Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6500/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(008)-211/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyəti və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 29322,05 manat əsas borc, 7345,92 manat cərimə borcunun və 20 manat dövlət rüsumunun, cəmi 36687,97 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, məhkəmədən 46.507,78 manat əsas borc, 40.182,73 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 86.720,51 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İlk iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2016cı il tarixli 222- LD/16 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən qalan hissəsini isə ödəniş qrafıkinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 98802,59 (doxsan səkkiz min səkkiz yüz iki manat 59 qəpik) olmaqla 64 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 49401,28 (qırx doqquz min dörd yüz bir manat 28 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 29.06.2018-ci il tarixinədək 31437,00 (otuz dörd min dörd yüz otuz yeddi) manat ödəməli olduğu halda, 2114,95 (iki min bir yüz on dörd manat 95 qəpik) manat ödəniş etmişdir. Müqavilə üzrə 29.06.2018-ci il tarixədək 29322,05 (iyirmi doqquz min üç yüz iyirmi iki manat 05 qəpik) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 7345,92 (yeddi min üç yüz qırx beş manat 92 qəpik) borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh ödənilməmiş əsas borc üzrə 29.322,05 manat, dəbbə pulu üzrə 7345.92 manat, ümumilikdə 36.667,97 manat və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təsərrüfatda baş verən müxtəlif səbəblər nəticəsində 25 baş cins damazlıq heyvan tələf olmuşdur. Bunun da nəticəsi olaraq lizinq ödənişləri davam etdirilə bilməmişdir. Təsərrüfatda baş verən tələfatlarla bağlı İddiaçı ASC tərəfindən “Günay” sığorta şirkətinə müraciət olunmuş sığorta şirkəti müxtəlif sayda əsassız səbəblər göstərərək sığorta ödənişindən imtina etmişdir. Onunla lizinqə götürülmüş heyvanlar üçün hər hansı bir sığorta şirkəti ilə sığorta müqaviləsi bağlanılmamışdır. O, sığorta haqqını İddiaçı ASC-yə ödəmişdir. Ona görə də, sığorta şirkətinin müraciətə baxıb- baxmamasının ona heç bir aidiyyəti yoxdur. O, müqaviləni İddiaçı ASC ilə bağladığı üçün sığorta hadisəsi nəticəsində dəymiş ziyan İddiaçı ASC tərəfindən ona ödənilməlidir. Ona dəymiş ziyanın ödənilməsi az deyilmiş kimi hələ ona qarşı məhkəmədə iddia da irəli sürülmüşdür. Burada əsas məqam sığorta hadisəsinin, yəni heyvanların tələfatının baş verməsidir ki, bu fakt baş vermiş, İddiaçı ASC bu halı mübahisələndirməmiş və bu barədə onun tərəfindən həm İddiaçı ASCyə, həm də sığorta şirkətinə məlumatlar verilmişdir. Tələf olunan mallara baytar həkim tərəfindən baxış keçirilmiş və heyvanların xəstəliklərdən tələf olunması rəsmiləşdirilmişdir. İddiaçı ASC ilə "xxxx" ASC ilə bağlanmış 18.02.2015-ci il tarixli, 06/15 nömrəli sığorta müqaviləsinin 4.1.1-ci bəndinə əsasən bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatı aparılması və sığortalıdan asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklər sığorta təminatına daxildir. Bu isə o deməkdir ki, heyvanların xəstəliklərdən tələf olması nəticəsində dəymiş ziyan Sığortaçı tərəfindən ödənilməlidir. Nəzərə alınsa ki, qeyd olunan sığorta müqaviləsi İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış və sığorta ödənişləri onun tərəfindən İddiaçı ASCyə ödənilmişdir, onda ona dəymiş ziyan lizinq ödənişi ilə əvəzləşdirilməlidir. Heyvanların tələfatı nəticəsində dəymiş zərərin müəyyən edilməsi üçün onunla “X1” MMC-nin auditoru Mübariz Əmiraslanov arasında müqavilə bağlanmış və audit rəyinə əsasən dəymiş zərərin məbləği 116374,24 manat müəyyən edilmişdir. Odur ki, ilk iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin iddia etdiyi 36.667,97 manat pul vəsaitinin sığorta hadisəsi nəticəsində ona ödənilməli olan məbləğdən çıxılaraq əvəzləşdirilməsi qalan məbləğin isə lizinq ödənişləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşlıqlı iddianın təmin edilərək, İddiaçı ASC-nin iddia etdiyi 36667,97 manat pul vəsaitinin sığorta hadisəsi nəticəsində ona ödənilməli olan 116374,24 manat məbləğdən çıxarılaraq əvəzləşdirilməsi, qalan 79706,27 manat məbləğin isə aylıq lizinq ödənişləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)- 211/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi barədə qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti ilk iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Eləcə də birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə onun hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında öz apelyasiya şikayətlərini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(008)-211/2020 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 öz apelyasiya şikayətlərini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(008)-211/2020 saylı qətnaməsinin ləğv edilib, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayətləri qətnamənin ləğv edilərək, iddia tələblərinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəyə görə İddiaçı ASC ilə "xxxx" ASC ilə bağlanmış 18.02.2015-ci il tarixli, 06/15 nömrəli sığorta müqaviləsinə əsasən bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatı aparılması və sığortalıdan asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklər sığorta təminatına daxildir. Təsərrüfatda baş verən tələfatlarla bağlı İddiaçı ASC tərəfindən “Günay” sığorta şirkətinə müraciət olunsa da, "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış məktublara əsasən sığorta müqaviləsi "xxxx" ASC məsiyyət daşımadığı bildirilmiş və damazlıq heyvanların tələf olması ilə bağlı sığorta ödənişindən imtina edilmişdir. Cavabdeh ilə lizinqə götürülmüş heyvanlara görə hər hansı bir sığorta şirkəti ilə sığorta müqaviləsi bağlanılmamışdır. Cavabdeh sığorta haqqını İddiaçı ASC-yə ödəmişdir. Bu səbəbdən İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin Cavabdeh tərəfindən İddiaçı ASC-yə qarşı olan qarşılıqlı iddia tələbini əsaslandıran mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar Cavabdeh İddiaçı ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin lizinq ödənişləri ilə əvəz edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 386.1, 442, 445.2-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilən prosessual qanunvericilyin tələblərini nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin faktiki hallarına uyğun əsaslandırmamış, ona görə də qətnamə qanuni və əsaslı hesab edilmir. Kollegiya apelyasiya şikayətlərinin dəlillərini işin materialları və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarla əlaqəli yoxlayıb hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən əsaslıdır və buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işdəki sübutlar əsasında işə mahiyyəti üzrə baxılaraq, yeni qətnamə qəbul edilməlidir. Kollegiya iş materiallarında aşağıdakı sübutları müəyyən edir: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2016cı il tarixli 222-LD/16 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən qalan hissəsini isə ödəniş qrafıkinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 98802,59 (doxsan səkkiz min səkkiz yüz iki manat 59 qəpik) olmaqla 64 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 49401,28 (qırx doqquz min dörd yüz bir manat 28 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə "xxxx" ASC ilə bağlanmış 18.02.2015-ci il tarixli, 06/15 nömrəli sığorta müqaviləsinə əsasən bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatı aparılması və sığortalıdan asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklər sığorta təminatına daxildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 27.06.2019-cu il tarixli məktubda bildirilir ki, müxtəlif xəstəliklər səbəbindən çıxdaş vəziyyətinə düşmüş AT-775030722, AT 925159719, AT 645988828, AT 742731622, AT 672532622, AT 531422, AT 684188119, AT ********* inventar nömrəli heyavnaların sığorta müddəti müvafıq olaraq, HKSAQL 11474, HKSAQL-11490. HKSAQL-11463, HKSAQL- 11472, HKSAQL-11469, HKSAQL-114487, HKSAQL-11470, HKSAQL-11485 saylı sığorta şəhadətnamələrinə əsasən 18 aprel 2019-cu il tarixində, DE **********, DE **********, DE ********** inventar nömrəli heyvanların sığorta müddəti isə müvaliq olaraq HKSAQL-13052, HKSAQL-13057 və HKSAQL-Q55 saylı sığorta şəhadətnamələrinə əsasən 03 may 2019cu il tarixində bitmişdir. Sığorta müddəti, məlumat verilən 14.05.2019-cu il tarixdən xeyli əvvəl başa çatdığından, məktubda toxunulan məsələ sığorta təminatı xaricindədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 16.10.2018-ci il tarixli məktubun surətində sahibkar tərəfindən 31.10.2014- cü il tarixli 31/14 və 25.02.2015- ci il tarixli 06/15 saylı "xxxx" ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satın-alınması barədə müqavilə"nin 12.2,3, 12.2.4, 12.2.7, 17.1,17.2 bəndlərini və AR Mülki Məcəlləsinin 935.1.4 və 935.1.8 maddələri rəhbər tutularaq bildirilir ki, sığorta müqaviləsi üzrə sığortalının üzərinə düşən öhdəliklər əsaslı surətdə pozulduğundan "AT-798613222, DE **********, DE **********, AT 606236528, DE **********, DE ********** və AT ********* inventar nömrəli Holştin-friz və Simmental cinsli heyvanların tələf olması ilə bağlı "xxxx" ASC-nin öhdəliyi yaranmır. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 06.03.2018-ci il tarixli məktubun surətində bildirilir ki, sığorta müqaviləsi üzrə sığrtalının üzərinə düşən öhdəliklər əsaslı surətdə pozulduğundan "xxxx" ASC məsiyyət daşımır və damazlıq heyvanların tələf olması ilə bağlı sığorta ödənişindən imtina edilmişdir. İddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli Müqavilənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq 3 il müddətinə 64 damazlıq heyvan sığortalanaraq lizinqə verilir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən Lizinq alan 5928,19 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəyir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən sığorta haqqı heç bir halda Lizinq alana qaytarılmır. Həmin Müqavilənin 4-cü bəndinə əsasən sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. Məhkəmə kollegiyası aşağıdakı qaydada dəyərləndirmə aparır: İşin hallarından görünür ki, tərəflər arasında “Dövlət vəsaiti hesabına idxal olunmuş damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə 21 iyun 2016-cı il tarixli 222-LD/16 nömrəli müqavilə bağlanmışdır. Bundan başqa tərəflər arasında həmçinin “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli Müqavilə bağlanmışdır. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə lizinqə verdiyi damazlıq heyvanları 18.02.2015-ci il tarixli müqavilə ilə sığortalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Sadalanan maddi hüquq normalarının tələblərindən aydın olduğu kimi, iki tərəfin razılaşdırılmış iradə ifadəsi tərəflər arasında mülki hüquq münasibətləri yaradan müqavilənin bağlanması üçün əsasdır. Hazırki halda tərəflər arasında eyni tarixdə iki müqavilə bağlanmış, birinci müqavilə ilə damazlıq heyvanların güzəştli satış qiyməti ilə cavabdeh tərəfindən iddiaçıya lizinqə verilməsi, ikinci müqavilə ilə lizinq müqaviləsinin predmeti olan heyvanların sığorta haqqının ödənilməsi ilə bağlı olmuşdur. “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli Müqavilənin 2-ci bəndinə əsasən Lizinq alan 5928,19 manat məbləğində sığorta haqqını lizinq verənə tam həcmdə ödəyir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən sığorta haqqı heç bir halda Lizinq alana qaytarılmır. Həmin Müqavilənin 4-cü bəndinə əsasən sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. Müqavilənin sadalanan tələblərindən göründüyü kimi, tərəflərin iradə ifadəsi sığorta haqqının heç bir halda lizinq alana, yəni, cavabdehə qaytarılmaması və sığorta hadisəsi baş verdiyi halda yalnız sığorta təşkilatı tərəfindən ödənilmiş vəsaitin yarısının ona qaytarılması ilə bağlı olmuşdur. İş materialları ilə müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı, yəni lizinq verən tərəfindən, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sığorta ödənişinin edilməsi ilə bağlı müraciətlər olunmuş, lakin sığorta şirkətinin 06.03.2018, 16.10.2018, 07.05.2018, 27.05.2019, 27.06.2019 (i.v. 58, 60, 61, 65, 79-86) və 31.10.2018, 15.07.2019, 04.06.2019 (i.v. 122-124) məktublarla lizinq alan tərəfindən sığorta predmeti olan damazlıq heyvanların saxlanılıb bəslənilməsinin təmin edilməsi ilə bağlı müvafiq şərtlərə əməl olunmadığından, sığorta ödənişinin həyata keçirilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Sığorta şirkəti tərəfindən lizinq verənə sığorta ödənişinin verilməsindən imtina olunduğundan, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Sığorta haqqının ödənilməsi barədə” 21 iyun 2016-cı il tarixli Müqavilənin tələblərinə uyğun olaraq, iddiaçının cavabdeh qarşısında hərhansı öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən hüquq normasının tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçının pozulmasını ehtimal etdiyi hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, bu səbəbdən də 46507,78 manat əsas borc, 40182,73 manat cərimə borcu, ümumilikdə 86720,51 manat borcu yaranmışdır və həmin borcun tutulmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı verdiyi qarşılıqlı iddia ərizəsində, məhkəmə iclaslarında verdiyi izahatlarında müqavilə üzrə ilkin ödənişdən başqa hər hansı bir ödəniş aparmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Kollegiya qeyd edilən maddi hüquq normalarında göstərilənləri hazırki mübahisəyə tətbiq edərək hesab edir ki, ilkin iddia üzrə cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz onun təqsiri üzündən pozulması, müqavilə üzrə əsas borcun və ona hesablanmış cərimə pulunun ödənilməməsi işin mübahisəsiz halları olmaqla, həmin hallar iş materialları ilə də öz təsdiqini tapdığından, cavabdeh 46507,78 manat əsas borcu qanunsuz saxlamış, buna görə də həmin məbləğdə əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi və icranı gecikdirdiyi üçün müqavilə şərtlərinə görə dəbbə pulu ödəməyə borcludur. Lakin kollegiya hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 40182,73 manat məbləğində dəbbə pulunun tənasübsüz surətdə yuxarı olduğundan, cavabdehin borclu olduğu əsas borcun məbləğinə və əmlak mənafeyinə mütənasib deyildir. Ona görə də kollegiya hesab edir ki, cavabdeh icranı gecikdirdiyi üçün tutulacaq dəbbə pulunun məbləğinin 1000 (min) manat müəyyən edilməsi ədalətlidir. Kollegiya ilkin iddia üzrə cavabdehin verdiyi qarşılıqlı iddia tələbinə qiymət verərək, yuxarıda qeyd edilənlərə əsasən həmin tələbin təmin edilməsi üçün əsas görmür. Belə ki, qarşılıqlı iddiaçının tələbinin əsası lizinqə götürdüyü damazlıq malların tələf olması nəticəsində ziyana düşməsi və bu səbəbdən müqavilə öhdəliklərini yerinə yetirməməsi, həmçinin ona dəymiş ziyanın lizinq ödənişləri ilə əvəz edilməsindən ibarətdir. Kollegiya bununla bağlı bir daha qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh yuxarıda qeyd edildiyi kimi qarşılıqlı iddiaçının qarşısında hər hansı bir öhdəlik daşımadığından, bu iddianın da təmin edilməsi üçün əsas yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ilə sığorta şirkəti arasında bilavasitə müqavilə bağlanmasa da, lakin onun həmin sığorta müqaviləsi ilə bağlı hüquq və vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.2-ci maddəsinə əsasən sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. Həmin Məcəllənin 884.6-1-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Həmin Məcəllənin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Maddələrin məzmunundan göründüy kimi, sığorta müqaviləsi üzrə hüquqlara və vəzifələrə malik olan şəxs həmin müqavilənin subyekti hesab olunmalı və sığorta hadisəsi baş verdiyi zaman sığorta əmlakla bağlı sığorta marağı yarandıqda, yəni maliyyə itikisinə məruz qalması ehtimalı olduqda zərərçəkən sayılmalıdır. İstinad edilən maddələrin tələbləri o nəticəni yaradır ki, cavabdeh öz maraqlarının qorunması məqsədilə müstəqil qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(008)-211/2020 saylı qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 46.507,78 manat əsas borc, 1000 manat cərimə borcu və 30 manat dövlət rüsumu, cəmi 47537,78 (qırx yeddi min beş yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat pul vəsaiti tutularaq “Aqroservis” (əvvəlki İddiaçı) Açıq Səhmdar Cəmiyyətinə öədnilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6500/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6500/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver