Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-650/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3034/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1343/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş övladları 20 sentyabr 2021-ci il təvəllüdlü X6 və 20 sentyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat, uşaqlar 3 yaşına çatanadək hər birinə 100 manat olmaqla, əlavə 200 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1343/2022 nömrəli 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, hər iki övladı anası İddiaçı himayəsində verilmiş və hər birinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 193 manat olmaqla, cəmi 386 manat alimentin ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyətinin yaxşı olduğuna baxmayaraq, o, ata kimi övladlarının qayğısına qalmaq və valideyn vəzifələrinin icra etməkdən imtina edir. Hər iki uşağın yaşı kiçik olduğuna görə iddiaçının işləməyi qeyrimümkündür. Bu səbəbdən cavabdehin ödədiyi aliment məbləği uşaqları tələbatlarını ödəmir. Bundan başqa cavabdehin uşaqların 3 yaşına qədər anaya ödəməli olan alimentin də ödənilməsi mütləqdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)- 3034/2023 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-1343/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 20 sentyabr 2021-ci il təvəllüdlü X6 və 20 sentyabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat məbləğində sabit pul şəklində alimentin, həmçinin uşaqlar 3 yaşına çatanadək 100 (yüz) manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 45,68 məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, onun biznes fəaliyyətinin olmaması, xarici ölkələrə səfərlərinin onun maddi vəziyyətinin yaxşı olması anlamına gəlməməsi, məhkəmənin müəyyən etdiyi aliment məbləğlərini ödəmək iqtidarında olmaması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. İddiaçının vəkili Vəkil2 16 yanvar 2024-cü il tarixdə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın tam təmin olunması) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsini 2(011)-1343/2022 nömrəli 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 ilə Cavabdeh arasında 18 dekabr 2019-cu il tarixində Səadət Sarayında bağlanılmış və 1132 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, boşanmadan sonra 20 sentyabr 2021-ci il təvəllüdlü X6 və 20 sentyabr 2021-ci il təvəllüdlü X4 anaları X1 yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir; İşdən görünür ki, cavabdeh fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmaqla, eyni zamanda "xxxx" MMC-nin (VOEN:**********) rəhbəridir. İşdə olan Cavabdeh adına "xxxx" ASC-də olan AZ11AİİB410100D**********107 (VOEN **********) bank hesabından çıxarış məlumatlarına əsasən - xx/xx/2022 xx/xx/2023 165,240.56 manat məbləğində vəsait mədaxil edilib, 164825.96 manat məbləğində vəsait isə məxaric edilib; Debet CLASSİC bank kartı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ili əhatə edən dövr üzrə 16649,36 manat məbləğində vəsait məxaric edilib, 16416,85 manat isə mədaxil edilmiş, X11 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ili əhatə edən dövr üzrə 146702,02 manat məbləğində vəsait məxaric edilib, 147,116,62 manat məbləğində vəsait isə mədaxil edilib. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş cavabdehə məxsus “İnstagram” Sosial Şəbəkə səhifəsindən fotoşəkillərdən görünür ki, cavabdeh son bir neçə il ərzində mütəmadi olaraq xarici ölkələrə səfər etmişdir. Qeyd olunmalıdır ki, qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi qaydasını da nəzərdə tutmuşdur. Belə ki, AM-in 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin işləmədiyinə görə alimenti ödəmək üçün maddi imkanının olmaması ilə bağlı dəlilinə qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən hal "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehə məxsus olan bank hesablarında bir il ərzində olan pul vəsaitlərinin dövriyyəsi barədə məlumatlar ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh tərəf həmin vəsaitlərin üçüncü şəxslər tərəfindən ona tapşırıqların icrası məqsədi ilə ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə cavabdehin qeyd edilən dəlilinin həqiqətə uyğun olmadığını və iddiaçı tərəfindən tələb edilən alimenti ödəmək üçün yetərli maddi imkanının olduğu ilə bağlı qənaətə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər (maddi imkanının aşağı olması və s.) isə onu bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Eyni zamanda işdə olan sübutlar cavabdehin maddi vəziyyətinin uşaqlarının saxlanılması üçün müvafiq aliment məbləğlərini ödəmək iqtidarında olması nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini ölkə üzrə uşaqlar üçün aylıq minimum dolanacaq xərclərinə yaxın məbləğdə müəyyən etməklə qanunvericiliyin tələblərini pozmamışdır, həmçinin həmin məbləğ uşaqların üstun mənafeyinə də uyğundur. Apellyasiya şikayətinin digər dəlili isə - uşaqların 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinin əsassız olması ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq qeyd edir ki, AM-nin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. AM-nin 84.1.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. AM-nin 85.1 və 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən - ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə isə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində köməklik göstərilməsi üçün birinci instansiya məhkəməsinin müəyyən etdiyi 100 manat pul vəsaiti işin hallarına uyğun olmaqla, ədalətli və obyektivdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (alimentin miqdarının artırılmış hissəsi hər uşaq üçün 57 manat, digər hissədə isə cəmi 100 manat təşkil etmişdir ki, bir il ərzində həmin ödəmələrin məcmusu 5000 manatdan az məbləğ təşkil edir). Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3034/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3034/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-650/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-650/2024
16.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver