Məhkəmə qərarları › İş №2(103)-6472/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6472/2025

18.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6472/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(010)-4203/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4612/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1 (bir) misli həddində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4612/2018 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 2616 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X1 və tərbiyyə edilməsi üçün İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həcmində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Qeyd edir ki, Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həcmi olaraq ayda 160 manat aliment ödənilir. Övladı xx.xx.2017-ci il təvəllüdlü X2 ehtiyaclarının (tibbi, geyim, qida, təhsil və s.) ödənilməsinə ayda xeyli pul lazımdır. Məhkəmə tərəfindən uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləği uşağın hazırki ehtiyaclarını ödəmir və buna görə çox maddi sıxıntı keçirir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4612/2018 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan 7 ilə yaxın müddət keçir. Həmin bu illərdə borclunun da gəlirlərində dəyişiklik olmuş, artmışdır. Ona görə də məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərək, məbləğin artırılması zərurəti yaranmışdır.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(010)- 4203/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artması ilə əsaslandırır və hesab edir ki, həmin məbləğ artdığına görə, əvvəlki məhkəmə qətnaməsi ilə tutulan aliment məbləği də artırılmalıdır. Məhkəmə iddiaçının bu əsaslandırması ilə razılaşmır. Belə ki, AR Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrinin təmin edilməsinə yol vermir.

4. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(010)-4203/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin indeksiyası məqsədi üçün alimentin sabit pul məbləğində tutulması zəruridir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə alimentin sabit pul məbləğinə dəyişdirilməsini alimentin indeksiyası məqsədi üçün olub-olmamasını da araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

7. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 4612/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, 2616 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X1 və tərbiyyə edilməsi üçün İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həcmində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Elektron Məhkəmə Portalından əldə edilmiş çıxarışa əsasən Cavabdeh "xxxx" MMC-də tikişçi, ayaqqabıçı vəzifəsində çalışır və aylıq əmək haqqı 400 (dörd yüz) manat təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

11. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

12. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında rəsmi nikahın olması, həmin nikahdan bir uşaqlarının doğulması, eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 4612/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, uşağın ananın yanında saxlanılması və qeyd olunan miqdarda aliment təyin edilməsi işin faktiki hallarını təşkil edir. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən yetkinlik yaşına çatmayan övladının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır və iddiaçı öz tələbini onunla əsaslandırır ki, uşaqların məsrəfləri yetərincə artmışdır, bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 100.2 və 110.2ci maddələrinə, «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarlarını nəzərə alaraq hesab edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini və apellyasiya şikayətini nəzərə alaraq, alimentin məbləğinin minimum əmək haqqı məbləğinin 0,615 misli həddində sabit pul məbləği formasında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2025-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir)(iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.

14. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini və “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş cavabdehin gəlir məlumatlarına əsasən cavabdehin 400 (dörd yüz) manat əmək haqqı almasını, həmçinin uşağın maddi cəhətdən təmin olunmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən uşağa görə 246 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,615 misili (246 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 manat (2025ci il üzrə minimum əmək haqqı) =0,615 ) həddində tutulmalıdır.

15. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas təşkil edir.

16. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

17. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilməmiş 50 manat dövlət rüsumu (iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunan şəxsdir), MPM-nin 119.2-ci maddəsinin tələbinə görə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 18.Məhkəmə kollegiyası cavabdehin hazırki qətnamədən kassasiya şikayətinin verilməsi hüququna dair qeyd edir ki, qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPMnin 402.1 və 112.1.3-cü maddələrinə əsasən hazırki iş üzrə bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti 5000 manatdan azdır. Nəzərə alınsa ki, hazırda cavabdehdən tutulan alimentin məbləği 246 manat təşkil edir, o zaman həmin məbləğin bir il ərzində məcmusu 2952 (246x12=2952) manat təşkil edir.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(010)- 4203/2025 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə iddia tələbinin təmin edilən hissəsində dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar