Məhkəmə qərarları › İş №2(103)-6495/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6495/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6495/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2(004)-70/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1408,08 ABŞ dolları əsas, 7099,66 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11207,74 ABŞ dolları məbləğində borcun və ödənilmiş 148 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddaçı ilə X7 arasında 27 may 2015-ci il tarixli, 14xx-xx-024238 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X4 48 ay müddətinə, illik 29 faizlə 6959 ABŞ dolları məbləğində kredit verilmişdir. 27 may 2015-ci il tarixli, 14-15-11- 024238 nömrəli kredit müqaviləsi üzrə yaranmış əsas borc 4108,08 ABŞ dolları, faiz borc 7099,66 ABŞ dolları olmaqla, ümumilikdə 11207,74 ABŞ dolları məbləğindədir. 18 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 vərəsəsi X5r. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 29 dekabr 2019-cu il tarixli, 382 nömrəli sərəncamına əsasən, X6 əmisi Cavabdeh qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra mətndə – birinci instansiya məhkəməsi) 28 avqust 2023-cü il tarixli, e-2(004)-70/2023 nömrəli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 3787,01 ABŞ dolları əsas, 5224,13 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 9011,14 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 135,96 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə ədalətli sayıla biləcək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işin həqiqi halları tam olaraq birinci instansiya məhkəməsinin iş üzrə nəticəsinin düzgün olmadığını, cavabdehin əsassız maliyyə sanksiyasına məruz qoyulduğunu deməyə əsas verir. Belə ki, məhkəmə qətnaməsi cavabdehdən tutulmalı olan pulu dollar olaraq banka qaytarılmasını göstərməklə yanlışlığla yol verib, eləcə də əsas borcla faiz borc arasında olan böyük fərq də məhkəmənin iş üzrə nəticəsinin düzgün olmadığını təsdiq edir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək icraata qəbul etmişdir. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə iddiaçı cavabdehdən 27 may 2015-ci il tarixli, 14-xx-xx-024238 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11207.74 ABŞ dolları məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddianın predmetini “kredit müqaviləsi üzrə yaranmış borc”, əsasını isə “kredit müqaviləsi” təşkil edir. Məhkəmə kollegiyası iş üzrə araşdırma apararkən müəyyən etmişdir ki, iddiaçı eyni predmet barəsində, eyni əsasla 19 may 2016-cı il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək X1ndan 27 may 2015-ci il tarixli, 14-xx-xx-024238 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6348,85 ABŞ dolları əsas, 1377,48 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 7726,33 ABŞ dolları məbləğində kredit borcunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi 23 may 2016-cı il tarixli, 2(004)- 7211/2016 nömrəli məhkəmə əmri çıxararaq X1ndan iddiaçının xeyrinə 6348,85 ABŞ dolları əsas, 1377,48 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 7726,33 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını əmr etmişdir. X1 birinci instansiya məhkəməsinin qeyd edilən əmrinə etiraz vermiş, 19 avqust 2016-cı il tarixli, 2(004)-7211/2016 nömrəli qərardadla etiraz qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Daha sonra həmin qərardaddan borclu şikayət vermiş, birinci instansiya məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 2(004)- 7211/2016 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 11 oktyabr 2016-cı il tarixli, 2(103)- 8643/2016 nömrəli qərardad qəbul edərək şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlamışdır. Bundan sonra X1 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qeyd olunan qərardadından kassasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi 18 noyabr 2016-cı il tarixli, 2(103)-8643/2016 nömrəli qərardad qəbul edərək kassasiya şikayətini prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən geri qaytarmışdır. Həmin qərardaddan borclu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 09 mart 2017-ci il tarixli, 2(102)-1752/2017 nömrəli Qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2016-cı il tarixli, 2(103)-8643/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iddianın əsasını təşkil edən 27 may 2015-ci il tarixli, 14-xx-xx- 024238 nömrəli kredit müqaviləsinə birinci instansiya məhkəməsi tərəfindən 2016-cı ildə münasibət bildirilmiş və hazırki iddianın predmetini təşkil edən kredit borcunun X2 tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Həmin məhkəmə əmri isə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan 18 may 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən müəyyən edilir ki, X1 17 noyabr 2019-cu il tarixdə ölmüş, onun oğlu 11 mart 2007-ci il təvəllüdlü X8 isə atasının vərəsəsi olmuşdur. Həmçinin iş materiallarında olan 29 dekabr 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamından müəyyən edilir ki, X8 azyaşlı olduğuna, atası ilə anası boşandığından atasının himayəsinə verildiyinə, lakin atasının öldüyünə görə, əmisi Cavabdeh onun qəyyumu təyin edilmişdir. Hazırda isə iddiaçı kredit müqaviləsi üzrə X1 öldüyündən və onun vərəsəsi X8 azyaşlı olduğundan, vərəsənin qəyyumuna, yəni Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-in 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Lakin birinci instansiya məhkəməsi iş üzrə eyni iddiaçının kredit müqaviləsi üzrə borclu olmuş şəxsin vərəsəsinin qəyyumuna qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmə halına diqqət etməmiş və iddia ərizəsini icraata qəbul etmişdir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması hakimin iş üzrə icraata xitam verməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməklə yanaşı, sonradan da qeyd olunan əsasla iş üzrə icraata xitam verməmiş və bununlada növbəti prosessual pozuntuya yol vermişdir. MPM-in 385-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar öz əksini tapmışdır. Həmin əsaslardan biri isə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir (həmin Məcəllənin 387.1 və 387.2.8-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməli olduğu halda, işə mahiyyəti üzrə baxaraq qətnamə çıxardığı üçün həmin qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 384.0.5, 387.2.8, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2(004)-70/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar