Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6498/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Neman Yusifzadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Neman Yusifzadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC-də departament rəisi vəzifəsində işləməyə davam edir və onun əmək haqqı 4230.17 manat təşkil edir. Onun gəlirləri barədə elektron bazada yalnız vəzifə maaşı göstərilmişdir, xidmət illərinə görə əlavə ödənişlər, aylıq, rüblük və ilin yekunlarına görə hesablanan ödənişlər, mükafatlar, o cümlədən cavabdeh xarici ölkələrə gedən zaman bağladığı uğurlu işgüzar sövdələşmələrə görə faizlər nəzərə alınmamışdır (Dövlət Sərhəd Xidmətinin arayışı əlavə edilir). Lakin rayon məhkəməsi işə səthi və qərəzli baxmış, aşkar şəkildə cavabdehin maraqlarını müdafiə etmiş, bununla da, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə, xəstə övladı Nemanın saxlanması üçün alimentin cavabdehin qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında tutulması, cavabdehin xeyrinə olaraq alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindikdən sonra aparılmasını qət etmiş və bu qənaətini yalnız cavabdehin ikinci nikaha daxil olub, bu nikahdan iki uşağının olması ilə əsaslandırmışdır. Halbuki, bu hala dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa, məhkəmə cavabdehin qazancının ¼ hisssəsi tutulacağı təqdirdə həmin tutulmadan sonra yerdə qalan 3000 manatdan artıq məbləğin cavabdehin və onu ailə üzvlərinin maraqlarını necə pozacağını əsaslandırmamışdır. Baxmayaraq ki, həmin məbləğ Azərbaycanda orta statistik ailənin aylıq gəlirlərini əhəmiyyətli dərəcədə üstələyir. Məhkəmə, həmçinin cavabdehin fərdi sahibkar olmasına hüquqi qiymət verməmiş, onun sahibkarlıq fəaliyyətindən gələn gizlətdiyi gəlirlərini, eyni zamanda, Nemanın uzun müddətdir ki, xəstə olması, lakin iddiaçının maddi imkanı olmaması səbəbindən tam müalicə ala bilməməsini nəzərə almamışdır. Cavabdeh də, apellyasiya şikayəti verərək qətnamənin ləğv, alimentin sabit pul məbləğində müəyyən edilməsi və tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh yenidən ailə qurmuş və həmin nikahdan iki övladı doğulmuşdur. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Onun gəlirləri qeyri-müəyyən olmaqla, işlədiyi iş saatlarına görə müəyyən olunur. Bu səbəbdən, aylıq gəlirləri dəyişəndir, hətta aylıq gəlirinin həcmi 500 manata qədər azalıbarta bilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənəddə onun gəlirinin 1500 manat olması qeyd edilsə də, həmin məbləğ həmin ay üçün iş saatlarına görə hesablanmış və çıxarılmışdır. Ondan sonrakı aylarda olan gəlirləri daha aşağı, hətta 1000 manatdan da aşağı olmuşdur. Məhkəmə isə, nəzərə almamışdır ki, gəlirlər qeyri-müəyyən olduğu halda aliment sabit pul məbləğində tutulmalıdır. Hazırda mövcud Covid-19 pandemiyası ilə əlaqədar iş saatlarında ciddi azalmalar olmuş, bu da gəlirlərinin aşağı düşməsinə səbəb olmuşdur. Belə olan halda, aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni apellyatorların mübahisələndirdikləri hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin hədləri və dəlilləri ilə bağlıdır. Kollegiya, iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayət qismən təmin, cavabdehin şikayəti isə rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Neman Yusifzadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat İddiaçı xeyrinə aliment tutulması qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-də departament rəisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 4230.17 manat təşkil edir. Qeyd edilənlər iddia ərizəsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(103)-3554/2012 saylı qətnaməsinin surəti, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(102)-828/2013 saylı qərarının surəti, Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli sorğusu və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı, birgə nikahlarından doğlumuş uşağa görə tutulan alimentin dəyişdirilərək, cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hisssəsi miqdarında müəyyən edilməsini tələb edir. Cavabdeh isə, işlədiyi saatlara görə aylıq əmək haqqının miqdarının dəyişdiyini və yeni nikahından iki uşağının olduğunu bildirərək, alimentin sabit pul məbləğində tutulmasını tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, məhz bu aspektdən çıxış edərək uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etmişdir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, alimentin qayda olaraq valideynin qazancın (başqa gəlirlərin) müvafiq hissəsi miqdarında tutulması nəzərdə tutulmuşdur. Bununla belə, qanun aliment verməli olan valideynin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olması və ya yuxarıda qeyd olunan digər hallarda məhz uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin sabit pul məbləğində tutulmasını müəyyən etmişdir. Eyni zamanda, Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, “...alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasınıöz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.” Hazırkı işdə isə aliment ödəməli olan Cavabdeh daimi iş yeri olmaqla, qazancı (gəliri) qeyri-müntəzəm və dəyişkən deyil. Belə ki, o, “xxxxxxxxxxxxxx” MMC-də departament rəisi vəzifəsində çalışır və əmək haqqı alır. Bundan əlavə, uşaqlara görə aliment almalı olan İddiaçı alimentin sabit məbləğdə deyil, cavabdehin qazancının 1/4 hissəsi miqdarında tutulmasını tələb edir. Beləliklə, baxılan işdə alimentin sabit məbləğdə tutulması üçün AM-in 78.1-ci maddəsindəki əsaslardan heç biri müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin alimenti cavabdehin qazancının və (və ya) başqa gəlirlərindən hissəvi qaydada tutması əsaslı olmuşdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Bununla belə, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, bildirir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulacaq alimenti hər ay onun qazancının (və ya başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə, bu qənaətini cavabdehin hazırda yenidən nikaha daxil olaraq, həmin nikahdan daha iki uşağının olması ilə əsaslandırmışdır. Kollegiya, əvvəla, onu qeyd edir ki, cavabdeh, birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində yenidən nikaha girməsini, həmin nikahdan iki övladının olduğunu bildirsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Digər tərəfdən, cavabdehin yenidən nikaha girməsi və başqa uşaqlarının doğulması təsdiqləndiyi halda belə, bu, aliment miqdarının azaldılması üçün əsas ola bilməz. Çünki, həmin hallar Togrul Yusifzadənin əvvəlki nikahdan olan övladı Neman Yusifzadənin qanunla müəyyən edilmiş qaydada saxlanılması öhdəliyini aradan qaldırmır. Odur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehdən tutulan alimentin miqdarı hissəsində ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hisssəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən Kollegiya, iddiaçının apellyasiya şikayətinin Cavabdeh aylıq əmək haqqından əlavə sahibkarlıq fəaliyyətindən gəlirlərinin olduğu və alimentin miqdarı müəyyən olunarkən onların da nəzərə alınmalı olması ilə bağlı dəlilinə münasibətdə vurğulayır ki, sözügedən gəlirlər cavabdehdən tutulan onun başqa gəlirlərinə aid olmaqla, onların mövcudluğunun, müsbət halda isə miqdarının müəyyənləşdirilməsi məhkəmə qətnaməsinin icrası mərhələsində araşdırılmalı məsələ olmaqla, hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1798/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh tutulan alimentin miqdarı” hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh xx xxxx 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6498/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6498/2020
16.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver