Məhkəmə qərarları › İş №2(103)-6497/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6497/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6497/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı “Prokredit” X2 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xxxxxxxxxxxxxxxxx üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış PKSTN-0780 nömrəli “xxxxxxxxxxxxxxxxx” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.825 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 892,86 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq olunmuş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 260,08 manat məbləğində pulun, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manatın borcalan Cavabdeh2 və onun ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh1 müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh2 arasında xx.xx.2017ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxxx” əsasən Cavabdeh2 ASC-dən illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 4.300 manat məbləğində kredit almışdır. İş üzrə digər cavabdeh olan Cavabdeh1 Cavabdeh2 həmin “xxxxxxxxxxxxxxxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı ASC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə PKSTN0780 nömrəli “Zaminlik müqaviləsi” bağlanmışdır. Bu kimi müqavilələrin bağlanmasına baxmayaraq iş üzrə cavabdehlər həmin müqavilələr üzrə ASC qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, ASC-yə olan əsas kredit borcunu və bu borca hesablanmış faiz borcunu ASC-yə tam şəkildə ödəməmişlər. Nəticədə cavabdehlərin xx.xx.2019-cu il tarixə ASC-yə 2.825 manat məbləğində əsas, 892,86 manat məbləğində isə faiz borcları yaranmışdır. Cavabdehlərin onun qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməməsini nəzərə alan ASC yuxarıda qeyd edilən müqavilələrin şərtlərini nəzərə alaraq cavabdehlər 260,08 manat məbləğində cərimə (dəbbə) tətbiq etmişdir. ASC qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən dəfələrlə tələb etsə də, cavabdehlər ASC-yə olan borcu ödəməmişlər. Bu səbəbdən də ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC tərəfindən tutulması tələb olunan əsas və faiz borcunun məbləği düzgün hesablanmamış, işə baxmış Rayon Məhkəməsi isə işin bu halına əhəmiyyət verməmişdir. Belə ki, ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxx” Cavabdeh2 ASC-yə etdiyi ödənişlər qeyd edilməmiş, Rayon Məhkəməsi də bununla bağlı müvafiq araşdırma aparmadan iddianı təmin etmişdir. Bundan başqa dəbbə pulu da əsassız hesablanıb. Çünki dəbbə pulunun tutulması ilə bağlı ayrıca yazılı razılaşma yoxdur. Cavabdeh2 iş yeri Bakı şəhərindən kənarda yerləşdiyi üçün o, işə Rayon Məhkəməsində baxılan zaman Bakı şəhərində olmamış və bu səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməmişdir. İş üzrə cavabdehlər və iddiaçı ASC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia hər iki cavabdehə münasibətdə təmin edilsə də, cavabdeh (zamin) Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayətini yalnız cavabdeh (borclu) Cavabdeh2 vermişdir. Məhkəmə bildirir ki, Cavabdeh2 digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh2 digər Cavabdeh1 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin zaminliyin hüquqi əsası ilə bağlıhissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxndən” görünür ki, bu müqaviləyə əsasən Cavabdeh2 illik 30 faiz dərəcəsi ilə ASC-dən 24 ay müddətinə 4.300 manat məbləğində kredit almışdır. İş üzrə digər cavabdeh olan Cavabdeh1 Cavabdeh2 həmin “xxxxxxxxxxxxxxxxx” üzrə ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bununla bağlı ASC ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. İşin hallarından müəyyən edilir ki, bu kimi müqavilələrin bağlanmasına baxmayaraq iş üzrə cavabdehlər həmin müqavilələr üzrə ASC qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, ASC-yə olan əsas kredit borcunu və bu borca hesablanmış faiz borcunu ASC-yə tam şəkildə ödəməmişlər. ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan görünür ki, öhdəliklərin icra edilməməsi səbəbindən cavabdehlərin ASC-yə borcları yaranmışdır ki, əsas kredit borcunun məbləği 2.825 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun məbləği isə 892,86 manat, borcun ödənilməsinin gecikdirilməsinə gərə ASC tərəfindən cavabdehlərə hesablanmış cərimənin (dəbbənin) məbləği 260,08 manat təşkil edir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, ASC tərəfindən tutulması tələb olunan əsas və faiz borcunun məbləği düzgün hesablanmamış, işə baxmış Rayon Məhkəməsi isə işin bu halına əhəmiyyət verməmişdir. Belə ki, ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxx” Cavabdeh2 ASC-yə etdiyi ödənişlər qeyd edilməmiş, Rayon Məhkəməsi də bununla bağlı müvafiq araşdırma aparmadan iddianı təmin etmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda Cavabdeh2 tərəfin üzərinə düşür. Lakin o, tərəfindən müəyyən ödənişlər etdiyini bildirsə də, ödəniş qəbzlərini təqdim etməmiş, məhkəmələrdə iştirak etməyərək iddia tələbinə qarşı etirazını müdafiə etməmiş, kredit borcun daha az təşkil etməsini barədə irəli sürdüyü dəlili təsdiq edə biləcək və ASC-nin hesablamalarını şübhə altına ala biləcək sübutları, ən azından özü tərəfindən aparılmış adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. Cavabdeh2 apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, onun iş yerinin Bakıda yerləşməməsi ilə bağlı o, Rayon Məhkəməsində işin baxılması ilə əlaqədar keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak edə bilməmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəmə Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə bildirişini göndərməklə yanaşı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə onun mobil telefon nömrəsinə müvafiq sms bildirişləri də dəfələrlə göndərərək məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə məlumat vermişdir. Qeyd edilən Sistemdən götürülmüş çıxarışdan görünür ki, sms bildirişlər Cavabdeh2 çatdırılmışdır. Buna baxmayaraq Cavabdeh2 məhkəmə baxışı iclaslarına getməmiş və bunun səbəbləri barədə işə baxmış Rayon Məhkəməsinə məlumat verməmişdir. Halbuki MPM-nin tələbinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar (maddə 185.1.). Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi qeyd edilən səbəbdən işi dəfələrlə təxirə saldıqdan sonra işə Cavabdeh2 iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Çünki MPM-nin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Nəhayət, apellyasiya şikayətinin üçüncü dəlili ondan ibarətdir ki, dəbbə pulu da əsassız hesablanıb. Çünki dəbbə pulunun tutulması ilə bağlı ayrıca yazılı razılaşma yoxdur. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Məcəllənin 463.2-ci maddəsinə görə isə, yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı ASC ilə Cavabdeh2 arasında yazılı formada bağlanmış “xxxxxxxxxxxxxxxxxnin” 7-ci bəndində nəzərdə tutulmuşdur ki, borclu hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin 1 faizi miqdarında cərimə ödəyir. Bunlara əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin əsas, faiz və dəbbə borclarının iddia ərizəsində qeyd edilən məbləğdə cavabdehlərdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğundur. Belə ki, Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin zaminliyin hüquqi əsası ilə bağlıhissəsinin əsaslılığı hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar