Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6478/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3904/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********90885 XİAOMİ REDMİ 10 markalı üçün 740 manat ödənilməmiş hissə, 74 manat cərimə, ümumilikdə 814 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445.2.1, 448.1, 462.1, 467, 567, 600.1, 600.4, 600.5-ci maddələrinə istinadən) qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 740 manat əsas borc, 5 manat cərimə olmaqla, cəmi 745 manat məbləğində borcun və 27 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, tərəflər arasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış əsas borcunu iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə cərimə məbləği azaldılmalı və müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
2. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3904/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4, Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə həmin müqavilənin bağlandığı zaman cavabdehin fəaliyyət qabiliyyətinin olub-olmaması məsələsini araşdırmamışdır. Məhkəmə yalnız iddiaçı tərəfindən verilmiş sübutları qiymətləndirmiş və sübutları qiymətləndirən zaman düzgün olmayan qənaətə gəlmiş, cavabdehin maddi vəziyyətini, İddiaçı MMC ilə olan müqavilənin şərtlərini düzgün araşdırmamışdır. Müqavilə bağlandığı zaman cavabdehə onun detalları izah edilməmiş və cavabdehin aldadılması nəzərə alınmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
3. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8- 1 və 394-1-ci maddələrinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Apellyasiya baxışının hədləri:
4. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445, 448.1, 560, 739, 741, 743, 744, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82, 119, 217.4, 385- 390-cı maddələrinə istinadən, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız, ziddiyyətli və aidiyyəti olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, cavabdeh özünün imzaladığı kredit müqaviləsi üzrə aldadıldığını qeyd etsə də bu barədə müqavilənin qüvvədə olduğu bir il ərzində tələb irəli sürməmiş və müqavilənin etibarlılığını təkzib edən hallar müəyyən edilməmişdir.
6. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.
7. Qeyd edilənlərdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir.
8. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
9. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3904/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.