Məhkəmə qərarları › İş №2(103)-6488/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6488/2020

01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6488/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1642/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1725/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh birgə nikahından dünyaya gəlmiş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2019cu il tarixdən başlayaraq, hər ay 130 manat olmaqla sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-3286/2019 saylı qətnaməsi ilə Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1725/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh uşağın saxlanması üçün iddiaçıya heç bir maddi kömək göstərmir. Uşaq böyüyür və xərcləri artır. Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatlarını ödəmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını İddiaçı çəkir. İddiaçı övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən də, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manata çatdırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İddiaçı Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Şəki rayon Məhkəməsinin 2(075)-1725/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 3286/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1725/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Şəki rayon Məhkəməsinin 2(075)-1725/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şəki rayon Məhkəməsinin 2(075)-1725/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin rəsmi qazancı barədə heç bir sübutlarını nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edilməmişdir. cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vax-ta-şırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia ver-mək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, yalnız tərəflərdən birinin 1) ailə və ya 2) maddi vəziyyətində dəyişikliyin baş verməsi alimentin miqdarının dəyişilməsi (artırılması və ya azaldılması) üçün əsas ola bilər. Hər hansı digər hallar alimentin dəyişdirilməsi üçün əsas ola bilməz. Digər əsaslarla alimentin miqdarının dəyişdirilməsi alimentlə bağlı hüquq münasibətləri ilə ziddiyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halların və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar