Məhkəmə qərarları › İş №2(103)-6475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6475/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6475/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(008)-2481/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi üzrə banka 3372,98 (üç min üç yüz yetmiş iki dollar, doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 942,25 (doqquz yüz qırx iki dollar, iyirmi beş sent) ABŞ dolları faiz borcu və 1874,87 (bir min səkkiz yüz yetmiş dörd dollar, səksən yeddi sent) ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 20.10.2007-ci il tarixdən 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 900,35 (doqquz yüz dollar, otuz beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7090,45 (yeddi min doxsan dollar, qırx beş sent) ABŞ dolları borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 aprel 2006-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 18 ay müddətinə 4700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevralın 08-dək Cavabdeh banka 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi üzrə 3372,98 ABŞ dolları əsas borc, 942,25 ABŞ dolları faiz borcu və 1874,87 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 6190,10 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa, 08 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi üzrə banka 3372,98 ABŞ dolları əsas borc, 942,25 ABŞ dolları faiz borcu və 1874,87 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 20.10.2007-ci il tarixdən 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 900,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7090,45 ABŞ dolları borcu vardır. 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(008)-2481/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq kredit müqaviləsi üzrə cavabdehin ayrı-ayrı vaxtlarda ödəniş etdiyi, müqavilənin şərtlərinin pozulması və cədvəl üzrə gecikdirilmiş borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə telefon vasitəsi ilə şifahi olaraq xəbərdarlıq edildiyi qeyd edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi üzrə kredit vəsaitinin verilməsini təsdiq edən kassa məxaric orderi məhv edildiyi üçün təqdim edə bilmirlər. Apellyasiya baxışı zamanı cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər. Cavabdeh izahatında göstərdi ki, bank ilə onun arasında müqavilə bağlansada, sabahısı günü bank tərəfindən ona zəng olunaraq "xxxx" QSC-də onun kredit borcu olduğu üçün onun adına kreditin rəsmiləşdirilməsinin mümkün olmadığı, imzalanmış 20.04.2006-cı il tarixli müqavilənin ləğv edildiyi bildirilmiş, ona kredit verilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə olunmuş 20.04.2006-cu il tarixli, E138/03/06 saylı kredit müqaviləsinin surətindən görünür ki, «Nikoyl Bank» İKB ilə Cavabdeh arasında 18 aya, illik 26 faizlə 4700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit vəsaitinin Cavabdeh verilməsi barədə 20.04.2006-cu il tarixli, E138/03/06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 318 ABŞ dollarıdır. İddiaçı ASC-nin 08.02.2021-ci il tarixli maliyyə arayışında Cavabdeh 20.04.2006-cu il tarixli, E 138/03/06 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 3372,98 (üç min üç yüz yetmiş iki dollar, doxsan səkkiz sent) ABŞ dolları əsas borc, 942,25 (doqquz yüz qırx iki dollar, iyirmi beş sent) ABŞ dolları faiz borcu və 1874,87 (bir min səkkiz yüz yetmiş dörd dollar, səksən yeddi sent) ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 20.10.2007-ci il tarixdən 08.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 900,35 (doqquz yüz dollar, otuz beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6190.1 (altı min yüz doxsan dollar, on sent) ABŞ dolları borcu yaranması qeyd edilmişdir. 29.01.2021ci il tarixli, PAİHTD-980 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğini könüllü olaraq ödəmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 20.04.2006-cu il tarixli, E 138/03/06 saylı daxili kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı «Nikoyl Bank» İKB tərəfindən 18 ay olmaqla 26 faiz hesablanmaqla 4700 (dörd min yeddi yüz) ABŞ dolları Cavabdeh kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əlavədə (kredit müqaviləsi üzrə ödəniş cədvəli) göstərilmiş illik 18 ay olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bank tərəfindən öhdəliyin icra müddəti 20.10.2007-ci il tarixə kimi müəyyən edilmişdir. İddiaçı ASC 20.04.2006-cu il tarixli müqavilə tələbləri üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 13 (on üç) ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmişdir, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia müddətinin axımı 20.10.2007-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 15.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC tərəfindən iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki nəticəyə gələrkən hüquqi mövqeyi düzgün olmamışdır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 442-ci bəndindən aydın görünür ki, öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi öhdəliyin icra edilməməsi anlamına gəlir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi iddiaçı 20 aprel 2006-cı il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcu tələb edir. Kollegiya isə hesab edir ki, 20 aprel 2006-cı il tarixli kredit müqaviləsinin hüquqi əsası yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi bağlanmış, cavabdeh həmin müqaviləyə imza etmiş, lakin sabahısı günü bankdan ona zəng olunaraq "xxxx" QSC-də onun krediti olduğu üçün onun adına kreditin rəsmiləşdirilməsinin baş tutmadığı və imzalanmış 20.04.2006-cı il tarixli müqavilənin ləğv edildiyi bildirilmiş, ona kredit verilməmişdir. Belə olan halda iddiaçının nümayəndəsinə kredit müqaviləsinin əslinin, kredit verilməsi barədə kassa məxaric orderinin məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında” 12.08.2013-cü il tarixli aktın surəti təqdim olunmuşdur. Həmin aktın 5-ci qrafasından görünür ki, 2006-2007-ci illərə aid olan emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (..balans və balansdan kənar mədaxil və məxaric orderləri..) məhv edilməsi üçün ayrılmış, iddiaçının nümayəndəsinin dediklərinə əsasən məhv edilmişdir. Bu səbəbdən tələb olunan sənədlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Kollegiya belə qənaətə gəlir ki, 20 aprel 2006-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə kredit vəsaiti verilməsi sübut olunmadığından, cavabdehin də həmin kredit müqaviləsi üzrə öhdəliyi yaranmamışdır. Belə olan halda, hazırkı iş üzrə iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etməsinə dair subyektiv hüququ yaranmamışdır. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə, tədqiq edilmiş mülki iş materialları üzrə iddiaçının tələb etdiyi borc məbləğinin cavabdehə ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi halda birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olubolmamasını araşdırmadan ilk iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən ayrıayrı vaxtlarda ödənişlər aparılması, gecikdirilmiş borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə telefon vasitəsi ilə şifahi olaraq xəbərdarlıq edilməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən kredit borcunun ödənilməsi barədə hər hansı bir sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddianı əsaslandıran hallar mövcud olmadığından iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(008)-2481/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar