Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6478/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 mart 2021-ci il tarxili 2(006)-316/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesabından əsassız və qanunsuz olaraq silinən 730 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnmə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 mart 2021-ci il tarxili 2(006)-316/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə çıxarılan məhkəmə qərarı madi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə maddi hüquq normalarını mübahisənin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, iddianı onunla əsaslandırmışdır ki, cavabdeh tərəflər aralarında bağlanan 19 may 2012-ci il tarixli kredit xətti müqaviləsinin tələblərini pozmuş və heç bir prelenziya məktubu göndərmədən müqavilənin müdəti bitdikdən 6 il sonra heç bir əsas olmadan hesabından pul tutmuşdur. Maraqlıdır ki, iddia ərizəsində əsaslandığı və məhkəmənin də bütün proseslər boyu araşdırdığı hal cavabdeh tərəfindən müqavilənin 25.3-cü maddəsində öz əksini tapan öhdəliyə riayət edib-etməməsi ilə bağlıdır. Hətta hakimin cavabdehdən iddiaçıya bildiriş göndərilib-göndərilməməsi barədə sübutların məhkəməyə təqdim edilməsi barədə tələbi də cavabdeh tərəfindən icra olunmadı. Yalnız sonuncu iclasda cavabdeh ona borcla bağlı heç bir bildirişin göndərilmədiyini etiraf etdi. Lakin prosesə sədrlik edən hakim öz qətnaməsində nə səbəbdənsə onun müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etmiş, cavabdehin isə üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi barədə bir kəlmə də qeyd etməmişdir. Təbii ki, bu hal hakimin MPM-nin qərəzsizlik prinsipinə riayət etmədiyini göstərir və tərəflər arasında aşkar fərqi ortaya qoyur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsində hakim tərəfindən yol verilən bir başqa pozuntu isə birinci instansiya məhkəməsi olmasına baxmayaraq qanunvericiliyi təfsir etməyə çalışması, ən qəribəsi isə qanunu bilərəkdən yalnış təfsir etməsidir. Belə ki, məhkəmədə izahat verərək cavabdeh tərəfindən mülki qanunvericilikdə müəyyən edilən müddətin də ötürüldüyü məhkəmənin diqqətinə çatdırılmışdır. Buna görədə məhkəmə növbəti dəfə cavabdehə “arxa-dayaq” olaraq bu dəfə Mülki Məcəllənin müddətlərlə bağlı normalarını sonuncunun xeyrinə “yozmuşdur”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlu bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Bildirişin göndərilməməsi akseptsiz silinmə öhdəliyinin yerinə yetirilməməsi deməkdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, bildiriş göndərməklə onlar vətəndaşa nə qədər borcun silinməsi barədə məlumatı verirlər. Bu o demək deyil ki, onlar bildirişlə pretenziya qaydasına əməl edirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında 19 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi bağlanmış, bank kart sahibinə kredit kartı vasitəsilə 1500 manat məbləğində 12 ay müddətinə kredit xəttinin açılmasını, kart sahibi isə bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini banka qaytarmağı, o cümlədən, kredit üzrə hesablanacaq faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranan borca görə əmək haqqı kartından əsassız olaraq silinən 730 manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı cavabdehlə könüllü şəkildə müqavilə bağlamaqla həmin müqavilədə nəzərdə tutulan şərtlərə öz razılığını ifadə etmiş, bununla da kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüş, lakin borcun ödənilməsi ilə bağlı öhdəliyini lazımi qaydada icra etmədiyindən yaranmış borc onun əmək haqqına yönəldilməklə iddiaçıdan tutulmuşdur. Hazırda iddiaçı bankın onun hesabından tutduğu 730 manat pulun geri qaytarılmasını tələb etsə də, qeyd olunan borcun əsassız tutulması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının Bank qarşısında öhdəliyi Mülki Məcəllənin 551.2.1-ci maddəsində müəyyən edilmiş vaxtaşırı ödənişlərə aid edilə bilməz. Həmin normadan göründüyü kimi qanunverici kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyi deyil, yalnız kapital üçün faizləri vaxtaşırı ödənişlərə aid etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun hissə-hissə ödənilməsi barədə ödəniş cədvəlinin tərtib olunması istinad olunan normanın mənası baxımından kreditin qaytarılmasını vaxtaşırı icra edilməli olan öhdəlik kimi qiymətləndirməyə əsas vermir. Belə ki, həmin münasibət üzrə borclu kreditor tərəfindən onun mülkiyyətinə verilmiş pul məbləğini hissəhissə geri qaytarır. Diqqətəlayiqdir ki, kredit hüquq münasibətlərinə iddia müddətinin tətbiq edilməsi məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında da kredit mübahisələrinə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin (maddə 373.3) deyil, müqavilə tələbləri üzrə iddia müddətinin (maddə 373.2) tətbiq edilməli olduğu barədə qənaətə gəlinmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən on il kimi müəyyən edilməlidir. İş materialları əsasında isə müəyyən olunur ki, həmin müddət cavabdeh tərəfindən buraxılmadan pul vəsaiti iddiaçıdan tutulmuşdur. Beləliklə, məhkəmə iddiaçının cavabdeh tərəfindən borcun tutulması üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsinə dair gətirdiyi dəlilləri əsassız hesab edir. İddiaçının tələbinin əsaslılığına dair gətirdiyi digər bir dəlil cavabdehlə aralarında bağlanmış kredit xətti müqaviləsinin 25.3-cü bəndinə əsasən gecikdirilmiş borcun hesablaşma hesabından silinmədən öncə ona yazılı bildiriş göndərilməsi nəzərdə tutulduğu halda belə bildirişin cavabdeh tərəfindən ona göndərilməməsi ilə bağlıdır. Məhkəmə iddiaçının həmin dəlilini də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış 19 noyabr 2012-ci il tarixli kredit xətti müqaviləsinin 25.3-cü bəndində göstərilmişdir ki, “Banka hüquq verilir ki, Kart sahibinin sərəncamı olmadan, ona yazılı bildiriş göndərilməklə, gecikdirilmiş borcun məbləğini Kart sahibinin hesablaşma hesablarından akspetsiz qaydada silsin. Bu halda yazılı bildirişin göndərilməsini poçt qəbzi təsdiqləyəcək”. Maddənin məzmunundan göründüyü kimi, borcun silinməsi zamanı Bankın üzərinə iddiaçıya yazılı bildiriş göndərməli olduğu ilə bağlı hər hansı vəzifə qoyulmamış, eləcə də, müqavilənin Bankın məhz vəzifələrinin təsbit olunduğu 30-cu bəndində də bu cür bildirişin göndərilməsi nəzərdə tutulmamışdır. Əksinə, tərəflər arasında bağlanmış müqavilənin 29.11-ci bəndində göstərilmişdir ki, “Bank sahibi razılığını bildirir ki, o, Bankın maaş kartına malikdirsə və Banka olan borclarını vaxtında ödəmirsə, Bank Kart sahibini xəbərdar etmədən tələbini Kart sahibinin Bankda olan bütün Bank hesabları, Əmanətləri və ya Banka qoyduğu girov və ya ipoteka hesabına ödəyə bilər. Beləliklə, iddiaçının tələb etdiyi pul vəsaitinin cavabdeh bankdan tutulması üçün hər hansı qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, iddiaçı qətnamənin maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığını, maddi hüquq normalarını mübahisənin hallarına düzgün tətbiq etmədiyini göstərsə də konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozulduğunu göstərmir, eləcə də maddi hüquq normalarının mübahisənin hallarına düzgün tətbiq edilməməsinin nədə ifadə olunmasını açıqlamır. Bunlar dəqiq göstərilməli və açıqlanmalıdır. Əks halda bu ümumi sözlər kimi qəbul edilməlidir. Başqa cür də ola bilməz. Çünki, ən azından iddiaçı vəkillə təmsil olunur. İkincisi, iddiaçı bəyan edir ki, cavabdeh tərəflər aralarında bağlanan 19 may 2012-ci il tarixli müqavilənin tələblərini pozmuş və heç bir pretenziya məktubu göndərmədən müqavilənin müddəti bitdikdən 6 il sonra heç bir əsas olmadan hesabından pul tutmuşdur. Mübahisəli məqam cavabdehin müqavilənin 25.3-cü bəndinin tələblərinə əməl etməməsi ilə bağlıdır. Qeyd edilən bəndin məzmununa diqqətlə yanaşdıqda aydın olur ki, həmin bənddə banka hüquq verilir ki, kart sahibinin sərəncamı olmadan gecikdirilmiş borcun məbləğinin kart sahibinin hesablaşma hesabından akseptsiz qaydada silsin. Düzdür, həmin bənddə bunun, yəni kart sahibinin sərəncamı olmadan, borcluya yazılı bildiriş göndərilməklə akseptsiz qaydada silinməsi hüququ banka verilmişdir. Lakin borcluya yazılı bildiriş göndərilməsi bankın vəzifəsi kimi göstərilməmişdir. Başqa sözlə yazılı bildirişin göndərilməməsi banka borclunun kart hesabından həmin məbləği silməsinə qadağa qoymurdu. Ona görə də, yalınz bildirişin göndərilməməsinə görə iddianın əsaslı olduğu qənaətinə gəlib təmin etmək də düzgün olmazdı. Bir daha qeyd olunur ki, akseptsiz qaydada borclunun kart hesabından silinməyə elə sonuncunun özü müqavilədə razılıq vermiş və bildirişn göndərilməsi də borclunun öhdəliyi kimi nəzərdə tutulmamışdır. Ona görə də burada qərəzsizlik prinsipinə riayət edilməməsindən söhbət gedə bilməz. Üçüncüsü, cavabdeh tərəfindən mülki qanunvericilikdə müəyyən edilən müddətin ötürüldüyü dəlilini də əsaslı hesab edilə bilməz. Bu məsələ ilə bağlı məhkəmənin mövqeyi düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşır. Çünki, bu cür vəziyyətdə, yəni cavabdehin iddiaçının kart hesabından akseptsiz qaydada borc məbləğinin silə bilməməsi üçün Mülki Məcəllənin 551.1-ci maddəsində nəzərdə tutulan 10 il müddətin keçməsi tələb olunurdu. Ona görə də müddətin keçməsi səbəbindən iddianın əsaslı olduğu qənaətinə gəlmək də düzgün sayıla bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29 mart 2021-ci il tarxili 2(006)- 316/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6478/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6478/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver