Məhkəmə qərarları › İş №2(103)-6487/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6487/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6487/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Şıxəliyev Mövlam Məmmədismayıl oğluna qarşı “cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlər tərəfindən ondan cinayət yolu ilə alınmış 500.000 manat pul vəsaitinin cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-9/2022 №-li hökmü ilə cavabdehlər tərəfindən cinayət yolu ilə iddiaçıdan 500.000 manat pul vəsaitinin alınaraq iddiaçıya 500.000 manat dəyərində zərər vurulması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı, iddiaçı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən qanunla nəzərdə tutulan qaydada məhkəmənin hazırlıq iclasına “mülki iddiasını” təqdim edə bilməmişdir. Odur ki, iddiaçının iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasına baxmayaraq, məhkəmənin yekun qərarı ilə ona vurulmuş zərərin ödənilməsi hökm edilməmişdir. Bu səbəbdən hazırki tələbini mülki icraat qaydasında irəli sürmək məcburiyyətində qalmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(093)-9/2022 №-li hökmü ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi CM-nin 294.3, 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Eyni hökmlə (hazırki iş üzrə digər cavabdeh) Cavabdeh1 CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirli bilindiyi CM-nin 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPMnin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən ona təyin edilmiş əsas və əlavə cəzalar qəti cəza müddətinə hesablanmaqla birinc hökmə əsasən 4 il 1 ay 2 gün qismən çəkdiyi əsas və tam çəkdiyi əlavə cəza nəzərə alınmış, üzərində çəkilməmiş 7 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1- 1(103)-1/2023 №-li qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslər olan hazırki iş üzrə cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Artıq qanuni qüvvəsini almış həmin hökmlə müəyyən edilmişdir ki, Mövlam Şıxəliyev, qeyd edilən vəzifədə xidmət edərkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin 2-ci şöbəsinin rəisi Cavabdeh1 və başqalarından ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2012-ci il tarixdə tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla "xxxx" ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və başqalarının barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə başlanıb ibtidai istintaqın aparılmasının dəstənin üzvü Cavabdeh1 həvalə edildiyi 919 №-li cinayət işi üzrə özünün göstərişi əsasında sonuncunun vasitəsilə 2012-ci ilin iyun ayından etibarən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi Kərimov Rauf Faiq oğlunu tək, iyul ayından etibarən isə sonuncunun biznes ortağı İddiaçı ilə birlikdə mütəmadi olaraq MTN-nin inzibati binasına çağırılmasını təmin edib onlarla hər hansı prosessual hərəkətlər aparılmadan "xxxx" ASC ilə bağlanmış xx.xx.2008 və xx.xx.2008-ci il tarixli kredit müqavilələri əsasında sahibkarlıq təyinatı üzrə Rauf Kərimovun təsisçisi olduğu “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” və İddiaçı faktiki rəhbərlik etdiyi “Transalyans” və "xxxx" MMC-lərin adına götürdükləri cəmi 30.100.000 manat pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənimsəməklə ələ keçirmələri barədə cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində Rauf Kərimov və İddiaçı həm şəxsən öz xidməti kabinetində, həm də tabeliyində olan şəxsin və dəstənin üzvü Cavabdeh1 vasitəsilə sonuncuların xidməti kabinetlərində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəyərək, dəstənin üzvü Cavabdeh1 vasitəsilə xx.xx.2012-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində, MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında İddiaçı və Rauf Kərimovun birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr – noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə tabeliyində olan şəxsin vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxs, Cavabdeh1 və digərləri ilə arasında bölərək, Rauf Kərimov və İddiaçı barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Rauf Kərimov və İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmin hökmlə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” xx.xx.1995-ci il tarixli 1030 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanunlarına əsasən hərbi qulluqçu statusuna malik olan vəzifəli şəxs kimi 2005-ci ilin iyul ayından 29 oktyabr 2015-ci il tarixədək hazırda ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləyərkən CPM-nin 85-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul etmək, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi cinayət əlaqəsinə girməklə tabeçiliyində olduğu ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Cavabdeh2 və digər şəxslərlə vəzifəsinin və xidmətdə olduğu qurumun milli təhlükəsizliyin təmin olunması, səlahiyyətləri daxilində cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması məqsədilə kəşfiyyat, əkskəşfiyyat, əməliyyat-axtarış və digər tədbirləri planlaşdırmaq, həyata keçirmək və bununla bağlı məsələləri həll etmək, kəşfiyyat, əkskəşfiyyat tədbirlərinin keçirilməsi ilə bağlı müəyyən edilmiş qaydada qeyriaşkar üsul və vasitələrdən istifadə etmək, habelə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına və təşkilatlara nüfuzetməni həyata keçirmək, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaq, hədə-qorxu tətbiq etməklə rüşvət almaq yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 06 mart 2012-ci il tarixdə ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin digər əməkdaşının qəbul etdiyi qərarla "xxxx" ASC-nin müşahidə şurasının sədri Etibar Əliyev və qeyrilərinin barəsində CM-nın 178.3.1, 178.3.2 və digər maddələri ilə başlayıb ibtidai istintaqın aparılmasını ona həvalə etdiyi 919 №-li cinayət işi üzrə bilavasitə rəisi olan mütəşəkkil dəstənin üzvü Cavabdeh2 göstərişi əsasında ləğv olunmuş MTN-nin İstintaq Baş İdarəsinin digər əməkdaşı ilə birlikdə 2012-ci ilin iyun ayından etibarən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin təsisçisi Rauf Kərimovu tək, iyul ayından etibarən isə sonuncunun biznes ortağı olan İddiaçı ilə birlikdə mütəmadi olaraq MTN-nin inzibati binasına çağırılmasını təmin edib onlarla hər hansı prosessual hərəkətlər aparılmadan "xxxx" ASC ilə bağlanmış xx.xx.2008 və xx.xx.2008-ci il tarixli kredit müqavilələri əsasında sahibkarlıq təyinatı üzrə Rauf Kərimovun təsisçisi olduğu “Bəzz”, “Faktum” və “Sağlam Rəqabət” və İddiaçı faktiki rəhbərlik etdiyi “Transalyans” və "xxxx" MMC-lərin adına götürdükləri cəmi 30.100.000 manat pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənimsəməklə ələ keçirmələri barədə cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində Rauf Kərimov və İddiaçı həm dəstə üzvləri Cavabdeh2 və MTN-nin İstintaq Baş İdarəsinin digər əməkdaşı vasitəsilə sonuncuların xidməti kabinetlərində, həm də şəxsən öz xidməti kabinetində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəyərək, xx.xx.2012-ci il tarixdə, saat 14 radələrində MTNnin inzibati binasının arxa giriş qapısının yaxınlığında İddiaçı və Rauf Kərimovun birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr – noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə MTN-nin İstintaq Baş İdarəsinin digər əməkdaşının vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstə üzvü Cavabdeh2 və digərləri ilə arasında bölərək, Rauf Kərimov və İddiaçı barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olub vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-nin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə Rauf Kərimov və İddiaçı hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cinayət yolu ilə ona vurulmuş ziyanın əvəzi olaraq 500.000 manat məbləğində pul cavabdehlərdən tutularaq ona ödənilməlidir. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdeh Mövlam Şıxəliyev iddiaya etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçını tanımır və ondan pul almamışdır. Bu faktı cinayət işi üzrə ifadə vermiş İddiaçı və Rauf Kərimov özləri də təsdiq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1-1(103)-1/2023 №-li qərarından kassasiya şikayəti vermişdir, iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. İddia əsassız olduğu üçün təmin edilməməlidir.

4. Cavabdeh1 da öz növbəsində iddiaya etiraz verərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1-1(103)-1/2023 №-li qərarından kassasiya şikayəti verərək bəraət tələb etmişdir, iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. O, iddiaçıya qarşı cinayət törətməmişdir. İddia əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin CM-nin müvafiq maddələri ilə məhkum edilməsi barədə məhkəmə aktlarının qanuni qüvvəyə minməsini və həmin aktların cavabdehlərə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ondan cinayət yolu ilə alınmış 500.000 manat məbləğində pul vəsaitini cavabdehlərdən mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Rayon Məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 157.2-ci maddələrinə istinad etmiş, belə hüquqi nəticəyə gəlmişdir ki, pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin hazırki iddia özgənin qanunsuz sahibliyindən əşyanın tələb edilməsi (vindikasiya) ilə bağlı deyil. İddianın əsasını cinayət yolu ilə iddiaçıya vurulmuş ziyan təşkil edir. Bundan başqa, iddia ərizəsində tələb edilən pul məbləği maddi ziyan kimi qəbul edilə bilməz. Həmin pul rüşvət niyyəti ilə verilmiş və bu hal hökmdə öz əksini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında bu məsələyə geniş qiymət verilmiş və rüşvət qismində verilmiş pulun xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alındığı göstərilmişdir. Belə olan halda, iddiaçı rüşvət kimi verilmiş pul vəsaitini tələb etməkdə haqlı deyil. e) apellyasiya baxışının həddi barədə məlumat

9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi hər iki cavabdehə qarşı təmin edilmişdir. Cavabdeh Mövlam Şıxəliyevin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad Mövlam Şıxəliyevə təqdim edilməsi üçün onun olduğu 9 saylı cəzaçəkmə müəssisəsinə göndərilməklə ona rəsmi qaydada təqdim edilmiş, lakin Mövlam Şıxəliyev tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə ona münasibətdə qanuni qüvvəyə minmişdir.

10. Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər apellyasiya baxışında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir.

13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-9/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh1 CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-cü maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, CM-nin 311.3.1, 311.3.3 və 311.3.4-cü maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirli bilindiyi CM-nin 341.2.1 və 341.2.3-cü maddələri ilə, həmin Məcəllənin 75.1.2-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar CPM-nin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh1 cəza təyin edilməməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun qismən toplanılsın və qəti olaraq Cavabdeh1 cinayətlərin məcmusu üzrə 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Cavabdeh1 təyin edilmiş əsas və əlavə cəzalar qəti cəza müddətinə hesablanması, birinci hökmə əsasən 4 il 1 ay 2 gün qismən çəkdiyi əsas və tam çəkdiyi əlavə cəza nəzərə alınması, üzərində çəkilməmiş 7 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsi və o, dərhal məhkəmə iclas zalında həbsə alınması, Cavabdeh1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh1 hərbi rütbədən (polkovnik-leytenant) və dövlət təltiflərindən məhrum edilməsinə dair hissədə Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının nəzərə alınması hökm edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxslərin hər birinin və ya onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, zərərçəkmiş şəxslər və ya onların nümayəndələri və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətləri və ya apellyasiya şikayətlərinə edilmiş əlavələr, həmçinin maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü təqsirləndirilən şəxs Cavabdeh1 və başqalarına münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Göründüyü kimi artıq qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-9/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh1 CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək qanunvericiliyin tələbləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

18. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2, ... cinayət xarakterli məlumatları yəqinliklə bildiyinə görə barələrində cinayət təqibi başlayacağı, həbs qətimkan tədbiri seçdirəcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib sonuncuların xeyrinə edəcəyi qanunsuz hərəkətsizliyin, yəni cinayət prosessual qanunvericiliyinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatların qeydiyyata alınmasını təşkil, onlara baxılmasını təmin etməli olduğu halda və cinayət məsuliyyətinə cəlb olunmaları üçün kifayət qədər sübutlar olmasına baxmayaraq, cinayət təqibinin başlanılmaması müqabilində İddiaçı və digər şəxsdən həm şəxsən öz xidməti kabinetində, həm də tabeliyində olan şəxsin və dəstənin üzvü Cavabdeh1 vasitəsilə sonuncuların xidməti kabinetlərində hər birindən külli miqdar təşkil edən 500.000 manat olmaqla cəmi 1.000.000 manat məbləğində nağd pulu birbaşa yolla rüşvət kimi istəyərək, dəstənin üzvü Cavabdeh1 vasitəsilə xx.xx.2012-ci il tarixdə, saat 14 radələrində MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında İddiaçı və digərindən birlikdə gətirdikləri külli miqdar təşkil edən 200.000 manat, 2012-ci ilin oktyabr – noyabr ayları ərzində eyni ünvanda üç ayrı görüş zamanı müvafiq olaraq 300.000 manat, 200.000 manat və 200.000 manat, habelə tabeliyində olan şəxsin vasitəsilə 2012-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə eyni ünvanda 100.000 manat, cəmi 1.000.000 manat məbləğində nağd puldan ibarət rüşvəti vahid niyyətlə qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxs, Cavabdeh1 və digərləri ilə arasında bölərək, İddiaçı və digərinin barələrində hər hansı cinayət təqibi aparmamaqla sonuncuların eyni əmələ görə barələrində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xx.xx.2014-cü il tarixdə cinayət işi başlanılmaqla cinayət təqibi aparılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunan vaxta qədər cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb olmaqla, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin və hərəkətsizliyin müqabilində özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda rüşvəti təkrarən hədəqorxu tətbiq etməklə istəyərək almış, vəzifəli şəxs kimi müntəzəm olaraq mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla MTN-nin kəşfiyyat, əkskəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərini həyata keçirməsi ilə bağlı hüquq və qanuni mənafelərinə, habelə İddiaçı və digərinin hüquqlarına və qanuni mənafelərinə sonuncuların və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

20. Həmin hökmün cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə almış Rayon Məhkəməsi iddiaçının hazırki iddia tələbini irəli sürməkdə haqlı olması qənaətinə gəlməklə aşağıdakı maddi hüquq normalarına istinad etmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır (maddə 135.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

22. Apellyasiya şikayətinin dəlillərində biri ondan ibarətdir ki, Rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Rayon Məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 135.1 və 157.2-ci maddələrinə istinad etmiş, belə hüquqi nəticəyə gəlmişdir ki, pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin hazırki iddia özgənin qanunsuz sahibliyindən əşyanın tələb edilməsi (vindikasiya) ilə bağlı deyil. İddianın əsasını cinayət yolu ilə iddiaçıya vurulmuş ziyan təşkil edir.

23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir.

24. Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. İş materiallarından müəyyən edilir ki, həqiqətən də Cavabdeh1 tərəfindən cinayət yolu iddiaçıya maddi zərər vurulmuşdur. Belə olan halda Mülki Məcəllənin 21-ci maddəsinə əsasən iddiaçının Cavabdeh1 ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

26. Lakin bu o demək deyil ki iddiaçı yalnız həmin əsasla pulun ödənilməsini tələb edə bilər, yaxud məhkəmə yalnız bir maddi hüquqi əsasla iddiaya münasibətdə qətnamə qəbul edə bilər.

27. Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüquqlarını təsbit edən 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. Mülki Məcəllənin 4-cü maddəsi əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətləri mülki hüquq münasibətlərinin obyekti kimi tanıyır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur. ... Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin pullar mülki hüquq münasibətlərinin obyekti qismində sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Belə ki, əşyaların mülki dövriyyəsindən bəhs edən Mülki Məcəllənin 136.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

30. İddiaçı ilə Cavabdeh1 arasında pul öhdəliyi olmamış, cavabdehlər tərəfindən yol verilmiş cinayət xarakterli hüquqazidd əməllər nəticəsində iddiaçı tərəfindən 500.000 manat məbləğində pul ödəniş vasitəsi kimi deyil, əşya kimi cavabdehlərin qeyri-qanuni sahibliyinə keçmişdir.

31. İddiaçının tələbinə diqqət yetirdikdə o, cavabdehlər tərəfindən ona pul ödənilməsini deyil, məhz cavabdehlər tərəfindən ondan cinayət yolu ilə alınmış 500.000 manat pul vəsaitinin cavabdehlərdən alınıb ona qaytarılmasını tələb edir.

32. Qeyd edilən məbləğdə pul vəsaiti qanuni əsas olmadan, iddiaçının iradəsinin əleyhinə qeyri-könüllü şəkildə cavabdehlərin sahibliyinə keçmiş, məhkəmənin hökmü ilə cavabdehin cinayət yolu ilə həmin vəsaiti əldə etdiyi müəyyən edildikdən sonra iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, həmin vəsait iddiaçının qanuni sahibliyinə qaytarılmamışdır.

33. Ona görə də, iddiaçı həmin pul vəsaitini cavabdehin qanunsuz sahibliyindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.

34. Rayon Məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.2-ci maddəsində ifadə edilmiş maddi hüquq normasının tətbiq edilməklə iddianın təmin edilməsi əsaslıdır. Rayon Məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində pozuntuya yol verməsi halı müəyyən edilməmişdir. Apellyasiya şikayətinin müzakirə edilən birinci dəlili əsassız hesab edilir.

35. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, iddia ərizəsində tələb edilən pul məbləği maddi ziyan kimi qəbul edilə bilməz. Həmin pul rüşvət niyyəti ilə verilmiş və bu hal hökmdə öz əksini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında bu məsələyə geniş qiymət verilmiş və rüşvət qismində verilmiş pulun xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alındığı göstərilmişdir. Belə olan halda, iddiaçı rüşvət kimi verilmiş pul vəsaitini tələb etməkdə haqlı deyil.

36. Hərçənd ki, Cavabdeh1 bu dəlili ilə apellyasiya şikayətinin birinci dəlilini təkzib edir, artıq Məhkəmə tərəfindən iddia ərizəsində tələb edilən pul məbləğinin əşya kimi tələb edildiyi, buna baxmayaraq iddiaçı tərəfindən digər əsaslardan çıxış edərək həmin pul vəsaitinin qaytarılmaması səbəbindən ona vurulmuş ziyanın əvəzi kimi də ödənilməsinin tələb edilə biləcəyi məsələsinə yuxarıda qiymət verilmişdir.

37. Bu baxımdan həmin pul vəsaitinin rüşvət qismində verilmiş vəsait qismində qəbul edilərək cinayətin predmeti kimi xüsusi müsadirə edilməsi barədə qərar qəbul edilmiş olsaydı belə, bu hal həmin pul məbləğini ona vurulmuş ziyanın əvəzi kimi Cavabdeh1 tələb edilməsinin qarşısını almaz, əksinə buna hüquqi zəmin yaratmış olardı. Çünki qanuni qüvvəsini almış məhkəmə hökmü ilə iddiaçının Cinayət Məcəlləsinin 312-ci maddəsində təsbit edilmiş rüşvət vermə (aktiv rüşvətxorluq) cinayəti törətməsi halı müəyyən edilməmişdir. Həmçinin həmin hökmlə iddiaçının tələb etdiyi pul vəsaitinin müsadirə edilməsi barədə də nəticəyə gəlinməmişdir.

38. Odur ki, hər bir halda iddiaçı 500.000 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin bu dəlili də əsassız hesab edilir. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

39. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının tələbi tam təmin edildiyindən, habelə iddiaçı və cavabdeh Mövlam Şıxəliyev tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən həmin şəxslər qətnamədən kassasiya şikayəti verə bilməz.

42. Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədiyindən və qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olan iddia tələbi ona qarşı təmin edildiyindən, Cavabdeh1 MPM-nin 403.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

43. Belə ki, MPM-nin 403.1-ci maddəsinə görə, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

44. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Nəzərə alınsın ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli qətnamənin iddianın cavabdeh Şıxəliyev Mövlam Məmmədismayıl oğluna münasibətdə təmin edilməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə Cavabdeh1 rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, onun tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən İddiaçı və cavabdeh Şıxəliyev Mövlam Məmmədismayıl oğlu tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar