Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6487/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:ziyanın ödənilməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən ÖM 170711 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır və bu barədə 1362 saylı reyestr kitabında 1948 səhifə 30/23736 № ilə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildə xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanı Cavabdeh1, ünvan 4 ünvanı isə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir.
3. 25 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən ünvan 5 ünvanda yaşayan İddiaçı mənzilinə qonşuları - Cavabdeh1 məxsus ünvan 3 və Cavabdeh2 məxsus ünvan 4-dən suyun axması nəticəsində İddiaçı mənzilinə ziyan dəymişdir;
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3000 (üç min) manat, Cavabdeh2 iddiaçıya məxsus mənzilin sütunlarına, divarlarına, hamama vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, ödənilmiş 70 manat (yetmiş) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanından suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsi və iddiaçıya məxsus mənzilə su axıdılmasının qadağan edilməsi və mübahisənin tam həlli üçün hamamın metlaxının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçı ilə qonşuluqda, üst mərtəbədə yaşayır və mənzilin mülkiyyətçisidir. Cavabdeh1 7 ildən artıq müddətdir, mülkiyyətində olan mənzili kirayə verərək qazanc əldə edir və buna baxmayaraq mənzili təmir etdirməyərək, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə su axıdaraq, mənzilini yararsız vəziyyətə salmışdır. Cavabdehin kirayə verdiyi şəxslər mənzildə olan su kranını açıq saxlamaqla, iddiaçıya məxsus mənzilin mətbəxini, hamam və dəhlizi tamamilə yararsız vəziyyətə salmışlar. Bu zaman iddiaçı məcburiyyət qarşısında qalaraq mənzilini öz hesabına təmir etdirmişdir. Bu hal sonradan da təkrar olunduğuna görə iddiaçı yuxarı mərtəbədə yerləşən mənzilə gedən suyun qarşısını almaq üçün ventil qoydurmuşdur. Lakin bu barədə 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və polis bölməsində araşdırma aparılmış və mənzildə hal-hazırda 3 kirayənişin yaşaması müəyyən edilmiş və barələrində inzibati tədbir görülmüşdür. Lakin Cavabdeh1 məxsus mənzilin hamamın döşəməsində metlaxın üzərindən başqa metlax vurulduğundan, 2 metlax arasından su sızaraq iddiaçıya məxsus mənzilin tavanına və divarlarının içərisinə su sızır. İddiaçıya məxsus mənzilin mətbəxin divarı ortadan əyilmiş, həmin divardan su, qaz, işıq xəttləri keçdiyindən həyati təhlükəsi vardır. Cavabdehin mənzilini təmir edən ustalar iddiaçının mənzilindən keçən trapın borusunu belə sındırmışlar. Bu günə kimi həmin borudan iddiaçının mənzilinə su axır. Su axmaqda davam etdiyindən, Nərimanov rayon İcra Hakimiyyətinə və MKİS-nə müraciət edərək, mənzilə baxış keçirilməsini xahiş etmişdir. Lakin mənzilin qapısı bağlı olduğundan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 rəddlərində 28 saylı mənzili təmir edən ustalar gələrək, boruları tələm-tələsik boruları düzəltmiş, boruları bir-birinin içinə salmaq əvəzinə bir birinə bitişdirdiyindən, borunun kənarındam axan su indi divarın içinə sızır. Çuqun borunu zərbə ilə sındırdıqda isə ətrafa saçılan çuqun parçaları əl-üz yuyanı, unitazı həm içəri, həm də çöl tərəfdən sındırmışdır. Nəticədə hər ikisi yarasız vəziyyətə düşmüş və su buraxır. Hamamın döşəməsində olan metlaxda da çatlar əmələ gəlib. Cavabdeh1 gətirdiyi Sərxan adlı usta su sızması aparatı ilə baxış keçirən zaman trapa tökülən bütün suyun yerin metlaxın arasından sızaraq iddiaçıya məxsus mənzilin tavanına və divarların içinə su axdığını təyin etdi. Hal-hazırda da su iddiaçıya məxsus mənzilin hamamın tavanına və divarlarına sızır. Bundan başqa, cavabdehə məxsus mənzildə quraşdırılmış kondisionerdən də axan su 7 ildən artıq müddətdir ki, iddiaçıya məxsus mənzilin fasad divarını və otağın divarlarını fasiləsiz olaraq isladır, divar şkafı içəri tərəfdən çürüyüb. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, nə iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəmir, nə də mənzilə su sızmasının qarşısısını almır. Bundan başqa, ünvan 8 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh2dır. Sonuncu isə özünə məxsus mənzildə hamamın bütün divararını sökərək, əsas sütunların yerini dəyişdirməklə mətbəxini böyütmüş, iddiaçının mənzilinin hamamın divarlarını zədələmişdir. Divarlarda çatlar yaranmış, hal-hazırda da mövcuddur. Dəhizin və dəhlizdə mətbəxin küncləri sökülmüş, mətbəxdəki kafellər dağılaraq tökülmüş, mətbəxin də divarları əyilmişdir. Hamamın qapısının içəri tərəfdən və mətbəxin qapısının kənarları çatlamışdır. Hamamın qapısı isə tam bağlanmır. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində hazırda iddiaçıya məxsus mənzilin tavan hissəsi, divarları, döşəməsi və avadanlıqları tam yararsız vəziyyətə düşmüşdür. Artıq mənzildə yaşamağı acınacaqlı hal almışdır. İddiaçı bildirir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlər vurduğu maddi ziyanı ödəməkdən yayınır, mənzilinə isə maddi ziyan vurmaqda davam edirlər. İddiaçı qeyd edir ki, pensiyaçı və tək qadın olmağının nəzərə alınaraq ekspertiza xərcinin əvəzini cavabdehlərdən tutulmasını xahiş edir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, daha əvvəl mənzilindən iddiaçının mənzilinə su sızma halının baş verdiyini, lakin usta çağıraraq bu halın qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirdi. Əlavə olaraq, ekspert rəyində göstərilən məbləği ödəməyə hazır oduğunu qeyd etdi.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli (hakim A.Novruzova, iş № 2(005)-141/2024) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 574 (beş yüz yetmiş dörd) manat, Cavabdeh2 isə 236 (iki yüz otuz altı) manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehlərin mülkiyyətində olan mənzillərdən suyun axıdılması və bunun nəticəsində iddiaçıya məxsus mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyləri əsas götürülməli və həmin rəylə hər iki cavabdehə müvafiq olaraq müəyyən edilmiş məbləğlərdə vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, Cavabdeh1 574 manat, Cavabdeh2 isə 236 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1111.2-ci və s. maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın rədd olunan hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tikinti-bərpa işlərinin dəyərini düzgün müəyyən etməmiş, təkrar ekspertiza təyin etməmiş və bununla da tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdeh1 isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
15. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdehlər isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın rədd olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Hazırkı iş üzrə iddiaçı cavabdehlər tərəfindən mənzilinə su axıdılması və konstruktiv dəyişikliklər aparılması nəticəsində ziyan vurulmasına istinad edərək ona dəymiş maddi zərərin ödənilməsini tələb edir.
24. Cavabdehlərdən yalnız Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş və iddianı qəbul etməsə də faktı etiraf edərək vurulmuş zərərin əvəzi kimi ekspert rəyində göstərilən məbləği ödəməyə hazır olduğunu bildirmişdir.
25. Birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası və təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir.
26. Həm ekspert rəylərinə, həm də məhkəmə baxışında tədqiq olunmuş digər sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 25 saylı mənzil İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 28 saylı mənzil Cavabdeh1, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 22 saylı mənzil isə Cavabdeh2 məxsusdur.
27. İddiaçı Cavabdeh1 mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını, digər Cavabdeh2 məxsus mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı onun mənzilinə ziyan dəydiyini bildirərək Cavabdeh1 mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat, Cavabdeh2 isə 2000 manat pul məbləğinin onun xeyrinə tutulmasını tələb edir.
28. 25 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən ünvan 7 ünvanda yerləşən, müvafiq ünvanın yuxarı mərtəbəsində yerləşən Cavabdeh1 və Cavabdeh2 məxsus mənzillərin sanitar qovşağından suyun axması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 25 saylı mənzilə ziyan dəymişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/210/9543 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən, 35 saylı evin 25 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və mənzilin üst mərtəbəsində yerləşən 28 saylı mənzildən su axıdılığı və nəticədə 25 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunur. Həmçinin qeyd olunmuşdur ki, 28 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 25 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 28 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 28 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 25 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 531,0 manat məbləğində müəyyən olunur.
30. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 10/4363 nömrəli rəyinin nəticə hissəsinə əsasən ünvan 10 ünvanında yerləşən 25 saylı mənzilin dəhliz və sanitar qovşağının (dəhliz tikilisinin tərəfdən) divarları üzərində əmələ gəlmiş çatların mənzilin altındakı 22 saylı mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı əmələ gəlmiş vibrassiya nəticəsində yarana biləcəyi müəyyən olunmuşdur. ünvan 11 ünvanında yerləşən 22 saylı mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı vibrasiya nəticəsində 25 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 236,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
31. Bununla belə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh1 mülkiyyətində olan (Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 28 saylı mənzil) mənzildən həmin mənzilin altında yerləşən və iddiaçının mülkiyyətində olan mənzilə (Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 25 saylı mənzil) su axıdılmışdır. Digər Cavabdeh2 məxsus mənzildə (Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 22 saylı mənzil) isə aparılmış konstruktiv dəyişikliklər zamanı vibrasiya nəticəsində iddiaçının mənzilinin dəhliz və sanitar qovşağının divarları üzərində çatlar əmələ gəlmişdir. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehlərin mülkiyyətində olan mənzildən suyun axıdılması və aparılmış təmir işləri nəticəsində baş vermişdir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır.
33. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
34. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehlərin mülkiyyətində olan mənzillərdən suyun axıdılması və bunun nəticəsində iddiaçıya məxsus mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyləri əsas götürülməli və həmin rəylə hər iki cavabdehə müvafiq olaraq müəyyən edilmiş məbləğlərdə vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, Cavabdeh1 574 manat, Cavabdeh2 isə 236 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
35. İddiaçı iddia ərizəsində dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 3000 manat, Cavabdeh2 isə 2000 manat pul məbləğinin tutulmasını tələb etmişdir. Bu baxımdan, iş üzrə verilmiş ekspert rəyi vurulmuş zərərin məbləğini müəyyən olunması baxımından sübut kimi qiymətləndirilməklə Cavabdeh1 574 manat, Cavabdeh2 236 manat məbləğində maddi ziyan İddiaçı ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır.
36. Məhkəmə həmçinin qeyd etmişdir ki, “suyun sızmasına səbəb olan təmirbərpa işlərinin yerinə yetirilməsi və iddiaçıya məxsus mənzilə su axıdılmasının qadağan edilməsi və mübahisənin tam həlli üçün hamamın metlaxının sökülməsi” hissəsində iddia təmin oluna bilməz, belə ki, suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsi üçün iddiaçının xeyrinə maddi zərər tutulmuş, iddiaçıya məxsus mənzilə su axıdılmasının hazırda da davam etdirilməsi sübut olunmur, əksinə ekspert rəyində qeyd olunmuşdur ki, 28 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığı müəyyən olunmuşdur. İddiaçının tələbində qeyd olunmuş «mübahisənin tam həlli üçün hamamın metlaxının sökülməsi»nə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin təmin olunması, cavabdehə zərər vurulmasına səbəb ola bilər ki, bu da işin ədalətli həlli baxımından arzuolunan deyil.
37. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi tələblərdən başqa vəsatətlə məhkəməyə etdiyi müraciətində, - əl-üz yuyan tülpan, tualet, paltaryuyan Arçelik, hamamda sınan kafel və metlakların qiymətləndirilməli olmasını qeyd etsə də, məhkəmə buna münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbindən kənara çıxmayaraq, məhkəmə araşdırılması verilmiş tələblər üzrə aparılmış, məhkəmənin baxış iclasında belə bir vəsatətin verilməsi mülki prosessual qanunvericiliyin tələbi baxımından yol verilən deyil. Bu baxımdan, iş üzrə verilmiş ekspert rəyi vurulmuş zərərin məbləğinin müəyyən olunması baxımından sübut kimi qiymətləndirilməklə maddi ziyan tutulmalıdır.
38. Bundan başqa, iddiaçının təkrar ekspertiza keçirilməsinə dair vəsatətlərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə mövcud olan (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3- 16-16/210/9543 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 10/4363 nömrəli) ekspert rəyləri işə mahiyyəti üzrə baxılmasına kifayət edir və təkrar ekspertiza təyin olunmasına ehtiyac olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfin vəsatəti təmin olunub mülki işin yenidən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi işin əsassız olaraq süni şəkildə uzadılmasına səbəb olacaqdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
40. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
42. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığı təsdiq olunmuşdur.
43. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə su sızmasının texniki səbəbi, suyun axıdılma halları nəticəsində zərər dəymişdirsə, dəymiş zərərin həcmi, dəymiş zərərin bərpa olunması üçün tələb olunan pulun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspert rəylərinə əsasən mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq apellyasiya baxışı zamanı təkrar, yaxud hər hansı digər ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı.
45. Qeyd edilənlərə əsasən Kollegiya iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, məhkəmə iddianın qalan hissəsini rədd etməkdə haqlı olmuşdur.
46. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı qızının apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.