Məhkəmə qərarları › İş №2(103)-6485/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6485/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6485/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 ASC-nin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(006)-2431/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 02 fevral 2015-ci il tarixli, 23-M-1-0-109-15 №-li kredit müqaviləsi ilə əlaqədar cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən, Azərbaycan Respublikasının Mərkəzi Bankından və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada 3972,30 (üç min doqquz yüz yetmiş iki manat otuz qəpik) manat kompensasiyanın və 30 (otuz) manat dövlət rüsumu məbləğinin, cəmi 4002,30 (dörd min iki manat otuz qəpik) manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 fevral 2015-ci il tarixli, 23-M-1-0- 109-15 №-li kredit müqaviləsi ilə "xxxx" İKB ASC-dən (indiki "xxxx" ASC) 6400 (altı min dörd yüz) ABŞ dolları həcmində kredit götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən iddiaçıya həmin kreditə görə kompensasiya məbləği ödənilməli idi. Lakin cavabdehlər tərəfindən həmin kompensasiya məbləğinin ödənilməsindən imtina edilmişdir. Bu imtina tam qanunsuz və yuxarıda qeyd edilmiş Fərmana ziddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraatın “Azərbaycan Respublikasının Mərkəzi Bankından kompensasiya tutulması” hissəsinə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(006)-2431/2021 saylı qətnaməsi ilə ddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 02 fevral 2015-ci il tarixli 23-M-1-0-109- 15 №-li kredit müqaviləsi ilə “Nikoil" İKB ASC-dən (indiki adı: “Yelo Bank" ASC) 6400 (Altı min dörd yüz) ABŞ dolları həcmində kredit götürmüşdür. 15 noyabr 2017-ci il tarixdə isə həmin kredit üzrə bütün öhdəliklərini yerinə yetirib, onu tam şəkildə qaytarmışdır. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin qeyd edilmiş Fərmanını pozaraq, dollar kreditinə görə ona pul kompensasiyası ödəmədikləri üçün hər üç cavabdeh onun qarşısında maddi məsuliyyət daşıyır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X4 və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 02 fevral 2015-ci il tarixli, 23-M-1-0-109-15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC tərəfindən verilmiş 14.06.2019-cu il tarixli, 0402/109/19 saylı arayışdan görünür ki, İddiaçı 02 fevral 2015-ci il tarixli, 23-M-1- 0-109-15 №-li kredit müqaviləsi üzrə "xxxx" İKB ASC qarşısında heç bir öhdəliyi yoxdur. Birinci instansiya məhkməsinin mövqeyinə görə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən etmirlər. Buna görə də, iddia "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edilməməlidir. Çünki, məhz həmin cavabdehlər Fərmanın icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malik deyildirlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1 -ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gələrək göstərmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətinə aid edilmişdir. Banklar isə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Göründüyü kimi kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyini müəyyən etmədiyindən iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və iddiaçının şəxsi mülahizələrinə əsaslanır. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(006)-2431/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar