Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6497/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pulun qaytarılması, zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-195/2019 saylı, 10.06.2019 tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı «pulun qaytarılması, zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən ödədiyi 78600 manat pulun və 30 manat dövlət rüsumunun, 2015-ci il tarixdən onun pulundan istifadə etdiyinə görə və ona vurduğu zərərə görə 50000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 25 noyabr 2015-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşmiş binadan 1 otaqlı, 65,5 kv.m ölçülü mənzil almışdır. Bununla əlaqədar cavabdehə 78600 manat pul ödəmişdir. Bu halı iddia ərizəsinə əlavə olunan maliyyə arayışı təsdiq edir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirmir və aldığı evi ona təhvil vermir. O, bir neçə ay əvvəl binaya getmiş, həmin binanın komendatı bina sakinlərinin siyahısına baxıb ona bildirmişdir ki, müqavilədə göstərilən mənzil təmir edilib, başqa bir şəxsin istifadəsindədir, onun adına ümumiyyətlə binada mənzil qeydə alınmamışdır. Onda başa düşmüşdür ki, şirkət onu aldadıb və 78600 manat pulu ələ keçirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(007)-195/2019 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin olunmuş, Cavabdeh MMC-dən 78600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (sədrlik edən: Fikrət Mirzəyev).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(007)-195/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-464/2020 saylı, 21.07.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(007)- 195/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması qət edilmişdir (sədrlik edən: Rafael Eyvazov).
6. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
7. Ali Məhkəmənin 2(102)-2174/2021 saylı, 26.04.2021-ci il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-464/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (sədrlik edən: Abiddin Hüseynov). Apellyasiya şikayəti və dəlilləri:
8. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə “ARAZ-Tİ" MMC ilə Cavabdeh MMC arasınnda bağlanmış 22 dekabr 2013-cii il tarixli müqaviləyə əsasən nağlanmışdır. Hal-hazırda 22 dekabr 2013-cii il tarixli müqavilə tərəflərin qarşılqlı razılığı əsasında ləğv edilmişdir. Bundan əlavə, həmin müqaviləyə əsasən cavabdeh İddiaçı 105000(bir yüz beş min) manat vermişdir. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, müqavilənin kim tərəfindən imzalanmasının aydınlaşdırılmaması, bunun üçün xəttşünaslıq ekspertizasının keçirilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları:
9. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
13. Belə ki, işdə olan iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 25 noyabr 2015-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-yə məxsus ünvan 2 ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzili pay olaraq payçı İddiaçı verilir. Mənzilin dəyəri 78600 manat müəyyən olunmuşdur.
14. İşdə olan 25 noyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 2572 məhəllə ev 53 A binasında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın B girişinin 12-ci mərtəbəsində, ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 78600 manat ödənilmişdir. Hüquqi dəyərləndirmə:
15. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
18. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
19. Hazırki iddia tələbində iddiaçı onunla cavabdeh arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli müqaviləyə istinad edərək ünvan 1 ünvanında yerləşən binadan 1 otaqlı, 65,5 kv.m ölçülü mənzil aldığını və 25 noyabr 2015-ci il tarixli maliyyə arayışına əsasən 78.600 manat pul ödədiyini iddia edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı 78.600 manat pulun tələb edilməsində haqlıdır.
20. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən müqavilədə və maliyyə arayışında olan imzaların cavabdehin direktoru tərəfindən icra edilib-edilmədiyi, habelə möhürün cavabdehə məxsus olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş, cavabdehin direktoru X1 eksperimental imza nümunələri və MMC-nin möhürünün eksperimental nümunələri işə əlavə edilmişdir. 05.02.2019-cu il tarixdə ekspertlər məhkəməyə vəsatət göndərərək tədqiqat aparılması üçün cavabdehin direktoru X1 2-3 sənəddə olan əlavə sərbəst nümunələrinin (2010-2015-ci illərə dair); 2005-2015-ci il tarixlərində MMC-də istifadə olunan möhürün sərbəst əks nümunələrinin (hər ilə dair 2 sənəd təqdim olunmaqla) təqdim olunmasının zəruri olduğunu bildirmişlər. Vəsatət təmin olunmadığı üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, «...hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bu zaman imza ilə yanaşı, sənəddə olan möhürün həqiqiliyi baxımından də hüquqi dəyərləndirmə aparılmalıdır.»
22. İşə yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspert qarşısıda 25.11.2015-ci il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında istifadə edilən möhürün Cavabdeh MMC-nin 2005-2015-ci illərdə istifadə etdiyi möhürlə eyni olubolmaması ilə bağlı sual qoyulmuşdur. Həmin ekspertizanın keçirilməsi üçün tədqiqat obyekti olan möhür nümunələrinin ekspertə təqdim edilməsi məqsədilə Cavabdeh MMC-yə 30.07.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məktubda 2005-2015-ci il tarixlərində MMC-də istifadə olunan möhürün sərbəst əks nümunələrinin (hər ilə dair 2 sənəd təqdim olunmaqla) məhkəməyə təqdim edilməsi tələb edilmiş, Mülki Prosessual Məcəllənin 78.3, 78.4 və 78.5-ci maddələrinin tələbləri cavabdehin diqqətinə çatdırılmışdır.
23. Buna baxmayaraq, cavabdeh 17.08.2021-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq 2005-2015-ci illərdə istifadə olunan möhür və sənədlərin Cavabdeh MMC-də olmamasını, hazırki möhürdən başqa məhkəməyə heç nə təqdim edə bilməməsini bildirmişdir.
24. Kollegiya sadalanan hallara münasibət bildirərək qeyd edir ki, hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən müqaviləni bəyənmişdir.
25. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir.
26. Beləliklə, hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.
27. Kollegiya Ali Məhkəmənin göstərişlərinə, işin hallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, cavabdeh tərəfindən 2005-2015-ci illərə aid möhür nümunələrinin təqdim edilməməsi tərəflər arasında bağlanmış müqavilənin və maliyyə arayışının cavabdeh tərəfindən təsdiq edilməməsi kimi qiymətləndirmək üçün əsas deyildir. Cavabdeh apellyasiya instansiyası məhkəməsində icraat zamanı kollegiya iclasında iştirak etməmiş, 2005-2015-ci illərə aid möhürün təqdim edilməməsi məsələsinə aydınlıq gətirməmişdir.
28. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC arasında yaşayış binasında mənzil tikintisi haqqında 25 noyabr 2015-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə ilə cavabdeh "Əcəmi” MMC inşa etdiyi ünvan 2 ünvanda ümumi sahəsi 65.5 kv.m olan 1 otaqlı 159 saylı mənzili pay olaraq payçı İddiaçı verilməsi barədə, İddiaçı isə həmin mənzilə görə 78600 AZN pul ödəmək barədə öhdəlik götürmüşlər. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləği Cavabdeh MMCyə ödəsə də, sonuncu üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və mənzili payçıya təhvil verməmişdir. Pulun ödənilməsi cavabdeh tərəfindən verilmiş və müəssisənin möhürü ilə təsdiqlənmiş maliyyə arayışı, eləcə də kassa mədaxil orderi ilə öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 78600 manat borc məbləğinin cavabdehdən tələb olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.
29. Kollegiya iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
30. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
31. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə-kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Cavabdeh apellyasiya şikayətində "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 22 dekabr 2013-cü il tarixli müqaviləyə istinad edərək bildirmişdir ki, həmin müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmişdir və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 105000 manat pul vermişdir. Kollegiya cavabdeh apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və iş materiallarında aşkar edilmədiyindən mülahizə xarakteri daşıyır. Cavabdehin apellyasiya instansiyası məhkəməsində iştirak etmək imkanı olsa da, kollegiya iclasında iştirak etməmiş və apellyasiya şikayətində qeyd etdiyi hallara aydınlıq gətirməmişdir.
34. İddiaçı ona zərər dəyməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, nə iddia ərizəsində, nə də məhkəmə araşdırması zamanı ona mənəvi zərər dəyməsini əsaslandıra bilməmişdir. Ona görə də mənəvi zərərlə bağlı iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-195/2019 saylı, 10.06.2019 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 53.65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul CavabdehMMC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev