Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6477/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Egri Burhaneddinə qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Egri Burhaneddinin iştirakı ilə, İddiaçı cavabdeh Egri Burhaneddinə qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-198/2023 nömrəli 10 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Borc verən İddiaçı ilə borc alan Egrı Burhaneddin arasında bağlanaraq Gəncə Asan xidmət mərkəzində notaiat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə görə borc verən borc alana xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz borcun verildiyi günün məzənnə dəyəri ilə 136000 manat (80000 ABŞ dolları) borc pul vermişdir.
2. Gəncə Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan, borc alan Egrı Burhaneddinin Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 80000 ABŞ dolları məbləğində pul götürdüyünü təsdiq edərək həmin məbləği 4 ay müddətində qaytarmağı və bununla bağlı hər hansı mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürməsini bildirmişdir.
3. Egrı Burhaneddinin Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün səlahiyyətli orqanlarına ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı götürdüyü 80000 ABŞ dollarını 4 ay müddətində qaytarmağı, əks halda hər ay həmin məbləğin 20% ödəməyi öhdəsinə götürmüşdür.
4. Borc alan X2 rayon İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində o, xx.xx.2018-ci il tarixdə iltizam verərək borc verən İddiaçı olan 80000 ABŞ dollar borcunu 3 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək ödəyəcəyini, borcundan nağd olaraq 1000 manat ödəniş etdiyini, 79411 ABŞ dolları qalıq borcunu 3 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixinə qədər ödəyəcəyini bildirmişdir.
5. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Abşeron rayon 1 saylı notariat kontorunun icra sənədi tələbkar İddiaçı müraciətinə əsasən geri qaytarılmışdır.
6. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-864/2022 saylı qətnaməsi ilə iddiaçı Egri Burhaneddinin cavabdeh İddiaçı və Gəncə Asan xidmət mərkəzinin notariat kontorunun xüsusi notariusu X1 qarşı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 80000 ABŞ dolları borcun, 64000 ABŞ dolları öhdəliyə görə pulun və 32000 ABŞ dolları əldən çıxmış faydanın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən həmin dövrdə olan məzənnə dəyəri ilə 136000 manat, yəni 80000 ABŞ dolları məbləğində borc vermişdir. Müqaviləyə görə cavabdeh xx.xx.2018-ci il tarixədək borcu qaytarmalı idi. Lakin, borclu icranı gecikdirdiyinə görə Abşeron rayon 1 saylı notariat ofisinin 8İ-2896 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Egrı Burhaneddindən həmin dövrdə olan məzənnə dəyəri ilə 136000 manat (80000 ABŞ dolları) məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq Abşeron rayon İcra və probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymur. Cavabdeh xx.xx.2018-ci il tarixli aidiyyəti orqanlara ünvanladığı ərizəsində müqavilədə qeyd olunan müddətdə ödəniş olmadığı halda göstərilən məbləğin 20%-ni hər ay ödəmək öhdəliyini öhdəsinə götürmüşdür. Beləliklə, cavabdehin həmin ərizəyə uyğun xx.xx.2018-ci il tarixdən hesablanmaqla 40 ay x 1600 ABŞ dolları = 64000 ABŞ dolları borcu vardır. Digər tərəfdən əgər iddiaçı 80000 ABŞ dollarını banka illik 10% depozitə qoysaydı onun faydası xx.xx.2018-ci il tarixdən 80000 ABŞ dolları x 4=32000 ABŞ dolları təşkil edir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 aprel 2023-cü il tarixli 2(001)-198/2023 nömrəli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehdən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən borca görə 77058,8 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması, Cavabdehdən dövlət rüsumuna görə 421 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə göstərmişdir ki, İddiaçı cavabdeh X5 Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz, borcun verildiyi günün məzənnə dəyəri ilə 136000 manat olan 80000 ABŞ dolları borc pul vermiş, cavabdeh Gəncə Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq olunan, xx.xx.2018-ci il tarixli ərizəsi ilə borcu ABŞ dolları ilə almasını təsdiq etmiş, daha sonra aldığı borcdan 5000 manat iddiaçıya qaytarmışdır. Cavabdehin iddiaçıya borc müqaviləsinə əsasən 77058,8 ABŞ (80000-2941,2) dolları borcunun qalması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir.
11. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən borc faizsiz verildiyindən, iddiaçı faizə pul vəsaitini vermək səlahiyyətinin olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən, pul vəsaitini faizə vermək fəaliyyətinin yalnız xüsusi lisenziya əsasında həyata keçirilməsi mümkün olduğundan, verilən pula görə borc alandan faiz tələb etmək qanunvericiliklə məsuliyyət yaratdığından iddiaçının cavabdehdən faiz tələbi qanunsuzdur ona görə təmin edilə bilməz.
12. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə borc məbləğinin 10% olmaqla cəmi 32000 ABŞ dolları tələbi ilə bağlı qeyd etmişdir ki, pul vəsaiti üzərində öz seçiminə görə sərəncam verən, yəni həmin vəsaiti özünün qeyd etdiyi kimi bankın depozitinə deyil, cavabdehə borc vermək qərarını qəbul edən iddiaçı cavabdehin pul vəsaitindən fayda, gəlir əldə etməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu tələbini də əsassız hesab edib təmin etmir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 60, 71, 127, Mülki Məcəllənin 152.3, 449.1, 385.1, 425.1, 442, 739.1, 739.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, sübutlar düzgün qiymətləndirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
18. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər
22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır, çünki iddia qismən təmin edilmiş olsa da iddiaçı tərəfindən şikayət verilməmiş, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan aydın olur ki, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz, borcun verildiyi günün məzənnə dəyəri ilə 136000 manat olan 80000 ABŞ dolları borc pul vermişdir.
34. Cavabdeh tərəfindən həmin kredit müqaviləsi mübahisələndirilsə də, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-864/2022 saylı qətnaməsi ilə kredit müqaviləsinin etibarsızlığına dair iddia tələbi rədd edilmişdir.
35. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, həmin iş üzrə iddiaçı cavabdehə olan 136000 manat borcunu dəfələrlə etiraf etmiş və həmin borcun tezliklə öz tərəfindən cavabdehə ödənilməsi üçün möhlət istəmişdir. Həmin müqavilə etibarsız sayıla bilməz ona görə ki, əgər müqavilə hədə-qorxu altında bağlanmış olsa idi iddiaçı könüllü olaraq notariusa və digər orqanlara gedib cavabdehə olan borcuna dair ərizə verməzdi.
36. Göründüyü kimi qətnamə ilə kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinin pozulmaması və hər iki tərəfin iradəsinə uyğun olaraq müqavilə bağlandığı müəyyən edilmişdir.
37. İddiaçı tərəfindən cavabdehə müqavilədəki borc məbləğinin verilməsi mübahisəsizdir.
38. İddiaçı haqlı olaraq müqaviləyə əsasən verdiyi pul məbləğini tələb etmişdir.
39. Məhkəmə cavabdehin borc məbləğindən 5000 manat qaytarmasını nəzərə alaraq qalmış 77058,8 ABŞ (80000-2941,2) dolları borcun tutulması qənaətinə gəlmişdir.
40. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur.
41. Cavabdeh apellyasiya şikayətində də müqavilənin hədə-qorxu ilə bağlandığını, əslində pul verilmədiyini qeyd etsə də, yuxarıda istinad edilən qətnamə ilə müqavilənin etibarlılığı yoxlanılmış və bu dəlillərə münasibət bildirilmişdir.
42. Kollegiya onu da qeyd edir ki, hazırki tələb üzrə icra qeydi verilsə də, iddiaçının ərizəsi əsasında icra qeydi geri qaytarılmışdır, yəni hazırda icra icraatında aktiv icra sənədi mövcud deyil.
43. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-198/2023 nömrəli iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.