Məhkəmə qərarları › İş №2(103)-6477/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6477/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6477/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X3, X4 və X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-2321/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3nə qarşı «borcun silinməsi və borcun olmaması barədə qeydin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən başlayaraq QSC Bank Standard KB ilə əməkadaşlıq edərək ayrı-ayrı zamanlarda 35.000 manatadək kreditlər götürmüş və vaxtlı-vaxtında ödənişləri həyata keçirmişdir. Lakin 2016-ci ilin sonunda kreditlə bağlı respublikada fəaliiyət gösrərən banklardan birinə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, guya iddiaçının QSC Bank Standard KB-na gecikdirilmiş böyük məbləğdə, yəni təqribən 14500 manat əsasə borc və 20.000 manat faiz borcu var. İddiaçı, Mərkəşdirilmiş kredit reyerstrindən çıxarışa baxdıqda dəhşətə gəlmişdir. Bir neçə dəfə LPO QSC "Bank Standard" KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin məsələnin həlli istiqamətində bir nəticə əldə etməmişdir. 2020-ci ilin iyul ayında bir daha banklardan birinə kreditlə bağlı müraciət etdikdə, iddiaçını gərgiləşdirmişdir. Bu dəfə durduğu yerdə boc fantastik formada, həndəsi proqressiyayla artdığının şahidi olmuşdur. Əsas borcu 3300 manat, faiz borcu isə nə az nə çox birdənbirə 30000 manat artaraq 50000 manatdan artıq olmuşdur. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kredit Bürosunun çıxarışından göründiyi kimi iddiaçı, QSC Bank Standard KB-dan 02.12.2008-ci il tarixindən 25.02.2012ci il tarixinədək 24.000 manat kredit götürmüş və əsas borc və faizi ilə birlikdə vaxtında banka qaytarmışdır. Sonradan, daha dəqiq 08.05.2012-ci il tarixdən 28.08.2012-ci il tarixədək bank iddiaçıya guya 20.000 manat kredit vermiş və bu kreditləri uzun illərdir ki, banka ödəmir və buna baxmayaraq, nə QSC Bank Standard KB, nə də ləgvedici orqan ADİF bu vəsaitləri iddiaçıdan tələb etmir, müvafiq iddia ilə məhkəməyə müraciət etmir. Böyük ehtimalla bu texniki bir problemdir. Hər halda ən azı 2016-ci ilin və 2020-ci ilin kredit bürosunun çıxarışlarında bu qədər fərqi nə ilə izah etmək olar. Digər tərəfdən də çox vaxt keçdiyindən iddiaçıda əlavə sənədlər qalmamışdır. Lakin bir məqam aydındır ki, iddiaçının banka borcu olsaydı, ona qarşı məhkəmədə iddia qaldırılardı, yalnız bu gündə belə bankın ləgvedicisi belə bir iddia ilə məhkəməyə müraciət etmirsə, deməli bu borc reallıqda mövcud deyildir. İndi belə bir iddianı ləgvedici olaraq ADİF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülmüşdür. Digər tərəfdən vəziyyətin bu formada qalması iddiaçının bir çox hüquqlarımı məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud xirdalı-böyüklü ev əşyaları almaq, bütün bunlar iddiaçı üçün hal-hazırda mümkün deyildir. Çünki kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə iddiaçıya kredit verməkdən imtina edirlər. İddiaçı hesab edir ki, cavabdehlərin tutduqları mövqedən istifadə edərək onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-2321/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3nə qarşı «borcun silinməsi və borcun olmaması barədə qeydin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-2321/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-2321/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsassız hesab edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021ci il tarixli, 2(006)-2321/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh3 nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdakı məlumatlara, cavabdeh bankın təqdim etdiyi maliyyə arayışlarındakı məlumatlara istinad edərək hesab etmişdir ki, iddiaçı ilə LPO QSC «Bank Standard» KB arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının banka 05-06 avqust 2020-ci il tarixə 74459,61 manat borcu vardır. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respubblikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin həqiqi hallarına uyğun əsaslandırmadığından, qətnaməni qanuni və əsaslı hesab etmir. İş materiallarında olan 09.07.2020-ci il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, iddiaçının 31 may 2012-ci il tarixli 4 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3053,18 manat, faiz məbləği isə 8182,32 manat, 28 avqust 2012-ci il tarixli 8 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3374,08 manat, faiz məbləği isə 9658,21 manat, 28 avqust 2012-ci il tarixli 9 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3187,94 manat, faiz məbləği isə 9215,90 manat, 07 iyun 2012-ci il tarixli 7 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 2775 manat, faiz məbləği isə 8019,91 manat, 31 may 2012-ci il tarixli 5 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 2419,46 manat, faiz məbləği isə 7028,79 manat, 08 may 2012-ci il tarixli 6 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 2775 manat, faiz məbləği isə 8133,37 manat təşkil edir. İşdə olan 11 avqust 2020-ci il tarixli Maliyyə arayışlarından görünür ki, iddiaçının 08 may 2012-ci il tarixli 130/01/4649/12 saylı kredit müqaviləsi üzrə 05 avqust 2020-ci il tarixinə 2775 manat əsas, 2417,93 manat faiz, 5782,94 manat cərimə və gecikdirilmiş vaxt üçün 1031,94 manat faiz borcu, ümumilikdə 12007,81 manat, 31 may 2012-ci il tarixli 130/01/4714/12 saylı kredit müqaviləsi üzrə 05 avqust 2020-ci il tarixinə 3053,18 manat əsas, 1948,89 manat faiz, 6307,63 manat cərimə və gecikdirilmiş vaxt üçün 948,36 manat faiz borcu, ümumilikdə 12258,06 manat, 31 may 2012-ci il tarixli 130/01/4713/12 saylı kredit müqaviləsi üzrə 06 avqust 2020-ci il tarixinə 2419,46 manat əsas, 2046,95 manat faiz, 5042,32 manat cərimə və gecikdirilmiş vaxt üçün 892,16 manat faiz borcu, ümumilikdə 10400,89 manat, 07 iyun 2012-ci il tarixli 130/01/4743/12 saylı kredit müqaviləsi üzrə 06 avqust 2020-ci il tarixinə 2775 manat əsas, 2308,71 manat faiz, 5780,63 manat cərimə və gecikdirilmiş vaxt üçün 1020,63 manat faiz borcu, ümumilikdə 11885,97 manat, 28 avqust 2012-ci il tarixli 130/01/5293/12 saylı kredit müqaviləsi üzrə 06 avqust 2020-ci il tarixə 3374,08 manat əsas, 2710,81 manat faiz, 7031,69 manat cərimə, gecikdirilmiş vaxt üçün 1191,45 manat faiz borcu, ümumilikdə 14308,03 manat, 28 avqust 2012-ci il tarixli 130/01/5292/12 saylı kredit müqaviləsi üzrə 06 avqust 2020-ci il tarixə 3187,94 manat əsas, 2651,64 manat faiz, 6643,87 manat cərimə, gecikdirilmiş vaxt üçün 1115,40 manat faiz borcu, ümumilikdə 13598,85 manat borcu vardır. İşin qeyd edilən materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh bank arasında 08.05.2012-28.08.2012-ci il ərzində 6 (altı) ədəd kredit müqaviləsi bağlanılmış və bağlanmış kredit müqavilələri üzrə məlumatlar Azərbaycan Kredit Bürosunun reyestrinə daxil edilmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində cavabdeh bankla əvvəllər əməkdaşlıq etdiyini və kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etdiyini qeyd edərək bildirmişdir ki, cavabdeh bankla 08.05.2012-28.08.2012-ci il tarixlərdə hər hansı bir kredit müqaviləsi bağlamamış və bankın təqdim etdiyi maliyyə arayışlarında göstərilən kreditlərdən xəbəri yoxdur. Kollegiya iddiaçının əvvəllər cavabdeh bankla əməkdaşlıq etməsi və götürdüyü kredit müqavilələri ilə öhdəliklərini vaxtında icra etməsi barədə dəlillərini iş materiallarında olan (i.v. 5-11) Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyetri Xidmətinin məlumatları ilə yoxlayıb müəyyən edir ki, həqiqətən iddiaçı cavabdeh bankla əməkdaşlıq etmiş, öhdəliklərini icra etmişdir. Kollegiya iddiaçının 08 may 2012-ci ildən 28 avqust 2012-ci ilə kimi onun adına qeyd edilmiş 6 (altı) ədəd kredit müqavilələrindən məlumatlı olmaması barədə dəlillərini aydınlaşdırmaq üçün apelyasiya icraatında bankın nümayəndələrinə qeyd edilən kredit müqavilələrini, həmin kredit müqavilələri üzrə pul məbləğlərinin verilməsini təsdiq edən kassa məxaric orderlərinin məhkəməyə təqdim edilməsi barədə təklif etsə və bu məqsədlə işin baxılması dəfələrlə təxirə alınsa da, hər dəfə məhkəməyə bankın fərqli nümayəndələri gəlmiş, lakin tələb edilən kredit müqavilələri və kassa məxaric orderləri məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin təqdim edilməməsinin səbəblərini məhkəməyə izah edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının tələblərini təhlil edən kollegiya qeyd edir ki, öhdəlik hüquq münasibətlərinin yaranması üçün tərəflər arasında qanunvericiliyə uyğun müqavilə bağlanılmalı və həmin müqavilənin şərtlərinə uyğun tərəflər öhdəliklər daşımalıdır. Hazırki işdə iddiaçı cavabdeh bank tərəfindən Kredit bürosu reyestrinə daxil edilmiş 08 may – 28 avqust 2012-ci il tarixli 6 (altı) ədəd kredit müqavilələrindən məlumatlı olmadığı, həmin kredit müqavilələrini bağlamadığını bildirdiyi üçün, həmin kredit müqavilələrinin bağlanılmasını artıq sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bank qeyd edilən kredit müqaviləsinin mövcud olması, həmin kredit müqaviləsi üzrə pul vəsaitinin verilməsini təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd edilən prosessual normaların tələblərini nəzərə alan kollegiya hesab edir ki, cavabdeh bank iddia tələbini təkzib edən sübutlarını məhkəməyə təqdim etmədiyindən, cavabdeh bankın əməliyyat sistemində 08 may-28 avqust 2012-ci il tarixə olan dövr üçün 6 (altı) kredit müqaviləsi üzrə iddiaçının adına yazılmış borc qanunsuz hesab edilməli və qeyd edilən kredit müqavilələri üzrə cavabdeh bankın əməliyyat sistemində iddiaçının adına qeyd edilmiş borcun silinməsi və bu barədə kredit bürosu reyestrində müvafiq qeydlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Çünki, cavabdeh bankın əməliyyat sistemində və mərkəzi kredit bürosunda iddiaçının adına olmayan borcun qeyd edilməsi onun hüquqlarını pozmuş olur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin119.6-cı maddəsinə görə, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(006)-2321/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının əməliyyat sistemində və Azərbaycan Respublikası Mərkəzi Kredit Bürosunun reyestrində İddiaçı adına 08 may 2012-ci il tarixli 130/01/4649/12 saylı, 31 may 2012-ci il tarixli 130/01/4714/12 saylı, 31 may 2012-ci il tarixli 130/01/4713/12 saylı, 07 iyun 2012-ci il tarixli 130/01/4743/12 saylı, 28 avqust 2012-ci il tarixli 130/01/5293/12 saylı və 28 avqust 2012-ci il tarixli 130/01/5292/12 saylı kredit müqavilələri üzrə yazılmış borcun silinməsi və həmin kredit müqaviləsi üzrə borcun olmaması qeydinin aparılması öhdəliyi Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının və Azərbaycan Respublikası Mərkəzi Kredit Bürosunun üzərinə qoyulsun. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankından iddiaçının xeyrinə tutulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar