Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6500/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə övladları olan xx.xx.2010-cu il təvəllüdlü İlkinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə hər ay tutulan (cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında) alimentin artırılması və 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki qətnamə ilə təyin edilmiş aliment uşağın saxlanılması üçün artıq kifayət etmir. Belə ki, hazırda uşağın 13 yaşı var. Uşaqda autizm xəstəliyi var; İİ qrup əlildir. Cavabdehdən iddiaçının xeyrinə tutulan aliment, cavabdehin qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Cavabdeh işdən sıxmışdır. Bu səbəbdən də aliment tutulmur. Böyüdükcə uşağın məsrəfləri artır. Cavabdeh övladı ilə maraqlanmır, onun digər xərclərini ödəmir. Uşağın artmış ehtiyaclarını iddiaçı təkbaşına çəkir. İddiaçı işləmədiyi üçün uşağın xərclərinin qarşılamaqda çətinlik çəkir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan aliment səhhətində problem olan və İİ qrup əlil olan uşağın saxlanılması üçün yetərli deyil. Buna görə də alimentin məbləği artırılmalı və 220 manat sabit pul məbləğində müəyyən olunmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh artıq işləyir və 500 manat məbləğində əmək haqqı alır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı da bir valideyn olaraq uşağı saxlamağa borcludur. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə öz atası və anası ilə notarial qaydada bağladığı müqavilələr əsasında üzərinə öhdəlik götürmüşdür ki, onlara maddi yardım göstərmək üçün hər birinə, hər ay 100 manat ödəyəcək. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş tərəflərin izahatları barədə məlumat
7. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
8. Özünü cavabdehin hazırki iş üzrə vəkili (nümayəndəsi) kimi təqdim edən Nümayəndə ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, başqa məhkəmələrdə əvvəlcədən təyin edilmiş məhkəmə baxışı iclaslarında iştirak etməsi səbəbindən hazırki iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilmir və buna görə də, məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş edir.
9. Məhkəmə Nümayəndə istinad etdiyi xx.xx.2022-ci il tarixli “Vəkil orderi” (order markası № 0239163) ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, həmin order Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-6382/2022-ci iş ilə bağlı verilmişdir. Odur ki, bunu nəzərə almış Məhkəmə hesab etmişdir ki, vəkil Nümayəndə Cavabdeh hazırki iş üzrə vəkili deyil və bu səbəbdən də iclasın təxirə salınmasına əsas yoxdur.
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(010)-4304/2019) ilə uşağın saxlanması üçün hazırki iş üzrə cavabdehin qazancının 1/4 hissəsinin cavabdehdən hər ay tutularaq hazırki iş üzrə iddiaçıya verilməsi qət edilmişdir.
12. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.
13. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləği artırılaraq 250 manat müəyyən edilməlidir.
14. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh bildirir ki, onun aylıq gəliri 500 manat təşkil edir, bundan başqa o, valideynlərinin hər birinə ayda 100 manat olmaqla, hər ay 200 manat ödəyir və bu səbəbdən o, 220 manat məbləğində aliment ödəyə bilmir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
16. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən mülki mübahisəyə yanaşdıqda müəyyən edilir ki, iddia əsaslıdır.
18. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə müəyyən edilir ki, dəlillər əsassızıdır. Çünki cavabdehin ayda cəmi 500 manat əmək haqqı alması, valideynlərinə ayda 200 manat ödəməsi cavabdehi uşağı lazımi səviyyədə saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur.
19. Bundan başqa, Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə həqiqətən də uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək onları saxlamaq hər iki valideynin borcudur. Lakin bu borcun həyata keçirilməsi yalnız pul şəkilində ifadə olunmuş alimentin ödənilməsindən ibarət deyil. Uşaq anasının (iddiaçının) yanında qalır və o, uşağın ehtiyacını təkcə maddi nemətlərlə deyil həm də mənəvi nemətlərlə ödəyir (məsələn: analar gecələr yatmayan, ağlayan uşaqları sakitləşdirmək üçün özləri də yuxusuz qalırlar; elementar olaraq əhval-ruhiyyəsi pis olan zaman, əlini ağdan-qaraya vurmaq istəmədiyi halda analar uşaqların paltarlarını yumaq, onlara yemək hazırlamaq məcburiyyətində qalır və sair bu kimi hallar). Qeyd edilənlərə əsasən hesab edilməlidir ki, cavabdehin apellyasiya şikayətinin müzakirə edilən dəlili alimentin miqdarının 220 manatdan aşağı təyin edilməsi üçün əsas ola bilməz. h) apellyasiya baxışının nəticəsi
20. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki apellyasiya baxışının predmeti olan iddianın qiyməti isə (220 x 12 = 2.640) 5.000 manatdan azdır.
24. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.