digər cavabdehin hüquq və mənafeyinə birbaşa toxunduğuna görə hüquqi varisi müəyyən edilməlidir. Digər cavabdeh vəfat edib, apellyasiya şikayətinin təmin olunacağı təqdirdə vəsaitin ödənilməsi digər cavabdehin üzərində qalır, o da vəfat edib. Belə olan halda tərəf vəfat etdiyi təqdirdə onun vərəsəsi və ondan hər hansı bir miras əmlakın qalması müəyyən edilməlidir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə daha əvvəl baxılmışdır. Hazırda kredit müqaviləsi üzrə zamin olmuş Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində zaminin irəli sürdüyü dəlillərə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İddiaçı tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi 8324,01 manat kredit üzrə əsas məbləğ borcunun, 836,22 manat əsas məbləğə hesablanmış faiz borcunun, 127,80 manat hər gecikdirilmiş günə görə cərimə borcunun tutulmasını xahiş etmişdir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2016-cı il tarixli, 2(103)- 9184/2016 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

22. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, zaminliklə bağlı mülki qanunvericiliyin tələbi pozulmuş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, 23 iyun 2016-cı il tarixli məhkəmə iclas protokolundan müəyyən olunur ki, Cavabdeh2 məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsini qismən qəbul etdiyini bildirmişdir (i.v.29) .

24. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 197381 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 21 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Müqavilədən görünür ki, Cavabdeh2 kredit alanın öhdəliklərinin icrasının təmini üçün zamin durmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(011)-7068/2016 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar