Məhkəmə qərarları › İş №2(103)-6504/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6504/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6504/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs X7) qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Mercedes Benz GLC200 4 MATİC minik” markalı, 10- BK-200 dövlət qeydiyyat nişanlı avtomobili X4 ona verdiyi etibarnamə ilə idarə edərkən AR İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuş, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedes Benz CLA 200 minik” markalı, 10-TT042 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə bağlı iddiaçı X6 Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən avtomobilin təmiri və ehtiyat hissələrinin sifarişi üçün “X5” MMC-yə cəmi 6355,90 manat, ƏDV – 1144,06 manat olmaqla, cəmi 7499,96 manat ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs: X7) iddia ərizəsi və əlavə ərizələr məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə avtomobilin təmirinə görə “X5” MMC-yə ödənilmiş 2.500 manat məbləğində təmir xərcinin, avtomobilin daşınması üçün ödənilmiş 60 manat məbləğində evakuator xərcinin, vurulmuş mənəvi zərərin əvəzi kimi, 1.000 manat məbləğində pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 7.498,83 manat pul tələb edilir. Bu fakt, “X5” MMC-nin tərtib etiyi “İlkin təmir sifarişi” ilə öz təsdiqini tapır. Həmin məbləğin 5.000 manat hissəsi, cavabdehin məsuliyyətini sığortalatdığı “Azərsığorta” şirkəti tərəfindən qarşılanmışdır. Qalan 2.498,83 manat pulun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən indiyədək heç bir tədbir görülməmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-3201/2023) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 2263.06 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə cavabdehin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğunu, ekspert rəyini mötəbər sübut hesab edərək, belə qənaətə gəlmişdir ki, sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğ çıxılmaqla, avtomobilə dəyən zərərin məbləği 6119-5000=1119 manat, eləcə də iddiaçı tərəfindən avtomobilin təmiri üzrə avtoservis mərkəzinə ödənilmiş 1144,06 manat ƏDV məbləği də daxil olmaqla cəmi 1119+1144,06=2263.06 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissələrdə tələb sübuta yetirilmədiyindən rədd edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1108.1-ci maddələri, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin, işdə olan və iddiaçının öz vəsaiti hesabına 2.500 manat pulu ödədiyini göstərən sübutlarla təsdiqlənən mübahisəsiz halı diqqətə almayaraq ekspert rəyinə əsaslanması haqlı sayıla bilməz. Ona görə ki, avtomobil 2019-cu il buraxılışlıdır və 2020-ci ilin mart ayında rəsmi distribyutor “X5” MMC-dən əldə edilmişdir. Hadisə baş verən tarixə avtomobilin sürüş məsafəsi cəmi, 19.000 km təşkil etmişdir. avtomobil kifayət qədər səliqəli şəkildə və xüsusi diqqətlə idarə edilmiş, vaxtlı-vaxtında rəsmi distribyutorda texniki qulluq göstərilmişdir. Məhz buna görə də, avtomobil, bu sahədə peşəkar xidmətlər göstərən “X5” MMC-də təmir etdirilmişdir. Ekspert, qiyməti formalaşdırarkən orta qiymət müəyyən etmişdir, yəni avtomobilin, ekspert rəyində göstərilən qiymətə (ƏDV xaric, 6.119 manata) təmir etdirilə biləcəyi konkret servis mərkəzinin adı göstərilməmişdir. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, iki qiymət arasındakı fərq cəmi, 236,9 manata bərabərdir. Cavabdeh isə, avtomobilin təmir etdirilməsi ilə ümumiyyətlə, maraqlanmamışdır. İddiaçının Bakı şəhərindəki bütün texniki servis mərkəzləri ilə əlaqə saxlaması, Avtomobili bu texniki servis mərkəzlərinə evakuator vasitəsilə daşınmasını təmin etməsi, servis mərkəzlərindən təmir qiymətlərinin siyahısını alması və müqayisə edərək ən ucuz servis mərkəzini tapması kimi bir vəzifə iddiaçının üzərinə qoyula bilməz. Ekspert də öz rəyində, həmin qiymətləri demək olar ki, təsdiqləmişdir. Buna görə də, ekspert rəyində göstərilən deyil, onun ödədiyi məbləğ diqqətə alınmalıydı. Çünki real zərər məhz bundan ibarətdir. Avtomobilin sürülərək deyil, evakutor vasitəsilə təmir mərkəzinə aparıldığı mübahisəsizdir. Hamıya yaxşı bəllidir ki, evakuator xidməti ödənişlidir. Bu halın, sübutaehtiyacı yoxdur (MPM m. 82.1). Üstəgəl, İddiaçının evakuator xidməti üçün tələb etdiyiməbləğ də, şişirdilmiş olmamaqla bu növ xidmət üçün xarakterik olan miqdardadır. Cavabdehin dəymiş zərəri könüllü ödəməməsi, hüquqlarının bərpası üçün məhkəmədəiddia qaldırmağa məcbur olmuşdur. Bütün bunlar İddiaçıya mənfi təsir göstərmiş, mənəvi zərərçəkməsinə səbəb olmuşdur. Məhkəmə əsassız olaraq vəkil xərcinin tutulmasını da təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

15. «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisəni düzgün həll etmişdir.

22. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5327 saylı ekspert rəyi ilə “X5” MMC avtoservis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6119 manat (ƏDVsiz) müəyyən edilmişdir.

23. Bundan əlavə “Azərsığorta” tərəfindən xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, avtomobilə dəymiş zərər ümumilikdə 5050 manat hesablanmışdır.

24. İddiaçının öz təşəbbüsü ilə avtomobil “X5” MMC-də təmir olunmuş, avtomobilin təmiri və ehtiyat hissələrinin sifarişi üçün cəmi 6355,90 manat, ƏDV – 1144,06 manat olmaqla, cəmi 7499,96 manat ödəniş edilmişdir.

25. Birinci instansiya məhkəməsi ekspert rəyi və ödənilmiş sığorta məbləğini nəzərə alaraq avtomobilə dəymiş ziyanı ƏDV daxil 2263.06 manat hissəsində təmin etmişdir.

26. Apellyasiya şikayətinin əsas dəlili servis mərkəzinə iddiaçının ödənişlərinin nəzərə alınmaması, ekspert rəyi ilə müəyyən edilmiş məbləğin mötəbər sübut olaraq qəbul edilməsidir.

27. Kollegiya apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmış, məlumatlarını şübhə altına almaq üçün əsas yoxdur. Rəyin əsaslandırıcı hissəsindən də görünür ki, ekspert təmir-bərpa xərclərinin müəyyən edilməsi zamanı servis mərkəzinin qüsur aktının məlumatları ilə yanaşı, Bakı şəhəri avtohissələr satışı bazarlarında və avtoservis müəssisələrində mövcud olan qiymətlərdən, ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə etmiş, istifadə etdiyi qiymətləri ortalaşdırmışdır. Bundan əlavə nəzərə alınmalıdır ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğ servis mərkəzinə ödənilmiş təmir haqqı kimi ödənilmiş məbləğə yaxın həddədir.

28. Evakuator xərci və mənəvi zərərin tutulmaması hissəsində isə Kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və əlavə təkrarlanmaya zərurət görmür.

29. Apellyasiya instansiyası məhkəməsinin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

30. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar