Məhkəmə qərarları › İş №2(103)-6477/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6477/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6477/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-dən, psixoloji təzyiq vasitəsilə ilkin müqavilə öhdəliyini icra etməkdən yayınma məqsədilə, yeni, daha əlverişsiz "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" bağlamaq yolu ilə vurulmuş 50000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ikinci müqavilənin etibarsız hesab edilməsi və onların hər birinə çatası mənzilin dəyərinin ¾ hissəsinin mövcud bazar qiyməti ilə dəyərinin əlavə olaraq ödənilməsilə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-3979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Digər İddiaçı2 qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:

6. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilib. Belə ki, Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi məhkəmə prosesi zamanı həmin mübahisəli ərazidə digər vətəndaşlara aid yaşayış sahələrinin sökülməsi və ödənişlərlə bağlımötəbər sənəd gətirəcəyi barədə söz versə də o sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmə də bu halın üzərindən sükutla keçmişdir. Müqavilə öhdəliyinin pozulması və hüquqi vəziyyətinin pisləşməsi onunla izah olunur ki, Cavabdeh ilə o və qardaşı İddiaçı2 arasında xx.xx.2022-ci il tarixli, K/029 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə onlara məxsus 1 otaqlı mənzilin bu müqavilə ilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m olmaqla)və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin bu müqaviləyə əsasən birgə Mülkiyyətçilər layihəçiyə 20 000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m əlavə yaşayış sahəsi alırdıq və əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20000 manat pulu Birgə Mülkiyyətçilər Layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833.33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən layihəçi yekunda birgə mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m olan mənzili təhvil verməyi, mülkiyyətçi isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bildirir ki, qardaşı Ələkbər müharibə veteranı və qazi olduğuna görə 10 kv.m. kimi əlavə verilən sahəyə ödəniş aparılması qanunsuz idi. Göründüyü kimi ikinci müqavilənin bağlanması heç də onların razılaşması ilə yox, onlara qarşı təzyiqin nəticəsində baş vermişdir. Necə ola bilər ki, onlar bir otaqlı mənzili 50 000 min manata dəyişmişlər?! Onlar məhkəmə gedişatı zamanı iddia tələblərini dəqiqləşdirməklərinə baxmayaraq, məhkəmə işə bir tərəfin marağına uyğun qanunsuz qərar çıxarmışdır. Məhkəmə, bir qazinin, vətən müharibəsi veteranının halını nəzərə almamışsa, -şəhərin mərkəzində birotaqlı mənzili 50 000 manatla əvəzləşdirilməsini, vəziyyətin ağırlaşdırılması kimi görməmiş və hüquqi qiymət verməmişsə və bu üsulla qanunsuz qətnamə çıxarmışsa, deməli qətnamə işin hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçılar ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər, bildirdilər ki, cavabdeh tərəfindən onlara təzyiq göstərilmiş, vəziyyətləri gərgin olduğu, eləcə də borcları olduğu üçün həmin müqaviləni imzalamağa razı olmuşlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, 16 kv.m mənzil üçün 50.000 ödəyiblər, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmışdır, iddiaçıların bildirdikləri mülahizədir, heç bir sübut yoxdur, onlar iki il qabaq könüllü olaraq müqavilə bağlayıb və müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini qəbul etmişlər, iddiaçılara hər kv.m. üçün 3200 manata yaxın pul ödənilmişdir ki, bu da həmin vaxt üçün ən yüksək qiymət idi, bu iddiada məqsədləri əlavə pul almaqdır ki, bu da əsassızdır. Sübutların tədqiqi:

9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsindəki 7 otaq 106.2 kv.m yaşayış sahəsi, 147.9 kv.m ümumi sahəsi olan 49 saylı fərdi yaşayış evi 1 otaqdan 1/3 hissədə İddiaçı2, 1 otaqdan 1/3 hissədə İddiaçı1, 1 otaqdan 1/3 hissədə Sara Şirzad qızının, 1 otaq hissədə X8, 1 otaq hissədə X4, 1 otaq hissədə X2, 3 otaq hissədə X7 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır.

10. Cavabdeh ilə İddiaçı2 və İddiaçı1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış K/029 nömrəli əvəzləşmə müqaviləsinə əsasən layihəçi Bakı şəh., Yasamal Rayonu, C.Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək Layihəçi Birgə Mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin Birgə Mülkiyyətçilər layihəçiyə 20 000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m əlavə yaşayış sahəsi alır. Əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20000 manat pulu Birgə Mülkiyyətçilər Layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833.33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən Layihəçi yekunda Birgə Mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m olan mənzili təhvil verməyi Mülkiyyətçi isə müqavilə üzrə üzərmə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür.

11. Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı İddiaçı1 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 20000 manata almışdır.

12. Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı İddiaçı2 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 30000 manata almışdır.

13. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X1 3 otaq 54.8 kv.m hissədə, X6 1 otaq 16.4 kv.m hissədə, X5 1 otaq 10.8 kv.m hissədə, X2 1 otaq hissədə, X3 1 otaqdan 1/3 hissədə, İddiaçı2 1 otaqdan 1/3 hissədə, İddiaçı1 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır.

14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X6 1 otaq 16.4 kv.m hissədə, X9 3 otaq 54.8 kv.m hissədə, Cavabdeh 3 otaq hissədə müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

20. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

21. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

22. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

23. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

24. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

25. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı

27. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

28. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

29. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

30. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

40. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Hazırkı iş materiallarından göründüyü kimi, sözügedən mübahisəli ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi X3 1 otaqdan 1/3 hissədə, İddiaçı2 1 otaqdan 1/3 hissədə, İddiaçı1 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır.

46. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 24 iyun 2021-ci il tarixli 150 nömrəli və 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsinin icarə əsasında iddiaçı Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.

47. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bundan sonra Cavabdeh MMC sözügedən Sərəncamın icrasını həyata keçirmək məqsədilə müvafiq ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin mülkiyyətçiləri və qanuni sahibləri ilə müvafiq əvəzləşmə müqavilələrinin bağlanması və digər məsələlərlə bağlı danışıqlara başlamışdır.

48. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evi də sözügedən Sərəncamın aid olduğu ərazinin təsir dairəsinə düşdüyündən müvafiq qaydada mənzil mülkiyyətçilərə ilə danışıqlara başlanılmış, razılaşma əldə edilərək, Cavabdeh ilə İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2022-ci il tarixli, K/029 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi Bakı şəh., Yasamal Rayonu, C.Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə (İddiaçı1 və İddiaçı2) məxsus 1 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m olmaqla) və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

49. Həmçinin bu müqaviləyə əsasən birgə mülkiyyətçilər layihəçiyə 20 000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m əlavə yaşayış sahəsi alır və əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20000 manat pulu birgə mülkiyyətçilər layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833.33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən layihəçi yekunda birgə mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m olan mənzili təhvil verməyi, mülkiyyətçi isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçılara kompensasiya verməyi təklif edərək, onlarla daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamağı təklif etmişdir. Beləcə iddiaçılar bu təkliflə razılaşmış, nəticədə iddiaçılar paylı mülkiyyət üzrə onlara məxsus paylarının cavabdehə satılmasına, bunun müqabilində cavabdehin cəmi 50000 manat məbləğində kompensasiya verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ayrı-ayrılıqda İddiaçı1 və İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən satıcı İddiaçı1 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 20000 manata almışdır, eyni qaydada satıcı İddiaçı2 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 147.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 30000 manata almışdır. Nəticədə alıcı Cavabdeh birgə mülkiyyətçilərə 50000 manat verərək, onların paylı mülkiyyətində olan payları almışdır.

50. Cavabdeh müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərdən aldığı mənzili sökərək, müvafiq sərəncam üzrə fəaliyyətini həyata keçirməyə başlamışdır.

51. Bundan sonra iddiaçılar mübahisəli mənzillə bağlı əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edilmələrinə və fərdi evlərinin mövcud real bazar qiymətinin ən azı 100000 manat olduğuna istinad edərək, Cavabdeh MMC-dən, psixoloji təzyiq vasitəsilə ilkin müqavilə öhdəliyini icra etməkdən yayınma məqsədilə, yeni, daha əlverişsiz "Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi" bağlamaq yolu ilə vurulmuş 50000 manat maddi ziyanın iddiaçılara ödənilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

52. Rayon məhkəməsində iddia tələbi təmin edilməmişdir, birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar onlara əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edilməsi barədə dəlilləri üzrə sübut təqdim etməmişdir.

53. Hazırda İddiaçı1 apellyasiya şikayətinin də əsas dəlili onların birotaqlı mənzilinin 50.000 manatla əvəzləşdirilməsi barədə ikinci müqavilənin onların vəziyyətinin ağırlaşdırılması kimi nəzərə alınmaması ilə bağlıdır.

54. Göründüyü kimi, iddiaçılar ikinci müqavilə, yəni mənzildəki paylarının cavabdehə satılması barədə xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilənin məcburetmə -hədə-qorxu nəticəsində bağlandığını iddia edir, hesab edir ki, əks halda onlar alacaqları bir otaqlı mənzili 50.000 manata qarşı tərəfə satmazdılar.

55. İddiaçılar izahatında həmin vaxt maddi vəziyyətlərinin ağırlığı ilə əlaqədar müqavilə ilə razılaşdıqlarını bildirmişlər. Bununla belə, cavabdeh tərəfindən onlara göstərilən təzyiq nəticəsində xx.xx.2024-cü il tarixli müqaviləni bağladıqlarını iddia edən iddiaçılar təzyiq və hədə ilə bağlı hər hansı sübut təqdim etməyib.

56. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

58. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

59. İddiaçılar onlara müqaviləyə görə az məbləğ (50.000 manat) ödəndiyini, onlara daha 50.000 manat ödənilməli olmasını bildirmişlər. Həmçinin müqavilənin əvəzi kimi 50.000 manat iddiaçılar tərəfindən qəbul edilmişdir ki, bu hal mübahisələndirilmir.

60. Göründüyü kimi, iddiaçılar daha çox müqavilədə razılaşdırılan qiymətdən narazıdır.

61. Bununla bağlı isə qeyd edilir ki, MM-in 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

62. MM-in 398.2-ci maddəsinə görə, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

63. Normadan da göründüyü kimi, qiymət dəyişdirilməsi- yalnız müqavilə və Məcəllədə nəzərdə tutulan hallarda mümkün olduğundan, tərəflərin bağladığı müqavilədə razılaşdırdıqları qiymətin hazırda başqa qiymətlə dəyişdirilməsi nə onlar arasında bağlanılan müqavilədə, nə də Məcəllədə nəzərdə tutulmamışdır. Odur ki, onlara əlavə 50.000 manat ödənilməsi barədə tələb də əsassız olduğundan təmin edilə bilməz.

64. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə:

65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə mahiyyət etibarı ilə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

67. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-3979/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi hazırkı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar