Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6482/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Nahit oğluna) qarşı mülki iş (Açar sözlər: «pul tələbi, podrat müqaviləsi, iddianın qismən etirafı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1683/2023 saylı, 02 avqust 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Şamaxı rayon X5 Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı və X1 müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilir ki, Cavabdeh Nahit oğlu tərəfindən dələduzluq cinayətinin tərkib əlamətlərini təsdiq edən hallar müəyyən edilməmiş, Cavabdeh Nahit oğlu tərəfindən törədilmiş hərəkətlərlə müşayiət olunan xüsusatlar mülki xarakterlidir. Toplanmış materiallara əsasən, Cavabdeh Nahit oğlu tərəfindən İddiaçı qızndan yaşadığı evdə müəyyən təmir-bərpa işlərinin, yəni xidmətin edilməsi üçün X2 məxsus 5000 manat və əlavə olaraq 4300 manat pulun alınması öz təsdiqini tapmış, bunun müqabilində Cavabdeh Nahit oğlu işi başa çatdırmamışdır. Eyni zamanda, İddiaçı da pulu qaytarmamışdır. Cavabdeh Nahit oğlu bunu xəstəliyi və müalicəsi ilə əlaqələndirmişdir.
2. xx.xx.2020-ci il tarixli müqavilə İddiaçı və hidroqazmada iş aparıcısı Cavabdeh tərəfindən bağlanmış və müqavilə, evdə tamamlanmış olan bərpa işlərindən kənar – evin köhnə giriş qapısından ayaqyoluna tərəf koridorun hörülməsi, koridorun döşəməsi ev ilə həmin hündürlükdə sona kimi aparılması, pilintus və kraska vurulması, koridorun, ayaqyolu və hamamın üstü profnastin dam örtüyü ilə qapanması, koridorun tavanı alçipan, hamam və ayaqyolunun tavanı isə lambirin olması, elektrik sistemi çəkilərək evdəki bütün elektrik yuvası və elektrik açarı qoyulması və sairə işlərin görülməsi haqqında bağlanmış və 5000 manat pul nağd olaraq ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh (Nahit oğlu) qarşı borcun ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5800 manat məbləğində borcun, pul məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq əldən çıxmış fayda-700 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqının, etibarnamənin təsdiq edilməsi üçün 17,25 manat rüsumun və 91 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, Cavabdeh Nahit oğlunun borc götürdüyünü etiraf etməsi və borcu ödəyəcəyinə dair vəd verməsi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdir. Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Bildirmişdir ki, o, həqiqətən də həmin pulu İddiaçı qaytarmaq istəyir. Belə ki, o, İddiaçı borc kimi 4300 manat və işlərin görülməsi üçün 5000 manat olmaqla, ümumi olaraq 9300 manat pul almışdır. Buna görə də vəd vermişdir ki, o, İddiaçı 9300 manat pulun hamısını ödəyəcəkdir. Belə ki, o, hazırda yeni işə qəbul olunmuş, həmin şirkətdə 1500 manat maaş alacaqdır, həmin pulun 500 manat hissəsi onun aylıq ödənişləri üçün bəs edir, buna görə də aylıq 1000 manat olmaqla və bəlkədə daha tez müddətə İddiaçı pulunu ödəyəcəyinə vəd vermişdir.” Həmçinin, Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir: “Beləliklə aparılmış araşdırma materiallarından müəyyən edilmişdir ki, İddiaçı və X1 müraciətlərində göstərilən xüsusat, yəni Cavabdeh Nahit oğlunun ünvan 1 ünvanda yerləşən evin təmir-bərpa işlərini görməklə düzəldəcəyi adı ilə 4300 manat və 5000 manat olmaqla cəmi 9300 manat pul alması öz təsdiqini tapmış, lakin həmin xüsusatlar araşdırma zamanı yoxlanılaraq həmin xüsusatlarda cinayət tərkibi əlamətləri öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci il tarixindən sonra Cavabdeh Nahit oğlu tərəfindən 2020-ci ildə götürdüyü borcun ümumi məbləğindən (ümumi-9300 manatdan 3500 manat məbləğində pul İddiaçı ödənilmişdir. Lakin Cavabdeh Nahit oğlu tərəfindən 5800 manat məbləğində qalıq borc bugünədək ödənilməmişdir.
5. X3 iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb olunmuşdur.
6. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirib ki, təmir işləri apardığı evin sahibi Tağı Qəniyev olmuş, lakin evdə İddiaçı yaşamış, təmir işlərinin görülməsi üçün pulu da ondan almışdır. Tağı evdə görülən təmir işlərindən əlavə işlərin görülməsini istəmiş, o da razılaşmışdır. Lakin, evdə İddiaçı yaşadığından müqaviləni Faizə ilə bağlamış və və evdə əlavə işlərin görülməsi üçün Faizədən 5000 manat pul almışdır. Lakin sonradan səhhətində olan problemlərə və digər səbəblərə görə razılaşdırılmış əlavə işləri görməmişdir. İddiaçıdan borc kimi 4300 manat, cəmi 9300 manat almış və həmin puldan 3500 manat qaytarmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1683/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsi (hakim İlham Cəfərzadə) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh 5800 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat, cəmi 6300 manatın və ödənilmiş dövlət rüsumuna görə 83 manatın alınaraq İddiaçı verilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında evdə təmir işlərin aparılması ilə bağlı müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh tərəfindən görülməli olan təmir işlərinə görə iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul verilmiş, həmçinin iddiaçı tərəfindən cavabdehə borc kimi 4300 manat pul verilmişdir. Verilmiş pul məbləğlərindən 3500 manat hissəsi qaytarılmış, pul məbləğlərinin qalan hissəsi qaytarılmamışdır. İş üzrə cavabdeh iddiaçı ilə aralarında bağlamış müqavilə əsasında əlavə təmir işlərinin görülməsi barədə öz üzərinə məsuliyyət götürdüyündən, buna görə iddiaçı tərəfindən ona 5000 manat məbləğində pul verildiyindən, lakin cavabdeh üzərinə götürdüyü işi icra etmədiyinə görə iddiaçıdan alınmış 5000 manat məbləğində pulu geri qaytarmalıdır. Bundan başqa işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 4300 manat məbləğində pul verilmiş, lakin həmin pulun verilməsi barədə tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq borc müqaviləsi bağlanmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həm pul məbləği iddiaçı tərəfindən cavabdehə verildiyindən, həmin pul məbləği cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığından və həmin pul məbləğinin cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Məhkəmə hesab etmişdir ki, 4300 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Bütün sadalanlara əsasən və cavabdeh tərəfindən iddiaçıya qaytarılmış 3500 manat pul məbləğini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı, əlavə təmir işlərinin görülməsi və borc kimi verilmiş, cəmi 9300 manat pul məbləğinin qaytarılmayan 5800 manat hissəsini tələb etməkdə haqlı olmuş və həmin məbləğdə pul cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iddia tələbinin pul məbləğinin gecikdirilməsi ilə əlaqədar olaraq əldən çıxmış fayda kimi 700 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı əldən çıxmış fayda kimi cavabdehdən 700 manat məbləğində pul tələb etsə də, bununla bağlı iddia tələbini əsaslandırmamış və müvafiq sübutlar məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin etibarnamənin təsdiq edilməsi üçün cavabdehdən 17.25 manat məbləğində pulun tutulması hissəsini əsassız hesab etdiyindən hesab etmişdir ki, həmin hissədədə təmin edilməməli, vəkilin göstərdiyi hüquqi yardıma görə 580 manat xidmət haqqının tutulması hissəsində isə qismən təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək ondan cəmi 4800 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərmişdir ki, məhkəmə zamanı onun İddiaçı 9300 manat aldığı və həmin məbləğdən 3500 manat ödədiyi müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, təmir üçün ödənilmiş 5000 manatdan 1500 manat təmir-tikinti işləri zamanı istifadə edilən materiallara xərclənmişdir. Onların razılaşması görüləcək iş üçün 5000 manat olmuş və materialların pulu ora daxil olmamışdır. Borc olaraq verilən 4300 manat məbləğdən isə ödənişlər edir. Bunları nəzərə alaraq, məhkəmə 6300 manat pulun deyil 4800 manat pulun tutulmasını qət etməli idi. Məhkəmə işin araşdırması zamanı Azərbaycan Respublikası Müki Məcəlləsinin 752.1-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə podrat işinin nədən ibarət olmasını və həmin razılaşmaya ödənilmiş 5000 manatın təmir işləri ilə bərabər tikinti materiallarının daxil edilməsi məsələsinə münasibət bildirməmişdir. Halbuki, təmir üçün materiallara 1500 manat pul xərclənmişdir. Həmin xərclər iddiaçı ilə razılaşma zamanı tikinti işlərinə daxil deyildi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın 4800 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi.
12. İddiaçı məhkəməyə ünvanladığı teleqramda 1500 manatlıq təmir-tikinti materiallarının Cavabdeh tərəfindən alınmadığını və onun üçün vəsait verilmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Lakin məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni tələbin təmin edilən 1500 manat hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.
22. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
24. Hazırki işdə də cavabdeh iddiaçıdan 5000 manatı təmir işləri ilə əlaqədar, 4300 manatı isə borc olaraq alıdığını etiraf edir. Demək ki, iddiaçını bu halları sübut etmək yükündən azad edir.Bu halların həqiqiliyi də hər hansı br mübahisə doğurmadığı üçün işin mübahisəsiz halına çevrilib.
25. İşin mübahisəli halı və apellyasiya şikayətinin yeganə dəlili isə təmir üçün ödənilmiş 5000 manatdan 1500 manatın təmir-tikinti işləri zamanı istifadə edilən materiallara xərclənməsi ilə bağlıdır. Başqa sözlə cavabdeh qət edilən məbləğin yalnız 1500 manat hissəsini mübahisələndirir və hesab edir ki, iddia 4800 manat həcmində təmin edilməli idi. Deməli, cavabdeh yeni bir hala istinad edir və buna görə də istinad etdiyi yeni halı sübut etmək yükü onun üzərinə düşür. 26.Ancaq istinad etdiyi hallara, yəni 5000 manatın 1500 manatını təmir-tikinti materiallarına xərcləməsinə və bu materialların iddiaçıda olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Lakin sübut təqdim etmir yaxud olmadığı üçün təqdim edə bilmir. Əksinə, iddiaçı şikayətin bu dəlili üzrə teleqramla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 1500 manat dəyərində tikinti materiallarının alınmadığını və onun üçün vəsait verilmədiyini göstərmişdir. Bu cür vəziyyətdə qət olunan 6300 manatın azaldılaraq iddianın 4800 manat həcmində təmin olunması üçün əsas mövcud deyil yaxud belə bir əsasın olması hansısa formada təsdiq olunmur.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1683/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1683/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.