Məhkəmə qərarları › İş №2(103)-6507/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6507/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6507/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X8” Bakı Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun etiraf olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı “X8” Bakı Filialının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə “X8” Bakı Filialının Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. “X8” Bakı Filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə 309 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə bank, Cavabdeh2 36 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 17 000 manat kredit verməyi, Cavabdeh2 kreditin əsas məbləğinin və ona hesablanmış faizləri kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

2. 17 000 manat kredit məbləği xx.xx.2022-ci il tarixli kassa məxaric orderi əsasında Cavabdeh2 verilmişdir.

3. Kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlində, Cavabdeh2 xx.xx.2022ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 17 000 manat, faiz borcuna görə 4819,36 manat olmaqla cəmi 21 819,36 manat borcu hissə-hissə qaytaracağı razılaşdırılmışdır.

4. “X8” Bakı Filialı ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqavilələri bağlanmış, adı çəkilən şəxslər xx.xx.2022-ci il tarixli 309 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 17 000 manat məbləğində kreditlə əlaqədar borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.

5. Zaminlik müqavilələrinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilələrin qüvvədə olma müddəti borcalanın xx.xx.2022-ci il tarixli 309 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında tamamilə yerinə yetirilənədəkdir.

6. “X8” Bakı Filialının Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişlərdə onların diqqətlərinə çatdırılmışdır ki, həmin tarixə 1816,81 manat gecikdirilmiş kredit borcu vardır və bu borc ödənilməyəcəyi təqdirdə məhkəməyə və aidiyyati hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

7. “X8” Bakı Filialının xx.xx.2023-cü il tarixli 2023-951 saylı maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli 309 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 14 837,15 manat, faiz borcuna görə 957,42 manat olmaqla cəmi 15 797,57 manat borcu vardır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. “X8” (bank) Bakı Filialı (iddiaçı) Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borca görə 14 837,15 manat, faiz borcuna görə 957,42 manat olmaqla cəmi 15 794,57 manat borcun və ödənilmiş 136,33 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 309 saylı kredit müqaviləsinə əsasən borcalana bank tərəfindən illik 17% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 17 000 manat kredit verilmiş, kreditin qaytarılmasının təminatı kimi həmin tarixdə bankla Cavabdeh1 arasında 343 saylı, Cavabdeh3 arasında 344 saylı, Cavabdeh4 arasında 345 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 606,10 manat ödəməli idi. Müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda, bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna sahibdir. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 7273,20 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka 4387,00 manat ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlqlar olunmuş, lakin borcalan kredit borcunu ödəməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 27% ödəməlidir. 07 iyul 2023-cü il tarixinə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 15 794,57 manat təşkil edir. Bundan 14 837,15 manat əsas borc, 957,42 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Zaminlərlə bağlanmış müqavilələrin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış borcu bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.

10. Cavabdeh2 yazılı ərizə təqdim edərək iddianı etiraf etdiyini, bankdan 17 000 manat borc aldığını, maddi imkanı olmadığından cədvəl üzrə ödənişləri apara bilmədiyini, son ödənişini 2023-cü ilin aprel ayında etdiyini, banka olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir.

11. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəməyə gəlməmişlər.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin xx.xx.2022-ci il tarixli № 309 saylı kredit müqaviləsi üzrə əsas borca görə 14 837,15 manat, faiz borcuna görə 957,42 manat borclarının yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 425.1-ci, 442-ci, 472.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci və 119.1-ci maddələrinə istinad etmişdir.

15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığı, nəticəsinin işin hallarına uyğun olmadığı, ödənişlərinin nəzərə alınmadığı, işə iştirakı olmadan baxıldığı, borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza keçirmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, apellyasiya şikayətini yalnız borcunu hissə-hissə ödəmək istəyinin nəzərə alınmaması səbəbilə vermişdir və borcunun olmasını etiraf edir. Borc məbləği ilə də razıdır, şikayətdə “ekpertiza keçirilməlidir” və “işə onun iştirakı olmadan baxılmışdır” qeyd olunsa da, bu fikirlər ona aid deyil. Məhkəmədən xahişi odur ki, borcunu yeni qrafik üzrə hissə-hissə ödəməsinə şərait yaratsın.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu, əgər banka müraciət edərsə, cavabdehə borcunu yeni qrafik üzrə ödəməsi üçün şərait yarada biləcəklərini bildirmişdir.

19. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

29. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

30. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

33. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini cavabdehlərdən tutulan borcun məbləği ilə bağlı hissədə qətnamənin tam yoxlanılması təşkil edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qətnamədən şikayət verməsələr də, iddianın zaminlərə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və Cavabdeh2 şikayətinin dəlilləri qətnamənin onlara aid hissədə də (borcun məbləği ilə bağlı) yoxlanılmasını zəruri edir. Nəzərə alınmalıdır ki, müvafiq icraat barədə lazımi qaydada məlumatlandırılmış zaminlər məhkəmə proseslərində iştirak etməmiş və əsas borclunun etiraf etdiyi borc məbləğinə dair öz etirazlarını bildirməmişlər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşmüş, lakin Cavabdeh2 onun tələbini etiraf etməklə, iddiaçını sübutetmə yükündən azad etmişdir.

48. Cavabdeh2 iddianı etiraf etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən haqlı olaraq qəbul edilmişdir və apellyasiya şikayətində irəli sürülən arqumentlər formal mülahizələrdən başqa bir şey deyildir.

49. Şikayətdə irəli sürülənlərin formal olduğunu apellyator apellyasiya baxışı zamanı özü də etiraf etdiyindən, kollegiya həmin arqumentlərə münasibət bildirməyi zəruri hesab etmir. Borcun hissə-hissə ödənilməsinə icazə verilməsi məsələsinə isə müvafiq müraciət olduğu təqdirdə səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3664/2023 saylı iş üzrə 26 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2022-ci il tarixli 309 saylı kredit müqaviləsi üzrə əsas borca görə 14 837,15 manat, faiz borcuna görə 957,42 manat, dövlət rüsumuna görə 136,33 manat olmaqla cəmi 15 930,9 manatın “X8” Bakı Filialının xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar