Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6480/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(001)-3793/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 285901 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2987 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3124/2020 saylı qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il 3931 nömrəli akt qeydi ilə 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanması, xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin və hər ay əlavə 70 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsində aylıq əmək haqqı 350 manat olmaqla mühafizəçi vəzifəsində işləyir. Bakı 5 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X3 üçün tutulan aliment məbləğinin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(001)-3793/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3124/2020 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh dövlət rüsumuna görə 50 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir. Məhkəmənin mövqeyinə görə, valideynlərin öz övladlarına münasibətdə bərabər hüquq və vəzifələrə malikdir. Tərəflərin hər birinin maddi və ailə vəziyyətini, cavabdehin yeganə övladının saxlanmasına görə ölkə üzrə uşaqlar görə 2022-ci il üçün müəyyən olunan yaşayış minimumu həddindən aşağı həddə aliment ödəməsini nəzərə alıb cavabdehdən iddiaçının xeyrinə tutulacaq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Miqdarı dəyişdirilmiş alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən deyil, aliment məbləğinin artırılması barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1, 78.1, 78.2, 112.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 216-220-ci maddələri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bu münasibətlər üzrə hüquqi mövqelərinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3793/2022 saylı qətnaməsinin dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X2 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər aşağıdakılardan ibarətdir: Cavabdeh dövlət qulluqçusudur və ümumi qazancı 565,80 manat olsa da faktiki əlinə çatan məbləğ 281 manat təşkil edir. Cavabdeh 193 manat aliment ödəyəcəyi halda onun gündəlik gediş-gəliş və digər ailə üzvlərinin saxlanılması xərclərini ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Azərbaycan Respublikası Konstitusiyası:
17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Ailə Məcəlləsi:
55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, məhkəmə aliment tutularkən cavabdehin işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin maddi vəziyyətini düzgün nəzərə almışdır. Belə ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onu təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə кollegiya qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahında olan uşağa ilk dəfə aliment məbləği təyin edilərkən həmin dövr (təqvim ili) üçün nəzərdə tutulmuş uşaq üçün yaşayış minimumu həddində (154 manat) aliment təyin edilmişdir. Hazırda isə bu məbləğ 193 manat təşkil edir. “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları - yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin 193 manat aliment ödəyəcəyi halda onun gündəlik gediş-gəliş və digər ailə üzvlərinin saxlanılması xərclərini ödəyə bilməməsinə dair dəlilinə özünün apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi iş yerindən vəkil sorğusuna əmək haqqısınaa dair verilən cavab məktubunun məzmunu ilə qiymət verərək qeyd edir ki, sözügedən sənəddə 565,60 manat əmək haqqından tutulan alimentin məbləği 188,75 manat göstərilmişdir. Hazırki iddianın predmetini isə 5 manat fərqi ilə 193 manat təşkil edir. Kollegiya qeyd edir ki, sabit məbləğdə müəyyən edilən aliment məbləğinin uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələblatlarının tam təmin edilməsi yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşağın maddi tələblatlarını ödəməyə məcburdur. Beləliklə də, мəhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(001)-3793/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov