Məhkəmə qərarları › İş №2(103)-6483/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6483/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6483/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,X3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-4/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-4/2021 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin edilmiş, qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin ərizəsinə əsasən iş üzrə 21 aprel 2021-ci il tarixli əlavə qətnamə qəbul etmiş, lakin əlavə qətnamənin işdə iştirak edən şəxslərə göndərilməsi barədə sübut iş materiallarına əlavə edilməmiş, həmçinin əlavə qətnamədən şikayət verilmə müddəti gözlənilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən əlavə qətnamənin işdə iştirak edən şəxslərə göndərilməsi barədə sənəd iş materiallarına əlavə edilməmiş, həmçinin əlavə qətnamədən şikayət müddəti gözlənilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mülki iş yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan «İddiaçı» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,X3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(007)-4/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar